Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:48

Şərlənən 200 jurnalist...


Moldova - azərbaycanlı jurnalist Xədicə İsmayılovaya dəstək aksiyası, 2014
Moldova - azərbaycanlı jurnalist Xədicə İsmayılovaya dəstək aksiyası, 2014

►Dünyada jurnalistləri ən çox həbs edən ölkələr

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 1995-ci ildən bəri hər il dərc etdiyi ənənəvi həbsxana siyahısının 2015-ci il buraxılışı dərc edilib.

Sənəddə deyilir ki, Çində barmaqlıqlar arxasında olan jurnalistlərin sayı rekord həddə çatıb, Türkiyə və Misirdə həbs olunmuş jurnalistlərin sayı isə 2015-ci ildə əhəmiyyətli dərəcədə artıb.

Ümumilikdə, 2015-ci ildə peşə fəaliyyətinə görə həbs edilmiş jurnalistlərin sayının 199 olduğu bildirilir. Keçən il bu rəqəm 221 idi. İran, Vyetnam və Efiopiya ən az sayda jurnalisti həbsdə saxlamaqla diqqəti çəksə də, hər üç ölkədə media üçün təhlükə qalmaqdadır. Bu ölkələrdə azad edilmiş jurnalistlərin çoxuna qarşı ittihamlar və ağır məhdudiyyətlər qalmaqdadır. Bura məcburi mühacirət də daxildir.

Ümumən, dövlətə qarşı çıxmaqla bağlı itihamlar jurnalistləri həbsxanaya salmaq üçün ən geniş yayılmış ittihamlardır. Jurnalist həbslərinin 55 faizində bu hala rast gəlinir. CPJ aşkar edib ki, son 5 ildə həbslərin rekord həddi, yəni 25 faizində narkotik və silah saxlama, mənimsəmə və təhqir kimi qondarma ittihamlarından istifadə edilib.

Buna da bax: Gülüş hədəfinə çevrilən cərimələr...

Belə hallardan biri də azərbaycanlı jurnalist Xədicə İsmayılovanın işidir. Ona Azərbaycanda qeyri-qanuni sahibkarlıq, vergidən yayınma, səlahiyyətlərindən sui-istifadə, mənimsəmə kimi qondarma ittihamlarla yeddi il yarım həbs cəzası kəsilib. Xədicəyə qarşı bu ittihamlar onun korrupsiya ilə bağlı araşdırmalarına görə irəli sürülüb.

X.İsmayılova yüksək səviyyəli hökumət rəsmilərinin korrupsiya əməllərini ifşa etməsinə görə tanınır. O, prezident İlham Əliyevin ailəsi ilə bəzi çox gəlirli bizneslər arasında əlaqələri də təhqiq edib. İsmayılova həmçinin illərlə Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyəti barədə yazıb.

Onun həbsindən iki gün əvvəl yerli mediada çap edilmiş məqalədə prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev Xədicə İsmayılovanı vətənə xəyanət və casusluqda ittiham etmişdi. CPJ və başqa insan hüquqları və media azadlığı qrupları İsmayılovanın son illərdə təqib edilməsini yaxından izləyirdilər. Dövlət mediasında ona qarşı aparılan qarayaxma kampaniyası, qondarma cinayət işləri, guya dövlət sirlərini sızdırması ilə bağlı dindirilməsi, Strasburqa gedərək Avropa siyasətçilərini Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə məlumatlandırmasından sonra ölkədən çıxmasına qoyulmuş qadağalar da bu qəbildəndir.

CPJ-in hesabatında əksini tapmış digər trend və detallardan bəziləri aşağıdakılardır:

- Dünyanın 28 ölkəsində həbsdə olan jurnalistlər var. Həmin ölkələrdən 10-da yalnız 1 jurnalist həbs edilib. CPJ-in 2015-ci ildə apardığı tədqiqat göstərib ki, jurnalistlərin həbsini sistematik şəkildə həyata keçirən ölkələrin sayı azdır.

- Həbsdə olan jurnalistlərin 28 faizi müstəqil jurnalistlərdir. Bu faiz 2011-ci ildən bəri davamlı olaraq azalmağa başlayıb.

- Dünyada həbsdə olan jurnalistlərin 109-u elektron, 83-ü çap mediasında işləyib.

- İki ölkə, Türkmənistan və Birləşmiş Ərəb Əmirliklərində 2014-cü ildə heç bir məhbus jurnalist olmasa da, 2015-ci ildə bu ölkələrin adı yenidən həbsxana hesabatına düşüb.

XS
SM
MD
LG