Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:45

"Həzərat, bütün kommunal xidmətlər bahalaşacaq"


►"Yəni günah özlərindədir, amma zərbə bizim cibimizə dəyəcək."

“Azərenerji”, ”Azərişıq” və “Azəriqaz” bazar iqtisadiyyatına uyğun şəkildə yenidən qurulmalıdır. İşıq, su, qazın qiyməti onların maya dəyərinə əsaslanmalıdır.

Bu, Energetika Nazirliyinin energetika sektorunun uzunmüddətli strateji və effektiv inkişafı üçün hazırladığı prioritet istiqamətlərdən biridir.

Nazirlikdən verilən məlumata görə, məqsəd ölkənin bütün enerji ehtiyatlarının (təbii qaz, elektrik enerjisi, su, günəş, külək, sənaye-məişət tullantıları və s.) səmərəli istifadəsinə və ölkə iqtisadiyyatının yüksək templə inkişafına nail olmaqdır.

Bunun üçün energetika sektorunun 25-30 illik inkişaf strategiyasının və 5 illik Dövlət Proqramının hazırlanması nəzərdə tutulur.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli öz Facebook səhifəsində yazır:

Bu dövlət şirkətlərinin ziyanla işləməsinin səbəbləri də çox sadədir – bacarıqsız idarəetmə, korrupsiya, qeyri-effektiv xərcləmələr, yəni, günah özlərindədir, amma zərbə bizim cibimizə dəyəcək.

“Həzərat, gələn ilin büdcə layihəsində təbii inhisarçı olan bu şirkətlərə dotasiyaların ləğv edilməsi nəzərdə tutulub. "Azərenerji”, “Azərişiq”, “Azəriqaz”, “Azərsu”, “AZAL” – bütün bu şirkətlər rəsmi olaraq ziyanla işləyirlər, büdcədən həmişə dotasiya alırlar, vergi borcları da hər il silinir, azaldılır. İndi hökumət, guya, yeni enerji strategiyası hazırlayıb, məğzi də budur ki, yaxın zamanlarda bütün kommunal xidmətlərin qiymətləri artırılacaq. Bu dövlət şirkətlərinin ziyanla işləməsinin səbəbləri də çox sadədir – bacarıqsız idarəetmə, korrupsiya, qeyri-effektiv xərcləmələr, yəni, günah özlərindədir, amma zərbə bizim cibimizə dəyəcək. Vəssalam...”

Buna da bax: Azərbaycanı İŞİD-lə müharibəyə çəkirlər

Enerji məsələləri üzrə ekspert İlham Şaban Azadlıq Radiosunun “Bu planın hazırlanmasında məqsəd nədir?” sualına belə cavab verib:

- Azərbaycan hökuməti indiyədək heç vaxt belə uzunmüddətli inkişaf konsepsiyası hazırlamayıb. Təbii ki, uzun müddət üçün belə bir proqramın, konsepsiyanın hazırlanması təqdirəlayiq addımdır. Ancaq sual yaranır ki, ölkənin lokomotivi rolunu oynayan bir sahə - neft, qaz, energetikayla bağlı bu sənədlər hansı müddəti əhatə edəcək? Nə vaxt hazır olacaq? Uzunmüddətli strategiya nə zaman ortaya çıxacaq? Kiminlə bunu reallaşdıracaq? Bununla bağlı bir söz deyilmir. Təcrübə göstərir ki, bizim hökumət özünün bir illik dövlət büdcəsiylə bağlı proqnozu belə böyük xətalarla hazırlayır. Tutalım deyir ki, xərcləmələr 21,1 milyard olmalıdır, reallıqda 17,8 milyard olur. Hətta neftin qiyməti yüksək olanda belə proqnozlarda xətalar olurdu. Yəni Azərbaycan hökumətinin proqnoz vermək problemi var. Onun qurumlarının icra mexanizmində dəqiqlik yoxdur. Bundan başqa, strategiya o zaman özünü doğruldur ki, hökumətin bütün qolları arasında dialoq olur, özü də ilboyu dialoq aparılır, daim informasiya mübadiləsi gedir. Təkliflər də onda özünü doğruldur. Bu əlaqə, dialoq yoxdursa, Energetika Nazirliyinin 2040-cı il üçün 3 ildən sonra hazırlayacağı sənədin bir mənası olacaqmı? Özü də sonrakı nəsil üçün verilən proqnozdur bu. Bəlkə də ona milyonlar xərclənəcək, adi sənəd deyil bu. Bizdə adicə alternativ energetikayla bağlı sənədin hazırlanmasına Avropa Birliyi 2010-cu ildə 10 milyon avro qrant ayırmışdı. Ən böyük problem onda idi ki, iki dövlət qurumunun dialoqu baş tutmurdu. Alternativ Enerji Agentliyi özünün istehsal etdiyi enerjini “Azərenerji”nin sisteminə qoşa bilmirdi. Adicə mexanizmin yaradılması illər apardı. Artıq ötən ildən o sistem işləməyə başladı.

