Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:53

Günəş göydə olmalıdır, o isə yerdə yatır...


Rəşid Behbudov (1915-1989)
Rəşid Behbudov (1915-1989)

-

Azərbaycanın məşhur «İşıqlı Adam»ı...
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

«Məni hər zaman düşündürən bir sual var: Görəsən, Rəşid Behbudovun sənəti yüksəkdə dayanır, yoxsaonun Azərbaycan sevgisi?».

Busualı AzadlıqRadiosunun «İZ» proqramına Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi ünvanladı.

«İKİNCİ BELƏ ADAM TANIMIRAM...»

«İZ» proqramının Rəşid bəyin yubileyinə həsr olunmuş «İşıqlı adam» radiodastanına qatılan Kamil Şahverdi əfsanəvi müğənninin vətən sevgisini belə anlatdı: «Tam səmimi deyirəm: Mən ikinci belə adam tanımıram ki, vətəninə belə bağlı olsun, onu bu qədər sevsin...».

BEHBUDOVLAR...

Kamil Şahverdi bu sevginin özünəməxsus səbəblərindən söz açdı: «Rəşid Behbudov çox böyük bir nəsildəndir - Behbudovlar nəslindən. Onun atası Məcid Behbudov o dövrdə Qafqazın, bütövlükdə Şərqin ən böyük xanəndələrindən olub. ÖtənlərdəBakıya İngiltərədən Çörçil Fondu xəttiylə bir mütəxəssis gəlmişdi. O, «Qrammofon-Rekords» şirkətinin tarixçəsini araşdırırdı. Çox maraqlı faktlar söylədi. Əvvəla, məlum oldu ki, London Kral Kitabxanasında Azərbaycanın bütün sənətkarlarının valları «Erməni musiqisi» şöbəsində qorunur... Biz ona geniş materiallar təqdim etdik. Onun bizə verdiyi ən maraqlı məlumat o oldu ki, Məcid Behbudovun 40 valı Kral Kitabxanasında qorunur. Rəşid bəyin babası da çox varlı, imkanlı imiş, onun çox böyük ticarət şəbəkələri olub».

VƏKİLOVLAR...

Kamil Şahverdi Rəşid bəyin ana tərəfini belə tanıtdı: «Rəşid bəyin anası Füruzə xanım Azərbaycanın ən məşhur nəsillərindən olan Vəkilovlardandır. Səməd Vurğunun əmisi qızıdır. Rəşid bəyin dayısı Lütfəli bəy 1918-20 illərdə qurulan Azərbaycan Cümhuriyyətinin milli ordusunda çalışıb, daha sonra repressiya olunub (Polkovnik Abbasqulu bəy Vəkilovun oğlu Lütfəli bəy Vəkilov (1890-1932) praporşik olub. 1932-ci ildə «antisovet ruhlu zabit» kimi sürgünə göndərilib və ondan daha xəbər çıxmayıb-S.İ.). Digər dayısı - Gəray bəy də məşhur hərbçi idi. O da Cümhuriyyət ordusunda xidmət edib. (Gəray bəy Vəkilov (1884-1952) 1918-ci ildə yaradılan süvari dəstələrinin təşkilatçılarından olub. Birinci süvari alayının komandiri kimi Gəncədə, Tərtər və Bakıda xidmət edib. Müsavat zabiti olduğuna görə dəfələrlə həbs edilib. 68 yaşında Bakıda dünyasını dəyişib-S.İ.).

ANASI FÜRUZƏ XANIM...

Kamil Şahverdi Rəşid bəyin anasıyla bağlı da maraqlı fakta toxundu: «Rəşid bəyin anası Füruzə xanım Tiflisdə Azərbaycan məktəbində fransız, rus və Azərbaycan dilindən dərs deyib. Maraqlıdır ki, Füruzə xanım Nəriman Nərimanovun Tiflisdə yaratdığı Müsəlman Qadınlar Klubunun sədri olub».

Rəşid Behbudov
Rəşid Behbudov

RƏŞİD BEHBUDOV SƏNƏTƏ NƏ GƏTİRDİ?

Aparıcının: «Rəşid Behbudovsuz nə itirərdik və Rəşid Behbudov mədəniyyətə nə gətirdi» sualına Kamil bəy belə cavab verdi: «Sualın ikinci hissəsindən başlayım. Rəşid Behbudov sənətə çox böyük yeniliklər gətirdi. Rəşid bəy Azərbaycan xalq mahnılarını dünyanın klassik vokal janrı səviyyəsinə yüksəltdi. Rəşid Behbudov qədim xalq mahnılarımızı müasir gənclərə qaytardı -müasir zövqə, müasir qulağa uyğunlaşdırdı. Dünyada ilk dəfə yeni və gözəl janr - Mahnı Teatrı yaratdı. İlk dəfə şou baleti də Rəşid Behbudov yaradıb. Mahnını rəqslərlə tərtib edər, müxtəlif səhnəciklər qurardı. İndiki «klip» anlayışını Rəşid bəy səhnədə yaradırdı. Hər bir mahnının xüsusi süjeti qurulurdu. Rəşid bəy həm də dünyanın ən məşhur mahnılarını Azərbaycan dilində çatdırırdı. Eyni zamanda, Azərbaycan mahnısını dünyanın 100-dən artıq ölkəsində təbliğ edirdi. Hansı ölkədə olur-olsun,Rəşid Behbudov mütləq həmin xalqın dilində «Arşın mal alan»dan səhnəciklər ifa edirdi. Bu da onunla nəticələnirdi ki, «Arşın mal alan» həmin xalqın dilinə tərcümə olunub səhnəyə qoyulurdu. Təsadüfi deyil ki, bu operetta dünyanın 86 dilinə tərcümə olunub, 160 teatrında səhnələşdirilib. Yəni bunda da Rəşid Behbudovun xidməti çox böyük idi».

