Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:32

Müsavat seçki pozuntularından şikayətlənir


Müsavatın mitinqi - 2007.
Müsavatın mitinqi - 2007.

-

Müsavat Partiyası parlament seçkiləri ilə bağlı aralıq hesabat yayıb. Hesabatda qeyd edilir ki, hələ imza toplanması zamanı bir sıra qanunsuzluqla üzləşiblər.

Sentyabrın 13-də Müsavat Partiyasının 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizədi Səxavət Soltanlının səlahiyyətli nümayəndəsi Qədim Soltan Qobustanın Xilmilli kəndində imza toplayarkən zorakılıqla üzləşib. Bu barədə Daxili İşlər Nazirliyinin «102» xidmətinə, prokurorluğa və MSK-ya rəsmi şikayət verilsə də, hələ də heç bir hüquqi tədbirlər görülməyib.

Sentyabrın 22-də isə Müsavatın 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədi Söhrab Əmrahov seçici imzalarını DSK-ya təqdim etməyə gedərkən ona məxsus avtomobil arxadan vurulub
Bu barədə də Daxili İşlər Nazirliyinin «102» xidmətinə məlumat verilsə də, heç bir tədbir görülməyib.

İMZA VERƏNLƏRƏ TƏZYİQLƏR...

Açıqlamada deyilir ki, Müsavat Partiyasının namizədlərinə imza verən seçicilər də müxtəlif təzyiqlərlə üzləşiblər. Belə halların mövcud olduğu 13 dairə barədə Mərkəzi Seçki Komissiyasına şikayət edilib.

Açıqlamada bildirilir ki, builki seçki kampaniyasında yeniliklərdən biri də namizədlərin imza vərəqələrinin oğurlanmasıdır. Onlar düz 10 dairədə belə hallarla üzləşiblər.

İMZALARIN YOXLANMASI ZAMANI QANUNSUZLUQLAR...

Müsavat Partiyası iddia edir ki, imzaların dairə seçki komissiyalarında yoxlanılması zamanı da bəzi dairələrdə kobud qanun pozuntuları ilə üzləşiblər. Belə dairələrin sayı isə 17-dir.

Açıqlamada həmçinin vurğulanır ki, namizədlərin irəli sürülməsi və seçici imzalarının toplanması mərhələsində yol verilən qanun pozuntuları haqda Müsavat Partiyasının səlahiyyətli nümayəndələri MSK-ya ümumilikdə 30 dairə ilə bağlı şikayət göndəriblər. Ancaq bu şikayətlərin böyük əksəriyyəti müsbət həll edilməyib.

Yalnız 79 saylı İmişli seçki dairəsindən İltizam Əkbərlinin və 61 saylı Neftçala seçki dairəsindən Saday Fərəcovun haqları tanınıb.

MSK-NIN MÖVQEYİ...

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə KİV-ə açıqlamalarında deyib ki, qeydiyyat mərhələsi ilə bağlı onlar ümumilikdə 50-ya yaxın şikayət alıblar. Bunun 15-ə yaxını təmin edilib.

Məzahir Pənahov deyib ki, şikayətlərə baxılarkən deputatlığa iddiaçının haqlılıq payı ilə DSK-ların haqlılıq payı təxminən eyni olarsa, onda onlar namizədlərin xeyrinə qərarlar verirlər.

XS
SM
MD
LG