Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:51

Putin ürəklənir, Obama çəkinir


Vladimir Putin və Barack Obama - 28 sentyabr 2015.
Vladimir Putin və Barack Obama - 28 sentyabr 2015.

-

«The Economist» Rusiyanın Suriyaya müdaxiləsi və Amerikanın Əfqanıstandakı çəkingənliyinin yaratdığı təhlükədən yazır. «Vladimir Putin-ə qulaq versək, Rusiya terrorçuluqla qlobal müharibənin yeni liderinə çevrilib. Bunun əksinə olaraq, Barack Obama Amerikanın 10 ildən artıq müsəlman dünyasında apardığı müharibələrdən bezmiş kimi görünür».

Məqalədə Rusiya qırıcılarının sentyabrın 30-da Suriya prezidenti Bashar al-Assad-a dəstək əməliyyatına başlamasından bəhs olunur. Rusiya Pravoslav Kilsəsi müqəddəs müharibədən danışır. Bu arada Əfqanıstanda da ABŞ-ın «Taliban»a qarşı kampaniyası zərbə alıb. Talibançılar Kunduz şəhərini tutub. Əfqan əsgərlər üç gündən sonra şəhəri geri alsalar da, bu hücum alçaldıcı idi.

«Həm Kunduz, həm də Rusiyanın Suriyanı bombalaması eyni fenomenin simptomlarıdır: Barack Obama-nın müsəlman dünyasındakı müharibələrdən çəkilmək cəhdinin yaratdığı vakuumun. Amerika prezidenti bu həftə BMT Baş Assambleyasında deyib ki, ölkəsi yad torpaqda təkbaşına sabitlik yaratmağın mümkünsüzlüyünü öyrənib. Cənab Obama tamamilə səhv düşünür. Ancaq onun tezisi arxasında bir sıra təhlükələr dayanır: yəni Amerika əllərini qaldırır; Amerikanın çəkildiyini görən regional qüvvələrin əl-ayağı açılır; Rusiyanın müdaxiləsi isə qanlı müharibəni bir az da qana boyayır. Obama kursu dəyişməsə, daha çox ölüm, daha çox qaçqın, daha artıq ekstremizm yaranacaq».

«The Economist» yazır ki, prezident George W.Bush-un terrorla müharibəsinin yaratdığı xaosdan sonra cənab Obama-nın tərəddüdü anlaşılandır. ABŞ-ın müdaxiləsi pis durumu daha da pisləşdirə bilər. Ancaq Amerikanın yoxluğu işləri bir az da düyünə salar. Yenə hansısa məqamda ekstremizm irinləyəcək və superdövlət yenə də işə qarışmalı olacaq. Məqalədə Barack Obama-ya məsləhət görülür ki, Əfqanıstandakı 9 min 800 əsgəri çıxarmasın, əksinə, bu qüvvələri gücləndirsin. Suriyada Bashar al-Assad-ın getməsi mövqeyindən çəkilməsin, əsasən sünnilərdən ibarət əhalini dəstəkləsin; qorunan sığınacaqlar yaratsın; Assad-ın çəllək bombalarına qarşı qeyri-uçuş zonaları elan etsin; mötədil sünni qüvvələrə təkan versin.

Ukrayna və ABŞ bayraqları.
Ukrayna və ABŞ bayraqları.

UKRAYNANIN AZADLIĞI NAMİNƏ RUSİYAYA SANKSİYALAR SAXLANILMALIDIR

«Newsweek» Birləşmiş Ştatların Ukraynada keçmiş səfiri John E.Herbst-in məqaləsini dərc edib. Müəllif Moskvadakı etibarlı mənbələrə istinadla yazır ki, Putin-in yaxın ətrafı, hətta Təhlükəsizlik Şurasının katibi Nikolai Patrushev ölkənin Ukrayna siyasətinin dalana dirəndiyini düşünür və ehtiyatla digər variantları götür-qoy edirlər. Yəni gələcək sanksiyalardan, itkilərdən qaçmaq naminə Putin azından indilik əsl atəşkəsdə maraqlı ola bilər. Bunu bəzi əlamətlər də dəlalət edir. Belə ki, sentyabrın 9-dan Ukraynanın şərqində atışma səngiyib; bir gün sonra Rusiya xarici işlər naziri Sergei Lavrov deyib ki, Donetsk və Luqanskda yerli seçkilər bütün ölkəylə eyni gündə keçirilməlidir və s.

