Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:49

Dostları heyvan qadın


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

...O qadın heç tövrünü pozmadan, başını aşağı salıb dostlarının yemlənmə vaxtını gözləyir və bunun üçün yaşayır...

Ramin Deko

(AzadlıqRadiosu üçün)

DOSTLARI HEYVAN QADIN...

Yan-yörə toz-tozanaq, hava da bürkülü... Pis qoxu adamın burun pərlərini dəlib-deşir və ağ ciyərlərinə dolur.

Öyümək istəyirsən, özünü güclə saxlayırsan. Ürək bulantısından qurtulmaq üçün bir az aralıdakı əliqabarlı və qan damarları pırtlamış qadından limon alıb, mədənə ötürməlisən.

O biri qadınsa hamıdan fərqlidir - heç kimə və heç nəyə fikir vermədən, səssiz-səmirsiz, həmişə dayandığı yerdə - üzü axına qarşı durub.

Nə qoxu hiss edir, nə də insanlardan ürkür. Başını aşağı salaraq, saatlarla qızmar günün altında dayanır. Günəş düz təpəsinə döyür. Ağ saçları elə parıldayır ki, sanki ən yüksək əyarlı qızıldır...

Dilənçi qadını deyirəm. Düzdür, əl açıb kimsədən pul umduğunu görməzsən. Könlüaçıq, ürəyi yanan varsa, cibindəki qəpik-quruşu onun neft buruqları kimi çıxıntılı damarları olan ovcuna qoyur. O da, təşəkkür əvəzi, başını yuxarı qaldırır. Heç bir söz demir...

Yayın istisi adamı dilini ağzından çıxarmağa vadar etdiyi halda o, qat-qat geyinib. Varı da, yoxu da əynindəki paltarlar və yanındakı balaca çantadır... Dostları, həmsöhbəti, sirdaşı da var - göyərçinlər, pişiklər və itlər!..

...Hər gün sahibsiz heyvanları yemləyir. Onu dilənçi sanıb verilən pulların çoxu “dost”larının yeminə gedir. Bundan zövq aldığı ap-açıq...

...Kim nə deyir-desin, o bu aləmin ən məşhur adamıdır. Yaxınlıqdakı kafe və barlara üz tutan əcnəbilər də onu görüncə, ayaq saxlayır, bir-iki dəqiqəlik də olsa, seyrinə dalırlar... O, yəni o qadınsa tövrünü pozmadan, başını aşağı salaraq heyvanların yemlənmə zamanını gözləyir...

Başı aşağı, qaməti dik...

İnsanların dərdini dinləməkdən xoşhal deyil. O, gülərüz və həyata nikbin baxanlarla dostluq etməyi sevir. Kimsəsizlər evində belələri olmadığı üçün, hamı dərd, qan ağladığına görə qaçıb.

Tək-tənhadır. Bir müddət kimsəsizlər evində yaşayıb. Danışmağa adam tapmadığı üçün gedibmiş. Ancaq oralar qəlbini sıxıb. Neyləsin-neyləməsin, indi dayandığı yerə pənah gətirib...

...Dönüşünün səbəbini insanların dərdli olmasıyla izah edir. İnsanların dərdini dinləməkdən xoşhal deyil. O, gülərüz və həyata nikbin baxanlarla dostluq etməyi sevir. Kimsəsizlər evində belələri olmadığı üçün, hamı dərd, qan ağladığına görə qaçıb. Şəhərin düz göbəyində, bəlkə də min il öncə təmir olunan 3 otaqlı evində yaşayır. Həmin mənzil atasından yadigar qalıb. Valideynlərini erkən itirib. Dəqiq tarixini xatırlamır. Atası müharibədə, anası da avtomobil qəzasında dünyasını dəyişib.

Sovet dönəmində hökumətin verdiyi müavinətlə dolanırmış, indisə insanların ümidinə qalıb. Ancaq yenə həyatsevər və məğrurdur. Başıaşağı, amma dikqamətdir...

