Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:46

At naziri aclıqla işgəncədən öləcəkdi...


Geldy Kyarizov
Geldy Kyarizov

-

At bilicisi Geldy Kyarizov prezident Saparmurat Niyazov-un dövründə Türkmənistanın hökumət təsislərindən birbaşa həbsxanaya düşmüş və bu dəhşət saçan həbsxanada beş ay qalmışdı. 2015-ci ilin sentyabrında ölkədən çıxmasına icazə verilən Kyarizov Türkmənistanın ən sərt həbsxanasında yaşadığı «aclıqla işgəncə»dən danışır.

«OVADAN DEPE»YƏ GƏLIŞ VAR, ÇIXIŞ YOX...

Silahlı gözətçilər Geldy Kyarizov-u Aşqabadın kənarında - Türkmən Səhrasında yerləşən «Ovadan Depe» həbsxanasına salandan sonra onun başına keçirdikləri torbanı çıxarıb belə demişdilər: «İndi sənə yalnız Allah kömək ola bilər».

Bu mümkün olduqca ciddi rejimli həbsxananın «xüsusi blok»undakı kamera yoldaşları az keçmiş onu xəbərdar da etmişdilər: «Hələ heç kəs buradan sağ çıxmayıb. Buraya ancaq gəlmək olur, getmək – yox».

Di gəl, Kyazirov sağ çıxa bildi. Dediyinə görə, əsassız ittihamlarla tutub, 6 il həbs cəzası versələr də, 2007-ci ildə - avtokrat Saparmurat Niyazov ölüncə, onu tez-tələsik buraxıblar.

Kyarizov «Ovadan Depe»ni məhbusların göy üzünü nadir hallarda gördüyü, arıqlayıb ümidsizliyə qapılıncayadək ac saxlandığı «dəhşətli» bir yer kimi təsvir edir.

«Məhbuslara elektriklə işgəncə vermir, yaxud közərdilmiş maşayla bədənlərindən ət qoparmırlar. Yox, orada buna gərək yoxdur, - sadəcə, yemək vermirlər. Məhbuslar bir dəri, bir sümük qalır və bir-birinə zooparkda meymun görürmüş kimi baxırlar...». O, sentyabrdan bəri yaşadığı Moskvada Azadlıq Radiosuna deyib bu sözləri.

«Ovadan Depe» türkməncə «mənzərəli təpə» deməkdir (abad, sahmanlı, baxımlı, gəlməli-görməli təpə mənaları da var – red.).

BƏZİ KAMERALARIN DƏMİR QAPILARINDA...

Kyarizov burada olanda məhbuslar öz kameralarından həftədə bir dəfə - 7 dəqiqəliyinə, o da xüsusi blokdan duşlanmağa və üz qırxmağa gedərkən çıxır və dediyinə görə, yalnız bu zaman göyüzünü görə bilirlərmiş.

O, bəzi kameraların dəmir qapılarında «Yalnız üç xidmətin - Daxili İşlər, «KQB» və Prokurorluğun iştirakıyla açıla bilər» sözlərinin yazıldığını da deyir.

Kyarizov-un sözlərinə görə, kamera yoldaşları qorxunc görünəcək qədər arıq imişlər. Tanınmış siyasətçi və keçmiş əyalət qubernatoru, vaxtilə Niyazov-un «Türkmənistan Qəhrəmanı» adını adı verdiyi Geday Akhmedov-un həmin kamerada acından öldüyünü də onlara deyiblərmiş.

Kyarizov eyni taleni yaşamamaq üçün çox çalışıb.

Deyir ki, səhər, nahar və şam yeməkləri nazik çörək dilimindən və bir neçə qaşıqlıq sulu və ətsiz-yağsız darı sıyığından ibarətmiş. Çörəyin də, sıyığın da içi qum və xırda çınqılla dolu olurmuş.

Naharda hər məhbusa bir qab «şorba» da verirlərmiş. «Şorba» deyilən şey - içində hərdən bir-iki tikə soğan, yaxud kartof olan qaynanmış suymuş.

QAYNADILMIŞ DƏVƏTİKANI YARPAĞI...

Səhər açıqrəngli ilıq çay, günorta və axşamlarsa qaynadılmış dəvətikanı yarpaqları verilirmiş.

Kyarizov deyir ki, məhbusların yeməyi silahlı gözətçilərə bişirilən xörək artıqlarından hazırlanırmış:

«Cəmi beş aya 40 kiloqram çəki itirmişdim. «Ovadan Depe»yə gətiriləndə 96, oradan çıxanda 59 kilo idim. Cəmi beş aya. İndi təsəvvür edin, orada illərcə yaşamış adamlar nə hala düşür...».

Beş aydan sonra Niyazov ölüb və onun yerini Berdymukhammedov tutub. Türkmənistanın yeni prezidenti bu vəzifəyə gələndən bir neçə həftə sonra Kyarizov-u əfv edib.

