Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:37

Etirazçılar Hacıbala Abutalıbovun evinə gedib...


İllüstrasiya
İllüstrasiya

►“Evinin qapısından maşınla çıxan kimi özümüzü maşının qabağına atdıq”

"İndi də Abid Şərifovun evinə gedəcəyik"

Oktyabrın 7-də 5 ildir ki, qəzalı evlərdən köçürülmələrini tələb edən sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Suraxanı rayonundakı evinə gediblər. Onlar evin qapısında gözləyərək başçının çölə çıxmasını gözləyiblər. Hacıbala Abutalıbovun maşını yaşadığı evin darvazasından çıxanda onu üzük qaşı kimi dövrəyə alıblar.

Buna da bax: "Bu, Azərbaycan hakimiyyəti üçün təhlükədir"

5 İLDİR MƏMUR QAPILARINDA QALIB

Zığ qəsəbəsi, Həsən Allahverdiyev küçəsinin sakinləri deyirlər, Hacıbala müəllimdən onları qane edən cavab ala bilməyiblər. Bu barədə bir qədər sonra.

Evi qəzalı vəziyyətdə olduğuna görə 1 il 6 aydır ki, evinə yaxın düşə bilməyən Təranə Musayevanın sözlərinə görə, azı 5 ildir ki, məmur qapılarında qalıb. Onunla eyni taleyi yaşayan qonşuları da belə qərara gəliblər ki, bundan sonra rəsmi qurumların yox, məmurların evlərinə getsinlər:

“İndi də deyirlər büdcədə pul yoxdur sizi köçürməyə... Başqa yol yoxdur. İl yarımdır küçələrdəyəm. Azı əlli dəfə gəlib qəzalı evimə baxış keçirib gediblər. Hər dəfə də xəbərdarlıq ediblər ki, “burada qalma haa... Təhlükəlidir... Qalarsınız evin altında”... Bunu deyən də özləri, bizi ətəklərinin dalınca salan da özləri...”

Təranə Musayeva deyir, məmurlar sürüşmə zonasındakı köçürülmələrlə bağlı yalan məlumatlar verirlər. Həm prezidenti, həm də xalqı aldadırlar:

“Çıxırlar televiziyalarda yalandan danışırlar ki, guya iş görürlər, ailələri köçürürlər və sair... Boş söhbətlərdir. 20 ailə köçürdülər, 10 ailə özü məcbur qalıb evini atıb qaçdı, 20 ailə isə gözləməkdədir. Şəxsən mənə 1 il 6 ayda kirayəhaqqı ödəmək üçün qara qəpik də verməyiblər. Ancaq yekə-yekə danışırlar ki, guya sakinlərə kirayəhaqqı ödəmək üçün pul verirlər”.

Buna da bax: Azərbaycanlı sahibkar Obamaya şikayət edəcək

İNDİ DƏ ABİD ŞƏRİFOVUN EVİNİN QARŞISINA GEDƏCƏKLƏR

Başqa sakin Hidayət Məmmədov:

“Hacıbala müəllimə dedik, “Abid Şərifov deyir ki, sizə müraciət edək”. Hacıbala müəllim də dedi, “sizi səhv istiqamətləndiriblər. Bu işlər mənlik deyil. Siz yaxşısı budur təzədən Abid müəllimə müraciət edin. Prezident bu işləri ona tapşırıb. Sizi köçürmək Abid müəllimin işidir”. Başa düşmürük, biz futbol topuyuq ki, bir-birlərinə ötürürlər? O deyir get buna de, bu deyir get ona de...”

İndi sakinlər Abid Şərifovun evinin qarşısına getməyi planlaşdırırlar. Qəzalı evdə yaşayan Səmayə Aslanova:

“Eybi yox, bu dəfə də Abid müəllimin qapısını kəsdirərik. Deyər gedin Hacıbala müəllimə deyin, qayıdarıq Hacıbala müəllimin evinə. Bu işin bir sonu olmalıdır."

Buna da bax: Rayon maşınlarına qadağa qoyanları məhkəməyə verir

250 MANAT KİRAYƏHAQQI TƏKLİF OLUNUB

Suraxanı rayon İcra Hakimiyyətindən bildirilib ki, bu il avqustun 11-də Zığda sürüşmə zonasındakı evlərdən biri uçaraq yararsız hala düşüb. Avqustun 12-də Suraxanı rayon icra hakimiyyətinin işçiləri həmin əraziyə gələrək mənzillərə bildirişlər paylayıb. Bildirişlərdə qeyd olunub ki, sakinlər evlərini tərk etməsələr, baş verəcək hər hansı faciəyə görə sakinlər özləri cavabdehlik daşıyır. Onlara kirayəpulu üçün 250 manat təklif olunub. Sakinlərsə razılaşmayıblar.

Lakin sakinlər AzadlıqRadiosuna bildirirlər ki, bu məsələni həll etməli olan qurumlar yalan məlumat verirlər. Onlara evlərindən çıxmaq təklif olunsa da, nə kirayəhaqqı üçün pul verilir, nə də başqa yerdə evlə təmin olunurlar. Evləri qəzalı vəziyyətdə olanlara deyilən son söz isə bu olub: Büdcədə pul yoxdur...

Zığda sürüşmə (Video)

Zığda torpaq sürüşməsi
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

XS
SM
MD
LG