Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:52

«Məni tutmaq üçün atamı girov götürüblər»


Həbsxana
Həbsxana

-

Naxçıvan sakini Rəşad Abbasov AzadlıqRadiosunun «Qaynar xətt»inə təkrar müraciət edib. O, üçüncü dəfədir ki, atası Nadir Abbasovun Naxçıvan şəhər Polis İdarəsinə aparıldığını deyir.

Bu il noyabrın 28-də Rəşad Abbasov «Qaynar xətt»ə atası Nadir Abbasovun başına gələnlərdən danışmışdı. Bildirmişdi ki, noyabrın 9-da atasını Naxçıvan polis idarəsinə apararaq noyabrın 19-dək orada saxlayıblar. Ayın 19-da sərbəst buraxılıb, ancaq oğlu Rəşadın Bakıdakı güc nazirliklərinə şikayət etməsindən xəbər tutduqdan sonra atanı yenə polis idarəsinə aparıblar. Azı 10 gün saxladıqdan sonra Nadir Abbasovu sərbəst buraxıblar. Ancaq oğlu Rəşadın şikayətlərini davam etdirdiyini görüb atanı dekabrın 11-də bir daha polis idarəsinə aparıblar:

– Atamı buraxdılar, ancaq indi yenə xəbər tutublar ki, AzadlıqRadiosunun saytında şikayətim dərc olunub. Bu gün səhər yenə gəlib tutub aparıblar. Yaşlı, xəstə insandır. Hər dəfə dalıyca gəlib aparanda nə qədər həyəcan keçirir.

- Niyə aparıblar?

- Biz «Quran» oxuyan, məscidə gedən, namaz qılan ailəyik. Atamı birinci dəfə aparıb saxlamışdılar, xəbərdarlıq etmişdilər ki, «məscidə çox gedirsən, dinə çox meyl göstərirsən». Qardaşımı da ona görə aparmışdılar. Qardaşımı sorğu-sual, xəbərdarlıq edib buraxmışdılar. Atamı isə saxlamışdılar. Mən də hər yerə yazdım, narahatlığımı bildirdim ki, tədbir görülsün. Çünki atamdan bir xəbər demirdilər, apardığımız yeməkləri qəbul etmirdilər. Atamın ayaqları xəstədir, onu polis idarəsində saxlayırdılar, yatmağa yer də vermirdilər. Atamı 11 gün saxlayıb buraxdılar, ancaq xəbər tutanda ki, mən onların hərəkətlərindən şikayət etmişəm, gəlib yenə apardılar. Məndən qisas almaq üçün yaşlı kişini yenə aparıb saldılar polis idarəsinin saxlama yerinə. Mən bu dəfə də boş dayanmadım. Şikayətlərimi davam etdim. Sizdə şikayətim işıq üzü görəndən təqribən 2 gün sonra – dekabrın əvvəli atamı buraxdılar. Düşündük ki, daha əl çəkdilər. Ancaq bu gün səhər yenə gəlib polis idarəsinə aparıblar.

- İndi nə səbəb göstərirlər?

- Bu dəfə vəziyyət başqadır. İndi mənim qarşımda şərt qoyublar ki, «sən gəl, atanı buraxaq. Bizdən şikayət etmisən, indi gəl, şikayətinin arxasında dayan». Mən şikayət edib hüquqlarımızın bərpa olunmasını istəmişəm, cinayət etməmişəm ki, cəzasını da çəkəm. Məni tutmaq üçün atamı girov saxlayıblar.

- Atanız polis idarəsindən buraxılandan sonra başına gələnlərdən nə danışdı sizə? Onu ikinci dəfə niyə saxlayıblarmış? Nə sorğu-sual ediblər?

- Atam dedi, eləcə evdən aparıb atıblarmış polis idarəsinin saxlama yerinə, bir də qapını açıb deyiblər, «gəl, çıx get evinə. Oğluna de ki, bir də bizdən şikayət yazmasın».

- Polis idarəsində saxlanıldığı müddətdə atanıza qarşı münasibət necə olub?

- Düzdür, döyməyiblər, ancaq başqa yolla işgəncə veriblər. Atam 10 gündən çox oturaq vəziyyətdə qalıb. Yatmağa yer verməyiblər. Ona yemək aparanda bizi qapıdan qovurdular. Ayaqları şişib. Səhhəti pisləşib. İndi belə vəziyyətdə yenə götürüb apardılar.

- Nə etmək fikrindəsiniz?

- Şikayətlərimi davam etdirəcəyəm. Yaşlı, xəstə insanı girovluqda saxlayırlar. Bu boyda özbaşınalıq olmaz. Yəni, bunlara bir «dur» deyən olmayacaq?

Rəşad Abbasov deyir, Naxçıvanda vəkillər də vətəndaşların hüquqlarını müdafiə etməyə çəkinirlər. Bu üzdən vəkil tutmaq məsələsi qəlizdir.

Nə Naxçıvanın Muxtar Respublikasındakı, nə də Bakıdakı güc nazirliklərindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG