Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:45

"Xarici müxbir" ovçuları


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

►"Qanunvericilikdə xarici media ilə əməkdaşlığı qadağan edən heç bir norma yoxdur"

“Hansısa məsələdən danışan şəxslər yaxşı olar ki, Konstitusiya və qanun normalarına istinad etsinlər. Yəni bunun hansı qanuna və ya konstitusion normaya görə müəyyən edildiyini desinlər”.

Bunu media üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli prezidentin köməkçisi Əli Həsənovun xarici KİV-lə əməkdaşlıq edən jurnalistlərin saxlanması haqda dediklərini şərh edərkən bildirib.

Buna da bax: Bakıda “Nurcu”lara qarşı reyd keçirilib

“XARİCİ MÜXBİR” KİMDİR?

Ələsgər Məmmədli AzadlıqRadiosuna deyir ki, Konstitusiyanın 50-ci maddəsindəki “hər kəsin məlumatı qanunu yolla toplama, yayma, ötürmə hüququ var” ifadəsindəki “hər kəs” sadəcə Azərbaycan vətəndaşlarına yox, insan olan hər kəs anlamına gəlir:

- Konstitusiyanın 71-ci maddəsi də bunu məhdud şəkildə yorumlamağa icazə vermir. Bu, birinci məqamdır. İkinci məqam isə odur ki, ümumiyyətlə, “KİV haqqında Qanun” Konstitusiyadan sonra kütləvi informasiya vasitələrinin və jurnalistlərin fəaliyyətini tənzimləyən üstün normadır.

Orda da xarici kütləvi informasiya vasitələrinin Azərbaycandakı fəaliyyətinə dair 53-cü maddə var. Həmin maddədə xarici KİV-dən söhbət edərkən akkreditasiya məsələsi haqda 4-cü abzasda belə bir ifadə var: Xarici müxbirlərin Azərbaycan ərazisində akkreditasiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunun 50-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Yəni “xarici müxbir” ifadəsi xarici vətəndaşlara aiddir. Azərbaycan vətəndaşına biz “xarici müxbir” deyə bilmərik.

Deməli, istənilən Azərbaycan vətəndaşı, “freelance” olan müxbirlər işlədikləri xarici mətbu orqanlarına öz məlumatlarını ötürə bilərlər. Bununla bağlı qanunvericikdə hər hansı məlumatın məhdudlaşdırılmasına dair norma yoxdur. Ola da bilməz. O zaman bizim Avropa Konvensiyasına qoşulmağımızın heç bir mənası qalmazdı. Konvensiyadakı 10-cu maddə - ifadə azadlığı bilavasitə hər kəsin sərbəst məlumat alma, yayma, ötürmə hüququnu tənzimləyir.

Bu baxımdan XİN-in müəyyən etdiyi akkreditasiya qaydası xarici pasport daşıyan və müvəqqəti olaraq Azərbaycana daxil olub informasiya toplamaq istəyən xarici müxbirlərə aiddir. Bunun Azərbaycanda mövcud fəaliyyət göstərən və hansısa xarici KİV üçün də məlumat hazırlayan şəxslərə aid olması mümkün deyil. Belə bir qanuni norma yoxdur. Belə bir qanuni normanın gətirilməsi də mümkün deyil. Bizim Konstitusiyaya 2009-cu ildə əlavə bir müddəa gəldi. Bu müddəaya görə qanunla qadağan olunmayan hər şey sərbəstdir. Bu gün qanunda Azərbaycan vətəndaşlarının xarici KİV üçün məlumat toplaması və onlarla əməkdaşlıq etməsi qanunla qadağan edən heç bir norma yoxdur .

Əli Həsənov açıqlamasında onu da deyib ki, bundan sonra da işlədiyi sahədən və peşəsindən asılı olmayaraq Azərbaycan qanunlarının tələblərini pozan hər bir şəxs barədə aidiyyəti orqanlar tərəfindən ölçü götürüləcək.

Buna da bax: Bahalaşma belə yaranır...

"İFADƏ AZADLIĞINA QARIŞMAQ OLMAZ"

Ələsgər Məmmədli jurnalistlərin saxlanması haqqında bunları deyir:

- İstər ifadə azadlığının vəziyyəti ilə bağlı, istərsə də mətbuat azadlığının vəziyyəti ilə bağlı hakimiyyətin hər 3 qoluna ciddi yük düşür. Dövlətin iki istiqamətdə vəzifələri də olur: qarışmamaq və mühit yaratmaq. İfadə azadlığı elə bir sahədir ki, bura qarışmamaq lazımdır. Bura qarışanları da önləmək lazımdır. Təbii ki, icra hakimiyyəti strukturlarında olan şəxslərin həm ifadə azadlığı, həm də KİV azadlığı ilə bağlı məqamlara toxunarkən mümkün qədər diqqətli, bu azalıqları məhdudlaşdıracaq şəkildə ifaədələr işlətməməlidirlər. Jurnalist qanunsuz fəaliyyət göstərsə belə bunun aradan qaldırılmasının yolu polis orqanına çağırılıb qorxudulması, ya da xəbərdar edilməsi deyil.

Ekspert deyir ki, normal hüquqi dövlətdə jurnalistin açıq informasiyaları yaymasına görən hansısa struktura dəvət olunması özü ifadə azadlığına basqı kimi qiymətləndirilir.

XS
SM
MD
LG