Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:33

Günel Mövlud. Ağ yaxalığımı düzəldən qadın


Günel Mövlud
Günel Mövlud

- "O keti mən də ala bilərəm, amma unutmayın, bir ailədə, bir ölkədə ki, nəsə uşağın təhsilindən daha vacibdir, nə o ailə normal ola bilər, nə o ölkə."

"Nə heyrət ki, sərkərdan köçkün həyatının ailəmi dolaşdırdığı bölgələrdəki məktəblərdə tanıdığım ən yaxşı, müəllim adına ən yaraşanı, ən layiqliləri ədəbiyyat müəllimləri olurdu."

Günel Mövlud

Ağ yaxalığımı düzəldən qadın…

Birinci sinifdə oxuyurdum. Məktəbin qaydalarına görə birinci sinif şagirdlərini mütləq valideynləri gəlib evə aparmalı idi - tək buraxmırdılar.

Bir gün arxamca heç kim gəlmədi. Müəlliməmlə, sinif rəhbərimlə oturub, gözlədik. Bir saat, iki saat, üç saat. Heç kim gəlmədi. Dedim ki, evimiz yaxındı, özüm də gedə bilərəm. Müəlliməm buraxmadı.

Paltomu, əlcəklərimi geydirdi, şərfimi sarıdı, çantamı əlinə aldı və məni evinə apardı.

Çay dəmlədi, şirin kökələr gətirdi, şəhərdə oxuyan oğlunun uşaqlıq kitablarını qarşıma tökdü, bir neçəsini mənə bağışladı.

Axşam atam gəldi. O, heç nə demədi, yanımda atamı danlamadı, heç nə soruşmadı.

Yenə məni geyindirdi, kitabları çantama yığdı və atamla yola saldı. Səhəri gün valideynlərimi məktəbə çağırdı, onlarla nə danışdı, nə danışmadı - bilmirəm.

İkinci sinfə keçəndə idman dərsləri başladı. Sinif rəhbərim may ayından bütün valideynlərə tapşırmışdı ki, ketlər alsınlar idman dərsi üçün. Dərs başlayanda məlum oldu ki, hamının ketləri var, məndən başqa.

Sinif rəhbərim əlimdən tutub, evimizə gəldi. Atamı qarşısında otuzdurdu. Və dedi:

- 20 ildir müəlliməyəm. 20 ildir şagirdlərimdən valideynlərinə şikayət edirəm. Amma inciməyin, indi sizdən uşağınıza şikayət edəcək həddə gəlmişəm. 3 ay ərzində uşağa bir cüt ket tapmaq bu qədər çətin idi? O keti mən də ala bilərəm, amma unutmayın, bir ailədə, bir ölkədə ki, nəsə uşağın təhsilindən daha vacibdir, nə o ailə normal ola bilər, nə o ölkə.

İki il sonra o məktəbi, o şəhəri, o ölkəni tərk elədik. Sinif rəhbərimin göz yaşları hələ də yadımdadır. O, yenə mənə bir qucaq kitab bağışladı və dedi:

- Mən belə görürəm ki, sənə bunlardan başqa kömək edən olmayacaq...

Sevinirəm ki, ilk müəlliməmi, mənə həyatı öyrətməyə başlayan ilk insanı süpürgə pulu yığan, ad gününə hədiyyə tələb edən, büstqalterində saxta bülleten daşıyan insan kimi xatırlamıram.

Qarabağda yaşadığımız iki il ərzində ondan hər ay məktub aldım.

Köçkünlük həyatı, ünvanımın itməyi, ağır sarsıntı alaqələrimizi kəsdi.

Biz ayrılanda onun 50-dən çox yaşı vardı. İndi sağdır, yoxsa yox, bilmirəm.

Ölkəmə qayıdandan sonra çox fərqli müəllim gördüm. Dərsdə bazar söhbəti edən də, şagirdini aparıb həyətində işlədən də, qaz-toyuq müqabilində qiymət yazan da, dərsdə keçməli olduğu kimya fənnini tədris etmək əvəzinə ədəbdən, əxlaqdan, məişətdən, ərə gedəndə yaxşı gəlin olmağın fəzilətlərindən danışan da. Hər cür.

Yaxşısını da gördüm, nə heyrət ki, sərkərdan köçkün həyatının ailəmi dolaşdırdığı bölgələrdəki məktəblərdə tanıdığım ən yaxşı, müəllim adına ən yaraşanı, ən layiqliləri ədəbiyyat müəllimləri olurdu.

Yəqin onları tək qaydalarına tabe olduqları cəmiyyət deyil, bir az da kitablar tərbiyə edirdi, onlar bir az da kitabda oxuduqları kimi davranmağa, olmağa çalışırdılar, ondan idi.

Uşaqlığımdan, yeniyetməliyimdən çox şey yadımda pis, utandırıcı, kədərli qalıb. O şeylər ki, xatırlayanda xoş, sevinc, fərəhlə xatırlamalısan ki, xoşbəxt insan ola biləsən. Mənsə o şeyləri kədərlə xatırlayıram.

Amma sevinirəm ki, ilk müəlliməmi, mənə həyatı öyrətməyə başlayan ilk insanı süpürgə pulu yığan, ad gününə hədiyyə tələb edən, büstqalterində saxta bülleten daşıyan insan kimi xatırlamıram.

Şux, qürürlu, ciddi, zərif əlləri ilə məktəbli paltarımın ağ yaxalığını düzəldən, şagirdlə kitablardan, təhsildən başqa söhbəti ayıb sayan ləyaqətli bir qadın gəlir gözlərimin qarşısına.

Dünyasını dəyişibsə, qəbrin nurla dolsun, Valentina Fyodorovna! Sənin beynimə və həyatıma səpdiyin bir ovuc işıq hələ də bitməyib...

XS
SM
MD
LG