Bütövlükdə götürəndə, Kyarizov-un həyatı Türkmənistanın avtokrat liderlərinin şıltağından formalaşıb.

BƏXTLİ VƏ BƏXTSİZ «AXAL TEKE»LƏR...

Ünlü «Axal Teke» at cinsinin yetişdiricisi olan Kyarizov 1991-ci ildən bəri bu əzəmətli canlını yenidən məşhurlaşdırmaq üçün çox iş görüb.

Sovet hökuməti «Axal Teke»ləri ayrı-ayrı adamların yetişdirib-saxlamasını yasaqlamışdı. Beləcə, özəl fermaların və milli ruhun önünü kəsmək istəyirdi. Sovet hökuməti bu nadir cins atların ətinin yeyilməsinə də icazə vermişdi. Bu isə türkmən ənənələrinə və mentalitetinə zidd idi.

«Axal Teke» at cinsinin yenidən məşhurlaşmasında Kyarizov-un oynadığı rol onu bir növ milli qəhrəmana çevirdiyindən, o, Niyazov-un elitasında yer almış, Türkmənbaşı onu «At Yetişdirmə Naziri» təyin etmişdi.

Sonralar bu nazirlik «Türkmən Atları Dövlət Agentliyi»nə çevrilib. O, həbs edilincəyədək həmin agentliyin rəhbəri olub.

Kyarizov 2002-ci il dekabrın 31-də -guya Niyazov-a qarşı sui-qəsd cəhdindən bir ay sonra həbs edilib. Onu səhlənkarlıqda və vəzifəsindən sui-istifadədə suçlayıblar. Özü isə bu ittihamları əsassız və siyasi motivli sayıb.

«OVADAN DEPE»Nİ TÜRKMƏNBAŞI TİKDİRİB

«Noyabrçılar» adlandırılan və sözügedən sui-qəsd cəhdinə başçılıq etdiyi iddia olunan ozamankı xarici işlər naziri Boris Shikhmuradov-a yaxın rəsmi şəxslərin də «Ovadan Depe»də saxlandığı düşünülür.

Niyazov «Ovadan Depe»ni elə həmin olaydan sonra - 2003-cü ildə həbs etdirdiyi siyasi fəalları, müxalif simaları və İslam ekstremisti olduğu iddia edilənləri saxlamaq üçün tikdirib.

Ömürlük həbs cəzasına məhkum edilmiş Shikhmuradov-un da «Ovadan Depe»də saxlandığı deyilir. Onun ölüncəyədək işgəncəyə məruz qaldığı barədə xəbərlər də geniş yayılıb.

Heç vaxt Shikhmuradov-un yerini açıqlamayan türkmən rəsmiləri ölüm xəbərini də nə təkzib, nə də təsdiq ediblər.

Dövlət orqanları Kyarizov-u rəsmən sui-qəsd planında iştirakda suçlamasa da, Shikhmuradov-un əhatəsində olmasından şübhələndiklərinə görə daim ona basqı qurublar.

Onun «Ovadan Depe» haqqında söylədikləri «Human Rights Watch», «Amnesty International», «Crude Accountability» və başqa qrupların son hesabatlarında öz əksini tapıb.

PREZİDENTƏ TƏŞƏKKÜRDƏN BOYUN QAÇIRIB...

Kyarizov AzadlıqRadiosuna deyib ki, vaxtından əvvəl azad edilməsi onun həyatını qurtarıb.Ancaq televiziya bəyanatında Berdymukhammedov-a təşəkkür etməkdən boyun qaçırdığına görə, Türkmənistandan çıxışına qadağa qoyulub.

Bundan başqa onun at yetişdirmə biznesinə yenidən başlamasının da qarşısı alınıb. O, «cinayətkar keçmişinə» görə uzun müddət bu sahədə iş tapa bilməyib. Arvadının himayəsində olan axırıncı atını da müsadirə ediblər. Evini də, qanunsuz tikildiyini bəhanə göstərərək, söküblər.

Bu ilin sentyabrında onun və yaxın qohumlarının bir-bir ölkədən çıxmasına icazə verilib. O bunu insan hüquqları ilə bağlı Türkmənistana göstərilən beynəlxalq təzyiqlə əlaqələndirir.

SÜKUT TİRANLARIN ƏLİNİ SƏRBƏST BURAXIR...

Kyarizov deyir ki, Türkmənistanda dəyişiklik istəyənlər səsini ucaltmalıdırlar: «Ağızlarını yumulu saxlayacaqlarsa, bu vəziyyət heç vaxt bitməyəcək».

O, sözlərinə bunu da əlavə edib ki, sükut «tiranların əlini sərbəst buraxır. Sakit qalmaq pisdir. Mən bunu indi azad olduğuma görə demirəm, ona görə deyirəm ki, orada minlərlə insanın həbsxanalarda olduğunu bilirəm».

XS
SM
MD
LG