Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:57

Hələ bizim ömrümüz indi-indi başlayır


Kamran Nəzirli
Kamran Nəzirli

- "Kişi heyrətləndi, bir qədər də duruxdu; ilk dəfəydi ki, arvadından romantik sözlər eşidirdi. Zarafat deyil, əlli il ötüb."

Kamran Nəzirli

Başımın altına yastıq qoy

(hekayə)

Açıq pəncərədən içəri yay havası dolurdu. Bürküdən yarımqaranlıq otaqda ağcaqanadlar da keyləşmişdi. Uçmurdular.

Qadın dalğın-dalğın qaralmaqda olan havanı könülsüz çiyərlərinə çəkirdi. Deyəsən, darıxırdı.

Birdən nə düşündüsə, yerindən qalxdı, hıqqıldaya-hıqqıldaya pəncərəyə tərəf yeridi. Elə bil çiyinlərində əlli ilin yükünü daşıyırdı. Nəfəsini dərdi. Yorğun gözləriylə həyətə baxdı.

Qoca tut ağacının altında cavan qızla oğlan şirin-şirin dondurma yeyirdi. Görünür, nişanlıydılar, hərdən bir-birləri ilə pıçıdaşırdılar.

Ay göründü. Qadın "ah" çəkdi, sonra qəflətən dönüb çarpayıda oyan-buyana vurnuxan ərinə dedi:

- Məmmədxan, yadındadı, bir vaxtlar deyirdin ki, dünyanı sənə bağışlayacağam... Ay nə bilim, sənin üçün hər gün dondurma alacağam... hər şey alacağam... Elə gözəl danışırdın ki, hansı qız olsaydı dərhal ağzının suyu axardı...

Kişi heyrətləndi, bir qədər də duruxdu; ilk dəfəydi ki, arvadından romantik sözlər eşidirdi. Zarafat deyil, əlli il ötüb.

"Zalım qızı hər şeyi yadında saxlayıb. Öz yaddaşı isə tamam korşalıb. Arvad ki arvad!.."

Kişi dirsəkləndi, düşünürdü, bilmirdi nə cavab versin. Sonra heç nə olmamış kimi:

- Əlbəttə, - dedi,- yadımdadı. Demişəm, sözümün üstündə də duracağam...

- Haçan? - elə bil arvadın həyat eşqi öləzimiş gözlərinə işıq gəldi, parıldadı, çarpayıya tərəf gəlib kişisinin böyründə oturdu. Amma yenə könülsüz əlavə etdi:

- Bir ayağımız burda, bir ayağımız gorda...

- Əzizim, gülüm, bir danəm, hələ bizim ömrümüz indi-indi başlayır...

- Yəni, deyirsən... aramızda heç nə olmayıb? - bu dəfə arvadın ürəyi çırpınmağa başladı, elə bil təzə gəlin idi, bəy otağına gəlib, bir azdan qadın olacaq...

Kişi özünü sındırmadı, arvadının ovqatı və duyğusu ona tanış gəlirdi. Cəld ayağa durdu, qətiyyətlə qapıya sarı getdi, qapını içəridən bağladı. Sonra pəncərəni örtərək ucadan dedi:

- Balışı ver bəri, indi də mən qoyum başımın altına. Belimi bir az ovxala, sənə dondurma alacam...

Qadın uşaq kimi sevinirdi.

Mərdəkan, 19 iyun, 2015-ci il

XS
SM
MD
LG