Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:41

Keçmiş idarə rəisi: “Onu şəxsən nazir himayə edirdi”


Müdafiə Nazirliyinin binasının girişi
Müdafiə Nazirliyinin binasının girişi

►Müdafiə Nazirliyinin keçmiş idarə rəisi bildirib ki, keçmiş nazir Səfər Əbiyevin himayəsində olan tikinti şirkətinə qarşı heç bir tədbir görə bilmirlərmiş.


Noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdafiə naziri Səfər Əbiyevin keçmiş müavini Mehman Səlimovun məhkəməsi şahid ifadələri ilə davam etdirildi.

NAZİR ÖZÜ DANIŞACAQMIŞ...

Məhkəmə şahid qismində Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin sabiq rəisi Mehman Hacalıyevi dindirdi.

Şahid ifadəsində göstərdi ki, Mehman Səlimovu əvvəllər keçmiş nazir müavini, sonralarsa nazirliyin tabeliyindəki hərbi şəhərciklərdə tikinti aparan şirkətin sahibi kimi tanıyıb:

“Bu iş üzrə bildiyim odur ki, rəis işlədiyim dövrdə Mehman Səlimovun sahibi olduğu “STŞ” MMC ilə idarə arasında 6 müqavilə bağlanıb. İdarə tərəfindən hərbi şəhərcikdə 3 mərtəbəli, 33 mənzilli zabit və gizir yataqxanası binasının, 1 mərtəbəli hamam-qazanxana-camaşırxana kompleksi binasının layihələndirilməsi və əsaslı tikinti işlərinin aparılması üçün bütün lazımi şərait yaradılmışdı. Amma tikintidə gecikmələr olurdu. Sabiq müdafiə nazirinə bununla bağlı yazılı və şifahi məruzə etmişdim. Səfər Əbiyev isə deyirdi ki, “sanksiya tətbiq etməyin, Mehman Səlimovla özüm danışacam””.

Vəkillər bildirdilər ki, şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər var. Hakim onun istintaqa verdiyi ifadəni elan etməli oldu.

Mehman Hacalıyev ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, “STŞ” MMC ilə bütün müqavilələr şəxsən sabiq müdafiə naziri Səfər Əbiyevin tapşırığına əsasən bağlanıb.

CƏRİMƏ TƏTBİQ ETMƏYƏ İXTİYARLARI YOX İMİŞ?

Keçmiş idarə rəisinin ifadəsindən:

“Nazir şəxsən özü Mehman Səlimovun himayədarı olub. Tikinti işinin gecikdirilməsi ilə bağlı birbaşa nazirə məruzələr edilirdi. Səfər Əbiyev isə hər dəfə ona Mehman Səlimovu çağırıb onunla danışacağını deyir, ancaq heç bir tədbir görmürdü. Səfər Əbiyev işi vaxtında yerinə yetirməyən podratçı təşkilata qarşı müqavilədə nəzərdə tutulmuş sanksiya tədbirlərinin tətbiqinə icazə vermirdi. Ona görə də tikintidə gecikmələrə yol verilirdi. Müqavilə şərtləri pozulurdu. Səfər Əbiyevin icazəsi olmadan “STŞ” MMC-yə qarşı müqavilə şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyalarını tətbiq etməyə ixtiyarımız yox idi. Ona görə də məhkəməyə müraciət edə bilmirdik”.

Digər şahidlər məhkəməyə gəlmədikləri üçün hakim iclası noyabrın 13-də davam etdirəcək.

Mehman Səlimova ittiham verilib ki, 2006-cı ildən başlayaraq Müdafiə Nazirliyi onun sahibi olduğu “STŞ” MMC ilə müqavilələr bağlayıb. MMC Nazirliyin tabeliyindəki hərbi hissə və hərbi şəhərciklərdə tikinti və təmir işləri aparırmış. Lakin ötən il istintaq orqanı ayrılmış pulların MMC tərəfindən mənimsədiyini müəyyən edib.

Mehman Səlimov isə ittihamları qəbul etmir. Həbsinin səbəbini bu il MTN-də keçmiş müdafiə naziri Səfər Əbiyevlə bağlı tələb olunan izahatları yazmaması ilə əlaqələndirir.

Bu iş üzrə məhkəmə proseslərində tez-tez keçmiş Müdafiə naziri Səfər Əbiyevin adı hallanır. Amma hələlik nə keçmiş nazirin özü, nə də hər hansı formada təmsilçisi səslənən ittihamlarla reaksiya vermirlər.

XS
SM
MD
LG