Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:48

«Moskvayla Bakı münaqişəni genişləndirə bilər»


Əliyev, Sarkisyan və Putin. Soçi, 10 avqust, 2014
Əliyev, Sarkisyan və Putin. Soçi, 10 avqust, 2014

-

«Bu dəyişikliklər son aylar diplomatik fəaliyyətin görünməmiş səviyyədə güclənməsi ilə müşayiət olunub... Bütün bu təsdiqlənməmiş məlumatlar belə deməyə əsas verir ki, tərəflər tezliklə status kvonu dəyişəcək plan hazırlayırlar»​

«Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələyə daxil olduğu görünür. Tərəflər son aylar hərbi təlimləri artırıb və Rusiya rəsmiləri ilə mütəmadi görüşlərə qatılıb. Bunlar da yerli mediada münaqişənin həllinin yaxınlaşmasına dair spekulyasiyalar yaradıb. Düzdür, iki ölkənin xarici işlər nazirləri BMT Baş Assambleyası çərçivəsində sentyabrın 24-25-də Nyu Yorkda görüşəcəklər. Ancaq, bu, həlledici məqam olmaya da bilər. Münaqişənin həlli Qafqaz regionunun bürümüş siyasi alyanslar və münasibətlər şəbəkəsini yenidən cızmağı tələb edəcək ki, bu da pozucu prosesə çevrilə bilər. Ukraynaya görə Rusiya və Qərb arasında gərginliyin davam etməsi 2014-cü ildən bəri regionda siyasi durumu dəyişib; Rusiya, Ermənistan və Azərbaycanda Dağlıq Qarabağda dəyişikliklər hazırlaya bilərlər».

«Stratfor» araşdırmalar mərkəzi Dağlıq Qarabağ münaqişəsinə dair növbəti təhlil dərc edib.

Qurum vurğulayır ki, münaqişənin trayektoriyası həmişə üç oyunçudan asılı olub: Ermənistan, Azərbaycan və Rusiyadan. Hər üçünün də fərli mövqeyi var. Ermənistan 1988-1994-cü illərdən qalib çıxıb, Azərbaycanın ərazisini işğal edib. Yerevan Dağlıq Qarabağ və yeddi ətraf rayonu de fakto nəzarətdə saxlamaq istəyir. Azərbaycan isə diplomatik, hətta hərbi yolla Dağlıq Qarabağı özünə qaytarmağa çalışır. Rusiyanın isə münaqişənin nəticəsində birbaşa marağı olmadığı üçün özünün Ermənistan və Azərbaycanda, eləcə də Qafqaz regionunda maraqlarını irəlilətmək naminə manipulyasiya ilə məşğul olub.

STATUS KVO DƏYİŞMƏYƏ BAŞLADI

2014-cü ilədək Moskvanın rəsmi mövqeyi neytral qalıb, hər iki tərəfi danışıqlara çağırıb. Ancaq qeyri-rəsmi şəkildə Ermənistanı dəstəkləyib. Azərbaycan isə Rusiya ilə müttəfiq olmamağı seçib, xarici əlaqələrini şaxələndirib, Rusiyanın nüfuzunu balanslaşdırmaq üçün Türkiyə və Qərblə yaxınlaşıb. Enerji resurslarından yararlanaraq iqtisadiyyatını və ordusunu gücləndirib. «Siyasi baxımdan Azərbaycan Dağlıq Qarabağın qaytarlmasını siyasi prioritet elan etsə də, Ermənistanın hərbi patronu olan Rusiyanın mövqeyindən çəkinərək ciddi atdım atmayıb».

Münaqişənin həllinə dair bir neçə mümkün ssenari irəli sürülüb. Birinci varianta görə, Ermənistan qüvvələri Dağlıq Qarabağ ərazisini çıxmaqla, bitişik yeddi rayondan çıxır...