Müəllifin fikrincə, Suriya Putin-in Ukrayna böhranından dincəliş məntəqəsi ola bilər. Ukrayna müharibəsindən geri çəkilmək, azından fasilə görüntüsü altında başqa bir yerdə hücuma başlamaqdan yaxşı nə ola bilər ki?

Keçmiş səfir yazır ki, Putin Ukraynanın qərbyönümlü kursunu dəyişmək planlarından əl çəkməyib. O, AB sanksiyalarının qaldırılmasına və ya yüngülləşdirilməsinə çalışacaq.

«Ancaq buna aldanmaq çox böyük tarixi səhv olardı. Sanksiyalar yalnız Kremlin Minsk öhdəliklərinə əməl edəcəyi halda qaldırılmalıdır: Rusiya ordusu və ağır texnikası geri çəkilsin, Ukrayna Rusiya ilə sərhədinə nəzarəti bərpa etsin. Bundan azına razılaşmaq Moskvaya düşmənçiliyi istənilən vaxt bərpa etmək imkanı yaradacaq».

Suriya-Türkiyə sərhədində qaçqınlar-2015.
Suriya-Türkiyə sərhədində qaçqınlar-2015.

TÜRKİYƏ AVROPANIN QAPIÇISI OLA BİLMƏZ

«Gələn həftə Türkiyə prezidenti Recep Tayyip Erdoğan Brüsselə səfər edəcək. O, Avropa Birliyi həmkarlarına söyləyəcək ki, Avropa Türkiyədən çıxıb quru və dəniz yoluyla birliyə daxil olan qaçqın axınını dayandırmaq istəyirsə, qətiyyətlə hərəkət etməlidir. Türkiyə kömək etməyə hazırdır, ancaq Avropa hökumətləri Türkiyəyə bunun əvəzində az şey təklif edirsə, həmişəlik belə davrana bilməz». Bunu «The New York Times»da İstanbuldakı EDAM beyin mərkəzinin sədri Sinan Ülgen yazır.

Müəllif Türkiyənin Avropadan fərqli olaraq, 2011-ci ildə, Suriya böhranının ta əvvəlindən qaçqınların üzünə qapıları açdığını qeyd edir. Ancaq indi Türkiyədəki qaçqınların sayı iki milyona çatıb.

«Türkiyə Avropanın əbədi qapıçısı ola bilməz. Qaçqın böhranının uzunmüddətli həlli naminə Avropa Birliyi ilə Türkiyənin real tərəfdaşlığı üçün Avropa nəinki miqrasiyaya, həmçinin Türkiyənin quruma üzvlüyünə yanaşmasını düzəltməlidir».

Məqalədə qeyd olunur ki, Avropa qaçqınların paylaşdırılmasının qaçılmazlığını qəbul etməlidir; Türkiyə və AB suriyalı miqrantların inteqrasiyasını hədəfləyən uzunmüddətli strategiya hazırlamalıdır; səhiyyə, təhsil və ixtisas-dil təlimləri üçün AB Türkiyəyə daha çox yardım etməlidir. Nəhayət, AB Türkiyəyə yanaşmasına yenidən baxmalıdır. Türkiyə hökumətinin qaçqın böhranına reaksiyası bu ölkənin Avropa üçün dəyərini üzə çıxardı.

«Türkiyənin AB-yə üzvlük prosesinin dayandırılması əsl əməkdaşlığı əngəlləyir. Nə qədər ki, türklər bir gün AB ailəsinin üzvü olacaqlarına inanmırlar, Ankara-Brüssel əməkdaşlığı dərinə gedə bilməyəcək. Top Avropanın həyətindədir; Avropa liderləri Türkiyənin üzvlüyünə əngəlləri qaldırmaqla bağlı qərara gəlməlidirlər».

XS
SM
MD
LG