Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Yaponlar tualetlərdə incəsənət festivalı keçirirlər


- Tualet otaqlarında ilk incəsənət sərgisi keçirilir. Yaponiyanın Oita şəhərində keçirilən bu sərginin adı belədir: Toilennale.

Tualetləri ənənəvi incəsənət biennalesindəki kimi art pavilyonlara çeviriblər.

Yaponiya dünyada ən yüksək texnologiyalı tualetlərə malik olmasıyla öyünən ölkədir. Bu ölkənin ictimai tualetləri o qədər təmiz, gözəl və qeyri-adidir ki, "TripAdvisor" kimi turist şəbəkələrində ora gedən hər turist bu faktı qabardır.

Sərginin keçirildiyi Oita şəhərində içərisi boş olan vaxt divarları şəffaflaşan, məşğul olanda içərisi görünməz olan tualetlər var.

Şəhər rəhbərliyinin təşkil etdiyi bu sərgidə isə 16 ictimai tualet art instalyasiyalarla bəzədilib. Müəlliflər yapon sənət adamlarıdır. Sərgi 23 sentyabra qədər davam edəcək.

Təşkilatçı Eisuke Sato Quartz dərgisinə deyib ki, Toilennale’nin məqsədi turizmi həvəsləndirmək, şəhəri incəsənət və tualetləri vasitəsilə tanıtmaqdır.

Əsərlərə gəlincə, bir tualetdə çoxlu çəhrayı şamlar alovlanmaqdadır, əsərin adı “Əriyən arzular”dır.

"Tualet oyuncaqları" adlı bir əsərdə tavandan işlənmiş oyuncaqlar sallanıb. Divarlara meşə rəsmləri çəkilmiş bir pavilyonun adı “Səyahət tualeti”dir və s.

Burada interaktiv emalatxanalar da keçirilir, bu emalatxanalar zamanı tualetlərdəki güzgülərdə və divarlarda tualet yazıları yazır - qraffiti çəkirlər.

Bu tualetlər həm də öz ilkin funksiyasına qulluq etdiyindən, bir neçə qayda da yazılıb divarlara: “Lütfən otaqlara girməzdən əvvəl qapını döyün,” “Lütfən buranın tualet olduğunu unutmayın. Yubananda düşünün ki, kimsə istifadə etmək istəyə bilər.”

Sonuncu elana riayət etmək çətindir. Məsələn, Tatsuo Majima‘nın əsəri unitazın yanına vurulmuş tabletdə modern incəsənət tarixi haqda 90 dəqiqəlik təkbətək mühazirədir.

Bu, Yaponiyada ilk tualet festivalı deyil. Yaponiyanın tualet aksessuarları istehsalçısı TOTO keçən il Yaponiyanın beynəlxalq hava limanında tualet qalereyası açmışdı. Orada tualet dizaynları nümayiş etdirilirdi.

Bəşəriyyət Duchamp’dan bu yana çox böyük yol keçib.

XS
SM
MD
LG