Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:34

Xilasetməyə 11 vertolyot cəlb edilib


«Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə yanğın
«Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə yanğın

-

İtən neftçilərin axtarışına Sərhəd qoşunlarının 7, Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 vertolyotu cəlb olunub.

Bunu SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov “Günəşli” olayı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Xaliq Məmmədov bildirib ki, axtarış və xilasetmə işlərinə eləcə də bütün müvafiq strukturlar, gəmilər, sərhəd qoşunları və FHN cəlb edilib: "SOCAR Qazaxıstan, Rusiya və İran tərəfinə də müraciət etmişik. Belə ki, itən neftçilərin cəsədləri güclü axına görə bu ölkələrin sektoruna düşə bilər".

Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə hadisənin təxribat olmasına inanmadığını deyib:

“Mən təxribat ehtimalına inanmıram, amma bu variantı da yaradılan komissiyaya daxil olan Milli Təhlükəsizlik Nazirliyi araşdırır”.

X.Yusifzadə deyib ki, hadisə baş verən yerdə 28 quyu var:

“Onlardan 26-ı neft quyusudur, onun da ikisi işlək vəziyyətdə deyil. Hadisə baş verəndən dərhal sonra da ora gələn borular bağlandı. Amma necə oldusa, yanğın başqa bir quyuya da keçdi. Onunla da heç nə olmaz. Həmin quyu çox güman ki, günün sonuna kimi söndürüləcək.

Platforma 1984-cü ildə tikilib, istismar müddəti 50 ildir. Neft hasilatı 950 ton, qaz isə 1 milyon kub metrdir. Bizim maddi itkimiz budur. Nə qədər ki, bu quyunu söndürməmişik itkimiz davam edəcək”.

Dekabrın 4-də tufan «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Rəsmi mənbələr 30 nəəfrin itkin düşdüyünü, 2 nəfərin öldüyünü deyir.

XS
SM
MD
LG