«Stratfor» yazır ki, Kiyevdə Avromaydan hadisələri, Rusiya-Qərb qarşıdurmasından sonra status kvo dəyişdi. Rusiya Ermənistanın daha az etibarlı himayədarına çevrilməyə başladı. Azərbaycanın isə Qərb üçün dəyəri artdı, belə ki, Rusiyaya alternativ enerji mənbəyinə çevrilə bilərdi. Və 2014-cü ildən Azərbaycan cəbhə xəttində daha inamlı tədbirlər görməyə başladı ki, bu nə Ermənistan, nə də Rusiyanın qarşılıqlı cavabına səbəb olmadı.

«Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi yaxşılaşıb, Ermənistan və Rusiyanınkı isə zəifləyib», məqalədə deyilir.

Dağlıq Qarabağda mina sahələrinin xəritəsi (Stratfor.com - screenshoot)
Dağlıq Qarabağda mina sahələrinin xəritəsi (Stratfor.com - screenshoot)

«Bu dəyişikliklər son aylar diplomatik fəaliyyətin görünməmiş səviyyədə güclənməsi ilə müşayiət olunub. Rusiya və Azərbaycanın, eləcə də Ermənistanın siyasi və hərbi rəsmiləri bir neçə dəfə görüşüblər. Rusiyanın Azərbaycanda hərbi radar qurğusu tikəcəyi barədə məlumatlar yayılsa da, Moskva onları təkzib edib. Ermənistan və Azərbaycan mediası ciddi danışıqların getdiyini yazıb. Bütün bu təsdiqlənməmiş məlumatlar belə deməyə əsas verir ki, tərəflər tezliklə status kvonu dəyişəcək plan hazırlayırlar».

HANSI VARİANTLAR VAR?

«Münaqişənin həllinə dair bir neçə mümkün ssenari irəli sürülüb. Birinci varianta görə, Ermənistan qüvvələri Dağlıq Qarabağ ərazisini çıxmaqla, bitişik yeddi rayondan çıxır. Bu zaman erməni əsgərlərini Rusiya sülhməramlıları əvəzləyir. Bu, Rusiyanın nəzarəti altında beynəlxalq sülhməramlı qüvvələr də ola bilər. Ermənistan Dağlıq Qarabağ və Laçın dəhlizinə çıxışı saxlayır, ancaq bitişik rayonlarda yaşayan ermənilər Dağlıq Qarabağ və Ermənistana yerləşdirilir. Bu cür geriçəkilmə əvəzində Ermənistan iqtisadi və təhlükəsizlik bonusları qazanır. Buraya Rusiyadan maliyyə və hərbi yardım, Türkiyə və İran kimi regional oyunçularla sərhədlərin açılması və ticarətin asanlaşdırılması daxil ola bilər».

Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonası (stratfor.com - shreenshoot)
Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonası (stratfor.com - shreenshoot)

Məqalədə deyilir ki, bu variantın reallaşması yolunda saysız maneələr durur. Ermənistan belə bir nəticəyə qarşı çıxır, çünki Dağlıq Qarabağın status kvosunu saxlamaq istəyir. Ölkə daxilində Dağlıq Qarabağ üzrə hər hansı kompromis son dərəcə həssas məsələdir. Münaqişəyə son verməyə çalışan sonuncu prezident Levon Ter Petosyan olub ki, o da 1998-ci ildə devrilib… Hökumət böyük gərginlik içindədir – iqtisadiyyat zəifləyir, kommunal xərclər və inflyasiya artır. Dağlıq Qarabağ münaqişəsində güzəştlər indiki administrasiyanı hakimiyyətdən uzaqlaşdıra bilər. Yerevan o halda belə bir razılaşmaya gedər ki, başqa seçimi qalmasın, yaxud ictimaiyyətə satmaq üçün yetərli təminatı olsun.

