Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:47

REAL seçkilərə 23 namizədlə gedir


Natiq Cəfərli
Natiq Cəfərli

-

Respublikaçı Alternativ (REAL) Hərəkatı 1 noyabr parlament seçkiləri ilə bağlı namizədlərinin siyahısını açıqlayıb.

Bu barədə təşkilatın icra katibi Natiq Cəfərli sentyabrın 2-də keçirdiyi mətbuat konfransında bildirib.

REAL seçkilərdə iştirak üçün 23 deputatlığa namizəd irəli sürəcək.

Həmin namizədlərdən 17-si REAL-ın, 6-sı isə başqa təşkilatların üzvləridir.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən REAL-ın icra katibi Natiq Cəfərlinin, 16 saylı Yasamal ikinci seçki dairəsindən hərəkatın İdarə Heyətinin üzvü Erkin Qədirlinin, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlının namizədliyi irəli sürülüb.

Natiq Cəfərli deyib ki, REAL seçkilərdə iştirak etməklə ölkədəki problemləri cəmiyyətin diqqətinə çatdırmaq niyyətindədir:

«Məqsədimiz bu seçkilərdə bizə verilən fürsətdən istifadə edərək insanlarla təmas qurmaq və ölkədəki problemləri cəmiyyətin diqqətinə çatdırmaqdır. Buna görə də əsas hədəfimiz seçkidə iştirak etməkdir».

Natiq Cəfərli namizədlər siyahısına əlavələr olunacağını istisna etməyib.

REAL-ın sədri İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

Azərbaycanda parlament seçkisi noyabrın 1-dədir.

XS
SM
MD
LG