Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:48

"Yaz! Arif Məmmədov yadplanetlilərlə əməkdaşlıq edir"


Arif Məmmədov, 2014
Arif Məmmədov, 2014

►"Xarici İşlər Nazirliyini iflic vəziyyətinə gətirdilər”

"YARPAQ TÖKÜMÜ"

Azərbaycanın Avropadakı səfirliklərinin birində çalışan daha bir diplomatı siyasi sığınacaq xahişi ilə xarici ölkəyə müraciət edib.

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov AzadlıqRadiosuna müsahibəsində diplomatik korpusda “yarpaq tökümü”nün davam edəcəyini söyləyir.

Bəzi yerli mətbuat orqanları isə hədəfdə xarici işlər naziri Elmar Məmmədyarovun olduğunu yazır.

Bu nazirlik hakimiyyətdaxili qarşıdurmalarda adı az hallanan qurumlardan biri olub. Səfirlər mətbuata müsahibə verməkdə daha müstəqil davranıblar. Bu halda ölkənin xarici siyasət idarəsində nə baş verir?

“Modern.az” saytı Hesablama Palatasına istinadən yazır ki, bu il Azərbaycanın Belçika və Niderland Krallıqlarındakı səfirliklərinin, Avropa Şurası (Strasburq) və NATO yanında daimi nümayəndəliklərinin fəaliyyəti ilə bağlı audit tədbirləri həyata keçirilib. Avropa Şurası yanında nümayəndəliklə bağlı yoxlama materialları Baş Prokurorluğa göndərilib, digər iki nəzarət tədbiri üzrə isə Xarici İşlər Nazirliyinə müraciət edilib.

XİN-dəki təlatümə səbəb yalnız maliyyədirmi?

Buna da bax: Sumqayıt qatarında gedişhaqqı açıqlandı

"DİPLOMATİK KORPUSLA BAĞLI CİDDİ İŞ GÖRÜLMƏLİDİR"

Əli Həsənov
Əli Həsənov

Sentyabrın 14-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağı qəbul etdiyi tənqidi qətnamə ilə bağlı keçirilən tədbirdə diplomatik korpusda baş verənlərə toxunub:

“Əleyhimizə olan qətnamənin qəbuluna səs verən ölkələrə baxanda sual yaranır ki, Azərbaycanın bu ölkələrdəki səfirləri hansı işlərlə məşğuldur, səfirliklərə ayrılan vəsaitlər hara sərf olunur?”

Baş nazirin müavini bəyan edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı təcili tədbirlər görməli, Avropa Birliyi ölkələrindəki səfirlərindən hesab sormalı, diplomatik korpus barəsində ciddi tədbir görülməlidir.

BİR STATUSUN DALĞASI

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov mayın 19-da Bakıda baş vermiş, 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı öz fikirlərini bildirən status paylaşmasaydı diplomatik korpusa qarşı ittihamlar eşidilərdimi?

Arif Məmmədov AzadlıqRadiosuna müsahibəsində deyir ki, nə isə baş verirsə, demək ki, baş verməliymiş:

“İntellektual potensiala malik insanlar susa bilər, dözə bilər, amma hamı başa düşürdü ki, belə olmaz. Biri var, dünyagörüşü dar olan, ölkə daxilindən heç yerə çıxmayan, 24 saat AzTV-yə baxan və Qərbdə hər yerin dağıldığı barədə reportajlara baxan adamlar bəlkə nəyəsə inana bilərlər, “hə, bizdə pisdi, amma Avropada bizdən də pisdi,” deyə bilərlər. Biri də var Avropada çalışan azərbaycanlılar. Baxırlar ki, necə azad cəmiyyətdi, insanlar necə sadə yaşayır, nazirlər işə velosipedlə gedib-gəlirlər. Öz-özlərinə deyirlər ki, bizdə niyə belə deyil?”

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Arif Məmmədov deyir ki, Azərbaycan kimi rejimlərdə intellektual qüvvə aparıcı rol oynayır:

“Tarixdən də faktlar var ki, müasir, mütərəqqi ideyalar diplomatik korpuslardan çıxıb. Bu, normal haldır. Əgər hücumlar mənə təzyiqlərlə bitsəydi, yəqin ki, iş bu nöqtəyə gəlməzdi. Amma rejim o qədər eybəcərdi ki, gənc diplomatlara qarşı kampaniya davam etdi, onlara təzyiqlər başladı. Azərbaycanda olsaydılar, çağırıb qabaqlarına qələm-kağız qoyub deyəcəkdilər ki, “yaz, Arif Məmmədov başqa planetdən gələnlərlə əməkdaşlıq edir”. Xaricdə olan diplomat da başa düşür ki, Bakıya çağırırlarsa, ondan nə tələb edəcəklər. Ona görə də vəziyyəti görüb qiymətləndirib siyası sığınacaq istəməyə məcbur olub”.