Onu hamı tanıyır

Dünyadan xəbərsizdir. Hansı dövrdə yaşadığının fərqində deyil. Hətta bilsə belə, yəqin maraqsız gələr ona. Özü və ətrafında dolanan heyvanlar üçün yaşayır.

Hər gün pilləkənlərlə bir neçə dəfə aşağı enib mağazalardan yem alır. Satıcılar da onu tanıyırlar. Dükana daxil olunca, lazım olan məhsulları özü qoyubmuş kimi vitrindən götürür, ödəniş piştaxtasına yaxınlaşıb, pulunu verir. Ayıq-sayıq və şübhəli baxışlarını gizləməyə çalışan mühafizəçilər onu nə içəri girəndə, nə də çıxanda yoxlayırlar. Sanki bu adambezdirən mühafizəçilərin ən inanıb-güvəndiyi adam elə bu qadınmış...

Onun tanıdığı dünya elə böyük deyil - Sibirdən Bakıya qədərdir. Çünki bu yerləri dolaşıb, bu yerləri tanıyıb. Getmədiyi yerlərin varlığına da inanmır. Ona ilin bütün fəsilləri də eyni gəlir. Yağış və boran, yayın isti-bürküsü, lap səmum yeli də onun nə tövrünü dəyişir, nə də geyimini.

Anası kimi ölmək istəmir

Gülümsəyəndə saçları qədər ağappaq və sağlam dişləri adamın gözünü qamaşdırır. Özü söyləməsə, yaşının çox olduğunu bilməzsən. Amma əllərinin qabarı və damarı insanın ürəyini ağrıdır.

Bir dəfə heyvanları yemləyib evə gedərkən, onu maşın vurub. Günah özündə olub. Anası kimi öləcəyini düşünüb. Ertəsi gün ayılanda sağını-solunu sarmış adamları görüb. Gözünü açınca, hamı yalvarmağa başlayıb. Dil-ağız ediblər, şikayətçi olmaması üçün yalvarıblar.

Gözlərində həyat eşqi var. Dünya durduqca yaşamaq istəyir. Tək sevmədiyi şey - havanın qaralmasıdır. Ayın günəşi əvəzləməsi ürəyincə deyil. Şər qarışanda içində bir burulğan əmələ gəlir. Yəqin, nə vaxtsa gözü qorxub...

...Bir dəfə heyvanları yemləyib evə gedərkən, onu maşın vurub. Günah özündə olub. Anası kimi öləcəyini düşünüb. Ertəsi gün ayılanda sağını-solunu sarmış adamları görüb. Gözünü açınca, hamı yalvarmağa başlayıb. Dil-ağız ediblər, şikayətçi olmaması üçün yalvarıblar. Sonradan məlum olub ki, onu maşınla vuran şəxs yaxın günlərdə yüksək vəzifəyə təyinat alacaqmış. Təsadüfi qəza o adamın karyerasını alt-üst edə bilərmiş. Biləndə ki kimsəsizdir, xəsarət yetirənin yaxınları həkimlərə görüm-baxım edərək onu xəstəxanada tək qoyublar.

Monoton həyat onu karıxdırmır

O, anası kimi ölməyi heç zaman arzulamayıb. Ya atası kimi dünyadan köçmək - müharibədə həlak olmaq, ya da yer kürəsi fırlandıqca yaşamaq istəyir.

Dolanmaq, bir tikə çörək tapmaq elə də müşkül məsələ deyil. Əsas olan heyvanlara yempulu tapmaqdır. O bunu bacarır...

Onun hər günü bir-birinin eynidir. Nə əsəbiləşir, nə həyəcanlanır, nə də... İş orasındadır ki, monoton həyat onu nə karıxdırır, nə qəlbini sıxır, nə də ürəyini bulandırır...

***

Onun dostları - pişikləri boz, itləri ağ, göyərçinləri qaradır. Kim yaxın dura bilər onlara? Olsa-olsa, uşaqlar! Uşaqlarla oynayan dostlarının kefi kökəlir... Başqa kimsə dostlarına yaxın dursa, yanında saxladığı yonulmuş tut çubuğundan zərbə yeyəcək...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG