Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:45

Xədicə İsmayılova yüksək azadlıq mükafatı aldı- [video]


Bu ilin əvvəlində Xədicə İsmayıla PEN təşkilatının mükafatı verilərkən təqdim edilən karikaturalardan biri.
Bu ilin əvvəlində Xədicə İsmayıla PEN təşkilatının mükafatı verilərkən təqdim edilən karikaturalardan biri.

Beynəlxalq jurnalistikada böyük nüfuza malik ABŞ Milli Mətbuat Klubu tanınmış təhqiqat jurnalisti Xədicə İsmayılovanı özünün ən yüksək mətbuat azadlığı mükafatı ilə təltif edib.

Beynəlxalq jurnalistikada böyük nüfuza malik ABŞ Milli Mətbuat Klubu (National Press Club) Azərbaycanın tanınmış təhqiqat jurnalisti və AzadlıqRadiosunun yazarı Xədicə İsmayılovanı özünün ən yüksək mətbuat azadlığı mükafatı - John Aubuchon mükafatı ilə təltif edib.

Yeddi aydan artıqdır ki, Azərbaycan hakimiyyəti tərəfindən, bir çox beynəxalq təşkilatların qondarma hesab etdiyi ittihamlarla məhbus edilmiş jurnalistin adından mükafatı AzadlıqRadiosunun baş redaktoru Nenad Pejic qəbul edib.

Vaşinqtonda keçirilən təltif mərasimində cənab Pejic deyib ki, “Xədicə öz jurnalistikasına görə bu gün məhbəsdədir”.

Bu mükafat əqidənin təsdiqidir

“Bu mükafat onun igidlik və əqidəsinin təsdiqidir, lakin bu həm də, bu gecə bizim hamımıza onun həbsinin pislənməsi və ona azadlıq verilməsi tələbilə səsimizi ucaltmağımız üçün çağırışdır” – deyib Nenad Pejic. O daha sonra sözünə belə davam edib:

“Bəziləri deyə bilərlər ki, Xədicə real həyatda təcrübədən çıxmayan və yalnız kitablarda olan sadəlövh jurnalistika ilə məşğul olub. Lakin o, Azərbaycan həbsxanasında sadəlövh olduğuna görə məhbus edilməyib. O öz prinsiplərinə sədaqətlə yaşamasının, fövqəladə, təsirli jurnalistika yaratmasının bədəlini ödəyir”.

“O lap əvvəldə təhdidli telefon zəngləri, yaxınlarına edilən iyrənc hədələrlə üzləşmişdi. Dostları ona deyirdilər ki, bir müddət sakit dayan. O razılaşmırdı. Öz sözünə sədaqətli Xədicə məqalələrini yazmaqda davam edirdi. O “toxunulmaz” mövzulardan yan keçməklə həyatını asanlaşdırmır, Azərbaycanda korrupsiyanı faş edən yazılarını dərc edirdi”.

AzadlıqRadiosunun redaktoru Nenad Pejic Xədicə İsmayılovanın mükafatını qəbul edib
AzadlıqRadiosunun redaktoru Nenad Pejic Xədicə İsmayılovanın mükafatını qəbul edib

“Mən bilirdim ki, həbs oluna bilərəm - deyirdi Xədicə 2014-cü ilin oktyabrında, - Əgər bu baş verəcəksə, qoy olsun. Mən hazıram” – deyə xatırlayıb AzadlıqRadiosunun baş redaktoru.

“Xədicə kompromisi qəbul etmirdi. 2012-ci ilin martında Xədicənin intim və qanunsuz üsullarla əldə edilmiş açıq-saçıq videosu internetdə peyda olanda, hakimiyyətin hansı qərarı qəbul etdiyi aydın olmuşdu.

Həqiqəti söyləmək qəhrəmanlığı

“Özü üçün mümkün aşkar nəticələrə baxmayaraq o mətbuat konfransı təşkil etdi, həmin videonu göstərdi və hamıya elan etdi – “Məni heç kim susdura bilməz”.