Buna da bax: Azərbaycan Avronestdən çıxır

“ƏSƏB XƏRCLƏMƏK”

Müsahibimiz onu da əlavə edir ki, siyasi sığınacaq üçün müraciət edən diplomatlar da xarici ölkələrdən sığınacaq istəyən digər əcnəbilər kimi bütün prosesləri keçməlidirlər:

“Bir Somali qaçqını ilə sığınacaq istəyən diplomatın ilkin mərhələdə fərqi yoxdur. O, sübut etməlidir ki, ölkəsində həyatına təhlükə var. Bütün bunlar adamda əsəb oyadır, sinirlərini pozur. Amma bir neçə ay bu proseslərə davam gətirmək lazımdır”.

Arif Məmmədov deyir ki, Xarici İşlər Nazirliyi hər zaman hakimiyyətdaxili münaqişələrdən uzaq durmağa çalışıb, daha çox öz işi ilə məşğul olub:

“Amma Prezident Adminstrasiyasından təzyiqlər, nazirliyi nəzarətdə saxlamaq cəhdi, hətta tabeçiliyinə keçirmək istəyi həmişə hiss edilib. Təəssüf ki, bu məsələdən yararlanıb nazirliyi iflic vəziyyətinə gətirdilər”.

Keçmiş səfir deyir ki, əgər diplomatlara təzyiqlər davam edəcəksə, onda Avropa ölkələrindən siyasi sığınacaq istəyənlərin sayı artacaq.

“BÖHRAN DAHA DƏRİNDİR”

Ərəstun Oruclu
Ərəstun Oruclu

Politoloq Ərəstun Oruclu deyir ki, XİN-də yaranmış böhranın birbaşa səbəbi Arif Məmmədovun statusu deyil:

“Əlbəttə, bunun bir təsiri oldu, amma əslində böhran daha dərindir. Səbəblər çoxdur. Birincisi budur ki, hakimiyyətdaxili qarşıdurmalar var, görünür, kimlərsə Elmar Məmmədyarovu əvəzləmək fikrindədir. İkincisi, mən ölkədə qarışıqlıq olmasını istəyən xarici amilləri istisna eləmirəm. Digər səbəbi də Arif Məmmədovun statusuna və bunu bəyənənlərə qarşı olduqca qeyri-adekvat, qeyri-rasional yanaşmadır. Diplomatları geri çağırmağa başladılar. Bundan da əvvəl Arif Məmmədovla bağlı cinayət işi qaldırıldı. Bu da diplomatlarda qorxu yaratdı ki, çağırırlarsa, demək ki, işdən çıxaracaqlar, bəlkə hətta həbs edəcəklər. Bütün bunlar da böhranı dərinləşdirdi”.

Buna da bax: Hökumət idman xərclərini 2 dəfə artırdı [infoqrafika]

REAL Hərəkatının üzvü Erkin Qədirli də hesab edir ki, XİN-də baş verənlər hakimiyyətdaxili çəkişmələrin nəticəsidir:

“Hətta deputatlar arasında Elmar Məmmədyarovu istefaya getməyə çağıranlar var. Bu qurumda baş verənlər kənardan xoşagələn təsir bağışlamır. Kimlərsə baş verənləri korrupsiya faktları, kimlərsə də Arif Məmmədovla bağlayır. Həqiqət hardadı, bilmirik. Amma diplomatın siyası sığınacaq istəməsi heç də yaxşı hal deyil. Çünki onlar diplomatdılar, siyasətçi deyillər, normal halda onların siyasi mövqeləri olmamalıdır. Diplomatlar əgər hakimiyyət dəyişərsə və bu zaman yürüdülən siyasətlə razılaşmadıqda istefaya getməlidir. Amma ölkədən qaçmaq yaxşı hal deyil. Bilmirəm, onları nə ilə qorxudublar, onların arxasında gerçək təqiblər varmı, yoxsa fürsətdən istifadə edib xaricdəmi qalmaq istəyirlər? Bunları dəqiq bilmədən, baş verənləri şərh etmək çətindir”.

XS
SM
MD
LG