Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:48

Maliyyə nazirindən gözlənilməz şad xəbərlər


Samir Şərifov.
Samir Şərifov.

-

ANSpress maliyyə naziri Samir Şərifovun müsahibəsini yayımlayıb. Nazir bildirir ki, 2016-cı ildə büdcə xərcləri azaldılsa da, sıravi vətəndaş bunu hiss etməyəcək: «Xərclərin azaldılması əsasən dövlət investisiya proqramlarının bir qədər kiçildilməsi hesabına baş verəcək. Bununla da, bütün sosial öhdəliklərimiz, bütün sosial proqramlarımız: pensiya təminatları, sosial müavinətlərin verilməsi, əmək haqları, təqaüdlər və s. əvvəlki illərdə olduğu həcmdə ödəniləcək. Bununla əlaqədar hər hansı narahatçılığa səbəb yoxdur».

Samir Şərifov deyib ki, cari xərclərdə müəyyən qənaət tədbirləri görüblər: «Bəzi lüzumsuz xərclərin ixtisarı, bəzi xarici ezamiyyətlərin təxirə salınması və bu kimi digər prioritet təşkil etməyən xərc istiqamətlərində müəyyən qənaət rejimi tətbiq olunub».

- Samir müəllim, Beynəlxalq Bankda nə baş verirdi? Nə qədər borc var idi? Dövlətə borcun hansı hissəsi qaytarılıb və hansı hissəsi qalıb?

- Bankın sabiq rəhbərliyi tərəfindən bankda aparılan riskli kredit-investisiya siyasəti nəticəsində bankın cəlb etdiyi borclarla yerləşdirdiyi kreditlər arasında qeyri-tarazlıq yaranıb və bu bankın maliyyə vəziyyətinə mənfi təsir göstərir. Bununla əlaqədar bankda sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinə zərurət yaranıb. Bu tədbirlərin başa çatmasından sonra bank özəlləşməyə açıq elan olunacaq.

Foto illüstrasiya.
Foto illüstrasiya.

TİBBİ SIĞORTANIN GƏLƏN İL TƏTBİQİNƏ ÜMİD ETMƏK OLARMI?

«Azadlıq» qəzeti «Sığortasız tibbimiz» yazısında ölkədə hələ də icbari tibbi sığortanın işləməməsinə toxunub: «Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün 15 ilə yaxındır qanunvericilik bazası yaransa da, təəssüf ki, bu mexanizm hələ də işə salınmayıb».

Qəzet yazır ki, icbari tibbi sığortanın tətbiqi bir çox səhiyyə və dövlət strukturlarının marağında olmadığından proses ləngiyir: «Bəzi millət vəkilləri «Tibbi sığorta haqqında» qanunun icrasının ləngiməsində Nazirlər Kabinetini qınayır, Maliyyə Nazirliyini tibbi sığortanın tətbiqinə maraq göstərməməkdə günahlandırırlar. Qanun tibbi sığortanın maliyyə mənbələrinə aydınlıq gətirmir və əksər məsələlər müvafiq icra hakimiyyətinə, qurumuna həvalə edilib. Bu məsuliyyətli iş Səhiyyə Nazirliyinə deyil, NK yanında yaradılan Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həvalə edilib. Təbii olaraq bu da Səhiyyə Nazirliyinin ürəyincə deyil. Çünki tibbi sığorta tətbiq edilərsə, bütün maliyyə vəsaitlərini agentlik idarə edəcək. Bu o deməkdir ki, artıq nazirlik agentliyə tərəfdaş deyil, rəqibdir. Bəzi məmurlar üçün isə «dövlətin vəsaiti» anlayışı mövcud olmadığı üçün də vəsaitlər üzərində mübarizə gedir. Bu qanunun icrasının ləngiməsində maliyyə vəsaitlərinin azlığı, qanundakı boşluqlar və. s kimi onlarca səbəbin hər birinin yeri var».

Etibar Hüseynov.
Etibar Hüseynov.

SALYAN QRUPLAŞMASI HAKİMİYYƏTDƏKİ RIÇAQLARINI İTİRİR

«Yeni Müsavat» qəzeti yazır ki, nəqliyyat naziri Ziya Məmmədovun qudası general Əliağa Hüseynov mandatsız qala bilər, iqtidarın «qara siyahısı»nda olan Abbas Abbasov oğlunu Bakıdan çıxarır; YAP-ın namizədliyindən imtina edən Leyla Abdullayeva Müəllimlər İnstitutuna rəhbər gəlir.

Qəzetin iddiasına görə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədi, deputat Leyla Abdullayevanın Müəllimlər İnstitutunun rektoru təyin ediləcəyi gözlənilir:

«Məlumdur ki, uzun illərdir Müəllimlər İnstitutuna rəhbərlik edən Aqiyə Naxçıvanlı seçkiyə qatılıb və rektor yerini boşaldıb. İddialara görə, YAP namizədi məhz razılaşma nəticəsində mandat yarışından imtina edib. Deputatlıq müddəti başa çatan Etibar Hüseynov isə son açıqlamasında tikanlı və küskün danışıb», - «Yeni Müsavat» yazır:

«Bir neçə dəfə danışdıqlarına görə spiker Oqtay Əsədovdan sərt qınaqlar alan E.Hüseynov «qələminin qırılması» ilə heç cür barışa bilmir: «Əziz dostum və qardaşım Ülvi Quliyevin bir sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı dəyişdi» deyən E.Hüseynov mandat yarışından uzaqlaşdırılmasına qəribə izahat verib: «Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir. Buna görə də qarşıdan gələn parlament seçkilərinə qatılmamaq qərarı verdim». 2010-cu ildə İsa Qəmbərə alternativ kimi namizəd olan E.Hüseynov açıq etiraf edib ki,«arxasında ciddi siyasi qüvvə və maliyyə rıçaqları daha yoxdur».

Aydın Abbasov.
Aydın Abbasov.

SEÇKİYƏ QATILMAYAN DEPUTAT ÇİN DİLİNİ ÖYRƏNƏCƏK

Noyabrın 1-i Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq deputatlığa namizədliyin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətbaşa çatıb.

Həmçinin, Milli Məclisin növbəti 5 illiyində bu ali qanunverici orqanda təmsil olunmayacaq deputatların siyahısı da məlumdur.

modern.az saytı deputatlığa namizəd olmaqdan imtina edən hazırkı bitərəf deputat, baş nazirin keçmiş müavini Abbas Abbasovun oğlu Aydın Abbasovdan bundan sonra nə iş görəcəyi ilə bağlı açıqlama alıb.

Aydın Abbasov modern.az-a gələcək planlarından belə söz açıb:

«Çin dilini və Çinin yeni iqtisadi modelini öyrənmək lap çoxdankı arzum olub. Eyni zamanda, alman dilini də öyrənməyə böyük həvəsim olub. Sadəcə, işlərim çox olduğundan arzularımı gerçəkləşdirə bilməmişəm.

Bundan sonrakı iş mexanizmimdə deputat kimi fəaliyyət göstərmək olmayacaq. Qismət olsa, bu arzularımı həyata keçirməyə çalışacağam».

«Azərbaycanı tərk edib hansısa xarici ölkəyə üz tutmaq fikriniz ola bilərmi» sualına Aydın Abbasov belə cavab verib:

«Xarici şirkətlər arzulayırlar ki, Azərbaycanda işləsinlər... Düşünürəm ki, sualınıza cavab verə bildim».

XS
SM
MD
LG