«Rusiyanın da öz kriteriyaları var. Qafqazda indiki hakimiyyət balansı Rusiyaya əl verir: Ermənistanı təcrid durumunda, Rusiyadan asılı saxlayır, Azərbaycan və Gürcüstanın isə manevr imkanları məhduddur. Gürcüstan Avropa Birliyi və NATO ilə əlaqələri sıxlaşdırmağa çalışır. Qərb isə Azərbaycanı Transxəzər kimi Cənub Dəhlizi enerji layihələrində iştiraka həvəsləndirir. Rusiya anlayır ki, uzunmüddətli hakimiyyət balansı çox duruş gətirə bilməz. Moskvanın Azərbaycanla işləməsi, status kvonun dəyişdirilməsi üçün ciddi təsir bağışlayan danışıqlar da bununla bağlıdır. Rusiya götür-qoy edir ki, münaqişənin dəyişməsi qaçılmazdırsa, danışıqlarda əsas rol oynasın. Təsadüfi deyil ki, Azərbaycan ATƏT-in vasitəçilik etdiyi, ABŞ-ın da daxil olduğu prosesə getdikcə daha çox müqavimət göstərir. Əvəzində, Bakı Rusiya ilə ikitərəfli danışıqlara girişib».

«Stratfor» vurğulayır ki, istənilən həll prosesi Türkiyə və İran kimi regional oyunçulara da təsir göstərəcək. Türkiyə 2009-cu ildə Ermənistanla münasibətləri normallaşdırmaq istəyəndə Bakını qəzəbləndirdi. «Rusiya Ermənistanı Dağlıq Qarabağ məsələsində kompromisə inandıra bilsə, Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılması, İranla ticarətin güclənməsi kimi şərtlər olacaq. Bu, Rusiyaya xeyli riskli addım ola bilər, belə ki, əsasən Moskvanın nəzarətində olan regiona Türkiyə və İran dəvət olunacaq. Risk ondadır ki, heç nə etməmək də Rusiyanın mövqeyini pisləşdirəcək».

RAZILAŞDIRILMIŞ ƏMƏLİYYATLAR?

Rusiyanın da öz kriteriyaları var. Qafqazda indiki hakimiyyət balansı Rusiyaya əl verir:..

Təhlildə qeyd olunur ki, digər bir potensial ssenari Azərbaycanın danışıqlar prosesini irəlilətmək naminə quruda münaqişəni gücləndirməsidir. İndiki fəaliyyət hələlik Ermənistanı mövqeyini dəyişməyə məcbur etməyib. Ancaq Azərbaycan Yerevanın siyasi cəbhədə güzəştlərə getməsi üçün Yerevana təzyiq məqsədilə əməliyyatları genişləndirə bilər. «Ancaq hərbi eskalasiya Bakıyla Moskvanın dilsiz anlaşması ilə baş tuta bilər. Əks halda, Azərbaycan Rusiyanın münaqişəyə cəlbi ilə üz-üzə qala bilər. Moskva Azərbaycanın cəbhə xəttində hərbi əməliyyatlarına daha çevik reaksiya göstərsə də, Ermənistanı tam tərk etmiş kimi də görünməməyə çalışmalıdır. Rusiyanın əsas məqsədi tərəflər arasında balans yaratmaq və baş vasitəçi rolunu oynamaq olmalıdır. Azərbaycanın Qərblə insan haqları məsələlərində düzələşməməsi bu işi asanlaşdırır. Münaqişənin eskalasiyası Moskvanın dözəcəyi, ancaq mürəkkəb risk ola bilər. Əlbəttə, əgər bu, Ermənistanı danışıqlarla məcbur edəcək və Rusiyanın hər iki ölkədə nüfuzlu rolunu saxlayacaqsa».

«Danışıqlar prosesi, əgər doğrudan da baş verirsə, hələ ilkin mərhələdədir; danışıqlar dayana və hər iki tərəf status kvoya qayıda bilər. Ancaq diplomatik və təhlükəsizlik cəbhələrində xeyli hərəkətlilik yaranıb, hərbi təlimlər, cəbhə xəttində atışmalar artıb. Bütün bunlar münaqişənin güclənməsindən çox, danışıqlar prosesinin sürətlənməsi kimi yozula bilər. Bu münaqişənin həlli yolunda siyasi əngəllər çoxdur, ancaq son əlamətlər bəzi dəyişikliklərin tədarük edildiyini göstərir».

XS
SM
MD
LG