“Azərbaycan hakimiyyəti onun məqalələrini görməməzliyə vura və ya onun təhqiqatlarını sual altına ala bilərdi. Amma burada sual ediləcək heç nə yoxdu: faktlar hər şeyi deyirdi. İndi onların seçimi aydın idi – Xədicəni nəyin bahasına olursa olsun susdurmaq”.

Biz həqiqətin həyat norması olduğu, həqiqəti söyləməyin igidlik tələb etmədiyi yeni reallıq qurmalıyıq. Bəli bunun bədəli var. Amma buna dəyər!

“Ötən dekabrda həbs olunduqdan sonra, Xədicə AzadlıqRadiosundakı həmkarlarına yazmışdı: “Həbslər və məhdudiyyətlər bizim həqiqəti söyləmək missiyamızın bir hissəsidir. Mənim həbsim bir daha sübut edir ki, dəyişikliyə nail olmaq mühümdür: Biz həqiqətin həyat norması olduğu, həqiqəti söyləməyin igidlik tələb etmədiyi yeni reallıq qurmalıyıq. Bəli bunun bədəli var. Amma buna dəyər!”

“5 gün əvvəl, iyulun 24-də Bakıda Xədicənin məhkəməsi başlanıb. İlk dinləmə Xədicənin işi ilə əlaqəsi olmayan adamlarla doldurulmuş kiçicik məhkəmə otağında keçirilib. Onlarca jurnalist, fəal və ailə üzvü qapı arxasında qalıb”.

Prezidentin düşməni

AzadlıqRadiosunun baş redaktoru Xədicə İsmayılovanın məhkəmədəki çıxışından da söz açıb:

Washington Post qəzetinin müxbiri Jason Rezaian da mükafata layiq görülüb
Washington Post qəzetinin müxbiri Jason Rezaian da mükafata layiq görülüb

“İlham Əliyev məni şəxsi düşmənçiliyinə görə həbs etdirib. O məni jurnalist fəaliyyətimə mane olmaq üçün məhbus edib. Lakin hətta mən burada olsam da, həmkarlarım öz təhqiqatlarını davam etdirilər…Mənim həbsimin arxasında duran əsas məqsəd İlham Əliyevin və onun ailəsinin qanunsuz biznesinə dair təhqiqatıma mane olmaqdır”.

“Xədicə İsmayılova öz seçimini etmişdi: O öz azadlığını uca tutduğu jurnalist prinsiplərinə qurban vermək qərarına gəlmişdi”.

Daha sonra Nenad Pejic ötən il AzadlıqRadiosunun Bakı bürosuna edimiş polis basqınından danışıb:

“Xədicənin həbsindən üç həftə sonra, 2014-cü il, dekabrın 26-da AzadlıqRadiosunun Bakı ofisi müstəntiqlər və silahlı polis tərəfindən reyd edilərək qapadıldı. Onlar işçiləri bir otağa dolduraraq şirkətin seyfini sındırdılar, sənədləri və rəsmi möhürləri müsadirə etdilər. Həmin reyddən başlanan 6 aylıq istintaqdan sonra onlar heç tapmayıblar”.

Susdura bilməyəcəklər

“Mən fəxr edirəm ki, AzadlıqRadiosunun baş redaktoru və baş direktoru əvəziyəm, - deyib Pejic, - Bu radio öz sərt təhqiqatlarını apara bilmələri üçün Xədicə kimi jurnalistlərə meydan verir. Bu radionun Balkan xidmətinin əməkdaşları etnik baxımdan bölünmüş ölkədə dialoq qururlar, Ukrayna jurnalistləri işğal edilmiş Krımdan reportaj vermək üçün “təxəllüs”lə yazırlar, bizim Əfqan xidmətimiz ucqar kənddən 24 səhifəlik təşəkkür məktubu alır. Bizim auditoriyamız şərqi Ukraynada baş verənlərə dair Kremlin təbliğatını alt-üst edən faktları eşidir”.

