Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:00

İpoteka üçün 200 milyon daxili bazarın ümidinə qaldı


Bina
Bina

-

«Azərbaycan İpoteka Fondu» ASC ölkədə ipoteka kreditinin genişlənməsi üçün daxili bazardan 200 milyon manat cəlb etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov jurnalistlərə bildirib. Bununla yanaşı, nazir qeyd edib ki, dövlət büdcəsindən növbəti ildə ipotekanın maliyyələşdirilməsinə 50 milyon manat ayrılacaq.

200 milyon manat cəlb edilməsi vaxtını nazir dəqiq söyləməyib. Daxili bazardan vasitələrin cəlb edilməsi Azərbaycan ipoteka fondunun yenidən təşkil edilməsindən sonra mümkün olub.

PREZİDENT BU PULU BÜDCƏDƏN AYRIMAĞI TAPŞIRMIŞDI

Dövlət başçısı bu pulun dövlət büdcəsindən ayrılmasını tapşırmışdı. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci yarısının yekunlarına həsr olunan iclasında bildirib ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən, ən azı, 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir:

«Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq? Burada iki yanaşma var. İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək, pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın».

«200 MİLYONU CƏLB ETMƏK ÇƏTİN MƏSƏLƏDİR»

Daşınmaz əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev deyir ki, 200 milyon vəsaiti daxili bazardan cəlb etmək çətin məsələdir: «Çünki fondun istiqrazları üzrə gəlirlilik çox aşağı olması gözlənilir. Buna görə də kommersiya qurumlarının bu kağıza marağının az olması gözlənilir. Buna görə də bu istiqrazların alıcısı qismində çox güman ki Mərkəzi Bank çıxış edəcək. Bu isə onsuzda dolayısı ilə dövlət maliyyələşdirilməsinə bərabər olan addımdır. Və bu, daha doğru addımdır».

XS
SM
MD
LG