Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:54

"B.Hacıyevin dalağında işgəncə izi yoxdu" - Ekspertiza


Bəhruz Hacıyev.
Bəhruz Hacıyev.

-

"Avqustun 20-də Mingəçevir şəhər polis şöbəsində ölmüş 27 yaşlı Bəhruz Hacıyevin dalağındakı 5 nöqtə işgəncə nəticəsində yaranmayıb".

Bunu AzadlıqRadiosuna İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyir:

«Ekspertizanın cavabını öyrənmək üçün işi aparan müstəntiqlə danışdım. Məni əsas elektroşokun verilib-verilməməsi, dalaqda yaranmış 5 nöqtə maraqlandırırdı. Müstəntiq dedi ki, «araşdırdıq, ekspertlər rəy verdi ki, dalaqdakı 5 nöqtə yıxılma zamanı daxili qanaxmadan yaranan şeydir». Dedilər ki, nöqtə olan yerdən qanaxma da baş verib. Bir şey var ki, elektroşok veriləndə qanaxma olmur. Ekspertizanın rəyi ilə tanış olmamışam. Müstəntiq Qurban Səfərovun dediyini deyirəm».

Elçin Behbudov deyir ki, Bəhruz Hacıyevin valideynlərinin təqdim etdiyi şəkillərdə də işgəncə izləri yoxdur: «Bəhruzun qolunda, ayağında döyülmənin əlaməti yoxdur. Partlaq, qan, bir də dalağında nöqtələr vardı. Onu da dedilər ki, qanaxmadan olub».

«OĞLUMA İŞGƏNCƏ VERİLİB»

Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev AzadlıqRadiosuna bildirib ki, ekspertizanın rəyini gələn həftə alacaq:

«Onda biləcəyəm ki, nə nədir».

Ancaq ata oğlunun bədənində aşkar işgəncə izləri olduğunu söyləyir:

«Oğluma işgəncə verilib, bunu heç kim dana bilməz. Morqdakı şəkillərdən də bu, açıq-aydın görünür».

Bəhruz Hacıyevin ölümündən sonra onun özünü polis şöbəsinin pəncərəsindən ataraq ölməsi faktı üzrə cinayət işi başlanıb. Mingəçevir şəhər polis şöbəsinin baş leytenantı Şahlar Şahlarzadə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, B.Hacıyevin təhlükəsizliyini təmin etmədiyinə və sayıqlığını itirdiyinə görə işdən çıxarılıb. Mingəçevir şəhər polis şöbəsinin rəisi Ələsgər Bədəlova isə şiddətli töhmət elan olunub.

Avqustun 22-də Bəhruz Hacıyevin dəfnindən sonra Mingəçevirdə onun ölümünə etiraz olaraq aksiya keçirilmişdi. 22 nəfər saxlanmış, onlardan 16-sı 10-12 sutkalıq həbs cəzası almışdı.

XS
SM
MD
LG