Ilham Şaban
Ilham Şaban

Buna da bax: Məzahir Pənahov: «Kim gəlirsə, xoş gəlir, kim gəlmirsə...»

Elektrik və təbii qaz məsələləri üzrə Müstəqil Tənzimləyici orqan haqqında qanun layihəsi hazırlanmalıdır.

- Sənəddə elastiki tariflər sistemi yaradılmasından da söhbət gedir. Bunun önəmi, faydası nədir?

- Elektrik və təbii qaz məsələləri üzrə Müstəqil Tənzimləyici orqan haqqında qanun layihəsi hazırlanmalıdır. Yəni bununla da qaz, elektrik enerjisi ilə bağlı məsələ Tarif Şurasının əlindən alınır. Müstəqil Tənzimləyici orqan yaranır, bu da Avropa standartına uyğundur. Orda Tarif Şurası yox, belə tənzimləyici orqan fəaliyyət göstərir. İkinci maraqlı şey odur ki, niyə bu addım qarşıdakı 5 ildə atılmalıdır? 2020-ci ildə Azərbaycan qazı Avropaya çıxır. 2020-ci ildə Azərbaycanda “Şahdəniz-2” layihəsi gerçəkləşəcək, ondan daha iki il sonra “Abşeron” layihəsi işə düşməlidir. Azərbaycan regional səviyyədən dünya bazarına çıxmaq istəyir. Bu halda Azərbaycanın daxili bazarındakı qiymətlərlə xarici bazardakı qiymətləri müəyyən qədər balanslaşdırmaq gündəmə gələcək, görünür. Energetika Nazirliyinin 10 bəndlik prioritetlərinə baxıram və məncə, çox güman, bu, Avropanın tövsiyəsidir. Azərbaycan daxilində həm qiymət siyasətinin, həm də ona baxışların dəyişdirilməsindən söhbət gedir. Eləcə də itkilərin və istehlakın azaldılması da nəzərdə tutulur.

- Avropa niyə bu tövsiyələri verir, sizcə?

- Avropa Azərbaycan qazının Cənub dəhliziylə stabil, uzunmüddətli dövr üçün ixracında maraqlıdır. Bu isə o zaman baş verə bilər ki, daxili bazarda da onun stabilliyi təmin edilsin. Son illər Azərbaycanın daxili bazarında istehlak həcmləri yetərincə artıb. Burda qazlaşmanın rolu olsa da, unutmayaq ki, əhali kateqoriyası heç vaxt böyük miqdarda qaz istehlak etmir. Burda böyük itkilərdən söhbət gedir. İtkilərin də böyük payı “Azərenerji”nin boynuna düşür, çünki onun stansiyaları qazla işləyir. Və bu stansiyaların istehsal etdiyi enerjinin Bakıya çatdırılması zamanı böyük itkilər olur. İkincisi, “Azərenerji” istifadə etdiyi qaza görə Dövlət Neft Şirkətinin pulunu tam ödəmir. Sektorda bu cür problemlər var. Baxmayaraq ki, dövlət enerji sektoruna kifayət qədər vəsait qoyur, qayğı göstərir. Ancaq nədənsə, bu qayğıdan yararlanan, tikdiyi elektrik stansiyalarının beynəlxalq standartlara cavab verdiyini söyləyən “Azərenerji” heç vaxt Avropa standartları səviyyəsində qaz işlətmir. Təbii ki, bu da israfçılığa gətirib çıxarır. Bu cür israfçılığın qarşısını almaq üçün belə addımlar atılır.

- Sizcə, bu təkliflər reallaşsa, həmişə tənqid edilən “Azərenerji” və başqa qurumlar daha effektiv və faydalı işləyəcəkmi?

- Bir var indiki Tarif Şurası, o dərmandan tutmuş hər şeyin qiymətinə nəzarət edir, bir də var ancaq qaz, elektrikə cavabdeh olsun. İkincisi də, bir var Şura nazir müavinlərindən ibarət olsun, Nazirlər Kabineti yanında olsun. Bir də var o tabe olur, tutalım, Milli Məclisə. Bu halda belə, daha müstəqil ola biləcək. Bu, irəliyə atılacaq addımdır. Ancaq o da var ki, qiymət artırıla da bilər. Bundan heç kim sığortalanmayıb.

XS
SM
MD
LG