Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:26

Sakinlər bu yola ad qoyub: «əcəl şosesi»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Bu yolu çəkəndə işıq dirəkləri də qoyublar. Ancaq, deyəsən, dirəklərdəki naqillərə elektrik enerjisi buraxmağı unudublar».

Hökməli sakinləri Sulutəpə-Hökməli yolunun zülmətindən çıxmaq istəyir. Qəsəbə sakini Fəxrəddin Eyvazlı deyir, bu yolda baş verən faciələrdən cana doyublar. Hələ sakinlər öz aralarında bu yola ad da veriblər – «əcəl şosesi».

HAMININ YADINDAN ÇIXIB

Bu yol Bakı-Şamaxı yolunun Sulutəpə-Hökməli qəsəbələrinin ərazisinə düşən hissəsidir. Neçə ildir ki, piyadalar bu yolu canını dişinə tutub keçir:

«Allah ümidinə keçirik yolu... Hələ biri heyvan keçirmək istəyəndə vəziyyət lap çətinləşir. Bu yolda o qədər insan, heyvan məhv olub ki...».

Fəxrəddin Eyvazlı deyir, vaxtilə yolu çəkib pəhə-pəhlə kənarında yaşıllaşdırma da salıblar. Bircə işıqlandırma yaddan çıxıb:

«Bu yol, deyəsən, hamının yadından çıxıb. Xərc çəkib yol çəkiblər, ancaq insanların mənzil başına təhlükəsiz çatmasını təmin etməyiblər».

AYDA AZI 3-4 ADAMI MAŞIN VURUR

Sulutəpə sakini İbrahim Məmmədli isə yolun sulutəpəlilər üçün yaratdığı əngəllərdən danışır:

«Yağışlı havalarda işimiz daha çətin olur. Həyatımıza təhlükə birə beş artır. Çünki yol sürüşkən olur. Nə yerüstü keçid var, nə də işıq... Bu yol yalnız ona hesablanıb ki, biri ölsün, biri həbsxanaya düşsün... Ayda azı 3-4 adamı maşın vurur. Hər qəza iki və daha çox ailənin bədbəxt olması deməkdir. Kimsə məsuliyyətsizlik edir, yolun işıqlandırılmasını təmin etmir, cəzasını həm vuran, həm də vurulan tərəf çəkir. Keçid yox, işıq yox...».

Həm piyadaların, həm də sürücülərin istədiyi odur ki, yolda həm yerüstü keçidlər, həm heyvan keçidi, həm də işıqlandırma olsun.

İbrahim Məmmədli özü sürücüdür, qardaşı elə bu yolda 1-ci qrup əlilə çevrilib:

«100-150 metrdən bir zolaq çəkiblər. Ancaq işarə qoymayıblar. Qardaşım Mirdaməti qışda axşam vaxtı işdən gələndə elə həmin zolaqda maşın vurdu. 24 yaşında ömürlük əlil arabasına oturdu».

MƏSƏLƏ AİDİYYATI QURUMLARA ÇATDIRILIB

Sulutəpənin başqa sakini Lütfəli Salmanov:

«Binəqədinin icra hakimiyyəti yolları abadlaşdırır, işlər gedir, görülən işin üstündən xətt çəkmək də insafsızlıq olar. Ancaq bu məsələ də həyati məsələdir. Hər zülmətli yol neçə-neçə insanın həyatının üstündən xətt çəkir».

Yolun həmin hissəsi Binəqədi rayon ərazisinə düşür. Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan məsələlərin həlli qurumun vəzifəsinə daxil deyil. Ancaq problem aidiyyəti qurumlara çatdırılıb.

Sulutəpəlilər, hökməlilər, bir də Şamaxıya yolu düşənlər zülmətdən işıqlı yola çıxacaqları günü səbirsizliklə gözləyirlər. Bu işıqlı günə isə onları yalnız Bakı şəhər İcra Hakimiyyəti çatdıra bilər.

XS
SM
MD
LG