Mənim həbsimin arxasında duran əsas məqsəd İlham Əliyevin və onun ailəsinin qanunsuz biznesinə dair təhqiqatıma mane olmaqdır

“Biz Xədicənin işini davam etdirə bilərik və bunu etməliyik, suallar verməkdə, korrupsiya və yalanı ifşa etməkdə davam etməliyik. Xədicənin nümunəsi bizim jurnalistlərimizlə dərindən səsləşir. Onlardan bir çoxu belə nifrətlə üzləşib, bəziləri həyatlarını itiriblər. Bir çox rejimlər və ekstremist qruplar AzadlıqRadiosunu susdurmağa çalışıblar, lakin bunu heç kim bacarmayacaq”.

“Mən Xədicə İsmayılovanı mükafatlandırdığınıza və onun işinin mühümlüynə qiymət verdiyinizə görə sizə təşəkkür edirəm. Lakin biz həm də ona kömək etməliyik”.

“Biz jurnalistik, - deyib baş redaktor, - Biz Azərbaycan hakimiyyətindən və beynəlxalq qurumlardan məsuliyyət tələb etmək üçün səslərimizi ucalda bilərik. Xədicə qəhrəmanlıq edib, lakin o, jurnalist işini gördüyü – sual verdiyi, təhqiqat apardığı və informasiya verdiyinə görə məhbəsdədir”.

Azad sözün məhbusları

“O və Jason Rezaian siyasi motivli ədliyyə proseslərinin qurbanıdırlar. Bu mükafat göstərir ki, onlar unudulmayıblar. Lakin biz bununla həm də dünya boyunca hökumətlərə göstərməliyik ki, onlar sadəcə olaraq öz işlərini gördüklərinə görə günahsız adamları məhbəsə atırlar. BMT Baş Assambleyasının 70-ci sessiyası bizə qanunsuz hərəkətlər barədə danışmaq fürsəti verir”.

Nenad Pejic: Mən təəssüflənirəm ki, o bu gün bu mükafatı şəxsən almaq üçün burada deyil. Lakin mən əminəm ki, bir gün o burada, sizin qarşınızda dayanacaq. O bu haqqı qazanıb

“Vaxt gələcək, Xədicə zəfər çalacaq. Və o bu qələbə üçün hansı bədəlin ödəndiyini hamıdan yaxşı başa düşür. Həbsxanada olarkən PEN Amerika Mərkəzindən, İsveç Mətbuat Klubundan və bu gün Milli Mətbuat Klubundan aldığı mükafatlar ona möhkəm olmaqda kömək edir”.

“Mən təəssüflənirəm ki, o bu gün bu mükafatı şəxsən almaq üçün burada deyil. Lakin mən əminəm ki, bir gün o burada, sizin qarşınızda dayanacaq. O bu haqqı qazanıb” – deyib Pejic təltif mərasimində.

Amerikanın Milli Mətbuat Klubu hər il azad mətbuatın dəyərləri uğrunda mübarizəni təcəssüm etdirən jurnalistləri və başqalarını John Aubuchon Mətbuat Azadlığı mükafatı ilə təltif edir.

2015-ci ilin digər mükafatçıları 2012-ci ildən bəri Suriyada həbsxanada olan Austin Tice və bir ildən çoxdur ki, İran həbsxanasında saxlanan Washington Post müxbiri Jason Rezaian-dır.

Onlara qarşı da ittihamların siyasi motivli olduğuna inanılır.

Xədicə İsmayılovaya gəlincə isə, onun məhkəməsi avqustun 7-də davam etdiriləcək.

Onun həbsi və araşdırmaları barədə BU SƏHİFƏDƏ ətraflı oxu.

XS
SM
MD
LG