Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:43

Bazar dollarlaşır?


Manat, dollar arxiv fotosu
Manat, dollar arxiv fotosu

Ötən 6 ayda valyuta bazarında əməliyyatın az qala 90 faizi ABŞ dolları ilə aparılıb. Yəni, bütün hesablaşmalar, alqı-satqı və digər əməliyyatlar ancaq dollarla edilib. Avro, manat və digər valyutalarla əməliyyatların hamısı birlikdə 10 faiz olub.

Bu haqda Mərkəzi Bankın 2015-ci ilin 6 ayının yekunlarına dair pul siyasətinin təlilinin icmalında deyilir.

Əslində iqtisadçılar, özəlliklə, bu ilin fervalında manatın devalvasiyasından sonra bazarın dollarlaşdığını deyirdilər.

ƏMLAK BAZARINDA 14 FAİZLİK ARTIM…

Bundan başqa manat ucuzlaşandan sonra bəzi məhsullar, xidmət və ərzaq, eləcə də daşınar və daşınmaz əmlak dollara paralel olaraq, bahalandı.

Bir nümunə. Əmlak bazarında qiymətlər ollara paralel qalxdı. «NBA Consulting Group»un rəhbəri Nüsrət İbrahimov deyir, bu ilin fevralında dolların manata nəzərən 35 faiz bahalaşmasından sonra mənzil satanlar da manatla olan qiymətləri dolların yeni məzənnəsinə uyğunlaşdırmağa başladılar və nəticədə manatla olan qiymətlər təqribən 14 faiz bahalaşdı.

MƏRKƏZİ BANKIN MƏNFƏTİ 5 DƏFƏ AZALIB…

Mərkəzi Bankın pul siyasəti haqda icmalından seçmələr:

· 2015-ci ilin 1-ci yarısında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb.

· 2014-cü illə müqayisədə bu il ABŞ dolları ilə əməliyyatların həcmi 2 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2.3 dəfə çoxalıb.

· Bu dövrdə ticarət balansının müsbət saldosu 5 dəfəyədək azalıb. (Yəni, mənfəəti 5 dəfə azalıb).

STRATEGİYASIZ TAKTİKA VƏ NƏTİCƏ…

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

İqtisadçı Qubad İbadoğlu öz facebook hesabında bu təhlil haqda fikirlərini yazıb. Qubad İbadoğlunun fikrincə, Mərkəzi Bank dəyişən rejimdə yeni strategiya qura bilməyib:

“Mərkəzi Bank 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərində məzənnə rejimini əsasən dəyişməz saxlayacağını bəyan edir. Amma hələki buna müvəffəq ola bilməyib. Ona görə də Mərkəzi Bankın son dövrlər reallaşdırdığı tədbirlər strategiyasız taktikalardır”.

MƏZƏNNƏ SİYASƏTİNƏ YENİDƏN BAXILMALIDIR…

Qubad İbadoğlu bildirir ki, Mərkəzi Bank inzibatı əsaslara söykənən köhnə məzənnə siyasəti ilə əvvəllər aparılan əməliyyatları təkrar edir. İqtisadçının fikrincə, ölkədə bank sektorunun maliyyə dərinliyinin artırılması, faiz dərəcələrinin aşağı salınması və onun iqtisadi artımda daha effektiv iştirakının stimullaşdırılması istiqamətindəki işlər heç bir səmərə vermir:

“Odur ki, Mərkəzi Bankı 2015-ci ilin son rübü üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatına yenidən baxmağa və hazırkı situasiyada bazar elementlərinin də rol aldığı yeni məzənnə siyasətinə keçidi təmin etməyə çağırıram. Əks təqdirdə manatın məzənnəsinin sabitliyinə təhlükələr artacaq və milli valyutanın sabitliyi üçün risklərin minimallaşdırılmasınına nail oluna bilməyəcək”.

"Report" informasiya agentliyinin bank dairələrinə istinadən verdiyi xəbərə görə, 4 iş günü ərzində (avqustun 20-21-də və 24-25-də) AMB banklararası valyuta bazarında kommersiya banklarına toplam olaraq 893 mln. dollar həcmində valyuta kütləsi satıb. Bu, kommersiya banklarının ABŞ dollarına olan gündəlik tələbatının artması ilə bağlıdır.

Bu isə göstərir ki, Mərkəzi Bank manatın 34 faizlik devalvasiyasından sonra da maliyyə bazarına müdaxilə etməkdə davam edir.

XS
SM
MD
LG