Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:47

«Cavid Hüseynov təşkilatçıdır»


Cavid Hüseynov.
Cavid Hüseynov.

-

«Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsi ilə bağlı Cavid Hüseynova təşkilatçılıqla bağlı ittiham irəli sürülməlidir. Bununla bağlı müdafiə tərəfi istintaq qarşısında vəsatət qaldırıb».

Bunu AzadlıqRadiosuna Rasim Əliyevin vəkili Əshabəli Mustafayev deyib.

«MADDƏSİ ÇOX YÜNGÜLDÜR»

Vəkil deyib ki, müdafiə tərəfi işlə bağlı maddənin tövsifindən narazıdır: «Burda sadəcə xəsarət yetirmə deyil, adam öldürmə ilə bağlı maddə olmalıdır. Cavid Hüseynovun maddəsi də yüngüldür, o, bilib xəbər verməməkdə ittiham olunur. Biz onu təşkilatçı hesab edirik. Faktiki hallar da göstərir ki, o, təhrikçi, təşkilatçı olub. Lakin maddəsi çox yüngüldür».

Əshabəli Mustafayev bildirib ki, hazırda müdafiə tərəfini iki rəy gözləyir. Bunlardan biri mütəxəssis, digəri ekspertiza rəyidir: «Məhkəmə-tibb ekspertizası ölümün səbəbi ilə bağlı rəy verəcək. İkincisi də, Səhiyyə Nazirliyi yanında xüsusi komissiyası var. Onlar həkimlərin səhvinin olub-olmamasını araşdırmalıdırlar. Rəylər yaxın günlərdə hazır olacaq».

Vəkil Rasim Əliyevin döyülməsindən sonra telefonunun və pulqabının oğurlanması haqqında da cinayət işi qaldırılması üçün vəsatət verib. Telefonun oğurlanması ilə bağlı cinayət işi qaldırıb. İttiham olunan 5 nəfərdən birinə oğurluqla bağlı maddə irəli sürülüb. Pulqabının oğurlanması ilə bağlı isə hələ istintaq gedir.

«HEÇ BİR SÜBUT YOXDUR»

Cavid Hüseynovun vəkili Adəm Məmmədov isə AzadlıqRadiosuna bildirdi ki, Cavid Hüseynovun təşkilatçı kimi ittiham olunmasını tələb etmək absurddur: «Bunun üçün sübutlar olmalıdır. Heç bir sübut yoxdur. Cavid Hüseynovun bu işdə heç iştirakı da, xəbəri də olmayıb. O, evində otura-otura bu hadisə baş verib. Qohumunun ora getməsindən, jurnalisti döyməsindən məlumatsız olub».

Jurnalist Rasim Əliyev avqustun 8-də döyülüb. Xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən bir gün sonra vəfat edib. Onun ölümü ilə bağlı cinayət işi açılıb. İşlə əlaqədar həbs olunan 5 nəfər Cinayət Məcəlləsinin 126-cı (ölümə səbəb olan xəsarətlərin yetirilməsi) ilə ittiham olunur. Cavid Hüseynova qarşı isə cinayəti bilib xəbər verməməklə bağlı ittiham irəli sürülüb.

XS
SM
MD
LG