Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37

Yanına su nasosu qoyulan məzarlar


arxiv foto
arxiv foto

“Atamın qəbrinin yanında su nasosu quraşdırmışam. Başqa əlac yox idi, qəbirdən nə qədər su çəkmişik. Yayda bir az quraqlıqdır deyə, su azalır, ancaq üzü yağışa yenə vəziyyət biabırçılıq olacaq”.

Bunu Bülbülə sakini Sadıq Məmmədov deyir. Onun sözlərinə görə, qəsəbədə yeni salınmış “təzə qəbiristanlıq” kimi tanınan məzarlığı tez-tez su basır. Onun kimi başqa sakinlər də əzizlərinin məzarlarını yay-qış nəzarətdə saxlamaq məcburiyyətindədilər.

“ATAMI BASDIRANDA BELƏ PROBLEM YOX İDİ”

Sadıq Məmmədov deyir, problem may ayından yaranıb:

“Atamı 1 ildir dəfn etmişik, heç vaxt belə şey görməmişdik. Mayda atamın qəbrindən başqa daha bir neçə qəbir də suyun altında qalmışdı. Adamlar gətirib nasos qoşub suyu çəkdilər. Düzdür, quraqlığa görə indi su quruyub, ancaq mənbənin qarşısı alınmayıb. Gələn aydan yağışlar başlayan kimi yenə nasosla su çəkməli olacağıq”.

Bülbülə sakinləri qəbiristanlığı basan suyun qrunt suları olduğunu deyirlər.

Başqa sakin Nağı Nağıyev məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdiklərini bildirir:

“Gəldilər, baxış keçirtdilər, gah dedilər “qəbiristanlığın yanındakı daş sexindən axan sudur”, gah dedilər, “ətrafdakı evlərin çirkli sularıdır, axıdılır”... Ancaq boş söhbətlərdir, kor-kor, gör-gör, bu su yerin altından çıxır. Bir çarəsini etməlidilər”.

VEDRƏYLƏ QƏBİRDƏN SU DAŞIMAQLA İŞ BİTMİR

Sakinlər təklif edirlər ki, qəbiristanlıq ətrafındakı yeraltı ərazilərə su nasosları və borular qoşulsun ki, yerin altından çıxan qrunt suları borularla axıb getsin.

Nağı Nağıyev: “Şəxsən mənim əlimdən ancaq o gəlir ki, qardaşımın qəbrinə su gəldikcə vedrə-vedrə daşıyım atım. Ancaq bununla iş bitmir axı... Mən bütün payız-qış aylarını qəbiristanlıqda qəbir güdməli deyiləm axı... Bu iş geniş şəkildə görülməlidir, qarşısı həmişəlik alınmalıdır. Bu da bizlik deyil."

Suraxanı rayon icra hakimiyyətindən bildiriblər ki, qəbiristanlığa bir dəfə FHN mütəxəssisləri tərəfindən baxış keçirilib. Suyun mənbəyi araşdırılır və problemin qarşısının alınması üçün tədbirlər görülür.

XS
SM
MD
LG