RƏŞİD BEHBUDOVSUZ NƏ İTİRƏRDİK?

Kamil Şahverdi itirdiklərimizin həddindən çox olduğunu düşünür: «Korifey sənətkarımızı itirdik... Düşünürəm ki, Rəşid Behbudov sağ olsaydı, səhnəmizdə, mədəniyyətimizdə bayağı mahnılar meydan sulamazdı. Səsi olmayan, başqa vasitələrlə səhnəyə can atan sənətçilər onun qarşısında cürət edib səhnəyə çıxmazdılar».

«AYRILIQ» MAHNISI NECƏ TAPILDI?

Kamil Şahverdi «Ayrılıq» mahnısının tapılmasına belə aydınlıq gətirdi: «Biz bu mahnını çoxdan axtarırdıq. Bu mahnı vaxtilə Azərbaycan Dövlət Radiosunun arxivində olmuşdu. Yaşlı nəsil onu dəfələrlə eşitdiyini xatırlayırdı. Amma 90-cı illərdən sonra mahnının taleyi qaranlığa büründü. Axtarışlara başladıq. Amerikada – Los-Ancelesdə «Pars-Video» şirkəti var. O şirkət Rəşid Behbudovun çoxlu disklərini buraxıb. Biz beşini əldə etmişik. Məlumat çatdı ki, həmin şirkətdə «Ayrılıq» mahnısı da var. Şirkətlə əlaqə yaratdıq. Amma onlar biləndə ki, biz müğənninin ailə üzvləriyik, bizimlə əlaqəni kəsdilər və gizlənməyə başladılar. Biz də mahnını Türkiyədəki dostlarımızın vasitəsilə əldə etdik».

«O, MƏNİ ÇOX SEVİRDİ...»

Verilişdə Rəşid bəyin sevgili ömür-gün yoldaşı, ilham pərisi Ceyran xanımın və qızı Rəşidənin də səsyazıları var. Rəşidə xanım: «Çox mehriban ata idi. Düzünü deyim, hətta anamdan daha mehriban, daha diqqətcil, daha müasir idi... Mənim heç bir istəyimə «yox» deməzdi. Məni lap çox sevərdi. Ölümündən bu qədər illər keçsə də, belə hesab edirəm ki, bu, təbii ölüm deyildi... Yəqin elə buna görə də, mənə, həm də bütün Azərbaycan xalqına onun yoxluğu çox ağır gəlir. Onun gözəl bir keyfiyyəti də vardı ki, indi bizim kişilərdə itmək üzrədir. O, qadınlara hörmət edirdi. Ancaq təkcə həyat yoldaşına, bacısına, qızına yox, tanış olmayanlara da...».

Ələkbər Ağasıyev
Ələkbər Ağasıyev

«RƏŞİD, SƏN HARDASAN?»

Ceyran xanım: «O bilirsizmi necə adam idi?İşıqlı adam idi... Nur saçırdı. Ən ağır günündə də adamı şənləndirməyi, fikrini dağıtmağı bacarırdı. Bax, bu işıq saçan, nurlu adamdan ötrü çox darıxıram. Evdə bu işıqlı adamın yoxluğu hər an, hər dəqiqə hiss olunur. Ona görə də, mən bu məzarı bu işıqlı adama yaraşdırmıram. Günəş göydə olmalıdır, axı... O isə yerdə yatır. Hər dəfə gözümü yuxarı dikib soruşuram: Rəşid, sən haradasan? Görürsənmi bizi? Bizə xeyir-dua ver...».

«BU RƏŞİDƏ NƏ OLDU, Ə? NİYƏ BELƏ QOCALDI?»

Verilişdə 22 il boyunca pulsuz-parasız Rəşid bəyin fotoqraflığını etmiş Ələkbər Ağasıyev də danışır: «Qəribədir,həmişə zarafatla deyərdi ki, 80 yaşım olanda, bığ-saqqal yapışdıracaq, əlimə əsa götürəcəyəm, uşaqlar qoluma girib məni səhnədən düşürəcəklər. Camaat pıçapıç edəcək, deyəcəklər bu Rəşidə nə oldu, ə? Niyə belə qocaldı? Bax, onda bığı, saqqalı, əsanı atıb başlayacağam oxumağa...».

«VTOROQO BEYBUTOVA NE BUDET!»

Ələkbər Ağasıyev Rəşid bəylə bağlı bir xeyli xatirəsini AzadlıqRadiosu ilə bölüşdü. Onlardan biri: «Opera teatrında əvvəllər tamaşa salonunun hər qapısında bir rus qadın dayanardı. Üçüncü zəngdən sonra heç kəsi içəri buraxmaz, qapını bağlayıb hollda söhbət edərdilər. Rəşid müəllimin konserti olanda, onların hamısı qapını aralayıb baxardılar. Bir dəfə yaşlı qadınlardan biri qayıdıb hündürdən dedi: «Vtoroqo Beybutova ne budet!». İllər keçib. Bu söz yadımdan çıxmır... Doğrudan da, kimsə təqlid edə bilər onu. Təqlid edənlər var. Amma o, tamam başqa şeydir, başqa şeydir...».

«İz»in «İşıqlı adam» radiodastanını burdan dinlə

Azərbaycanın məşhur «İşıqlı Adam»ı...
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid
XS
SM
MD
LG