Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:47

«Naxçıvanbank» müştərilərindən kredit ödənişlərini əvvəlki kursla alacaq


Dollar
Dollar

-

Naxçıvan Muxtar Respublikasındakı «Naxçıvanbank» müştərilərindən kredit ödənişlərini dolların əvvəlki kursuyla alacaq. Bu barədə AzadlıqRadiosuna məlumatı həmin bankın müştəriləri verib.

Yada salaq ki, dekabrın 21-də Azərbaycan Milli Bankı manatın növbəti devalvasiyası ilə bağlı qərar verib. Nəticədə manat ABŞ dolları qarşısında təqribən 50 faiz dəyərini itirib. Bu qərar bütün ölkədə banklardan dollarla kredit götürən insanlarda şok effekti yaratsa da, «Naxçıvanbank»ın müştərilərinin indi narahatlıqları bir xeyli arxada qalıb.

«SAĞ OLSUN VASİF MÜƏLLİM...»

Muxtar Respublika sakinlərindən Xanım Kərimova AzadlıqRadiosuna deyib ki, bu ilin sentyabr ayında «Naxçıvanbank»dan 3 min ABŞ dolları kredit götürüb. Xanım Kərimovanın sözlərinə görə, 26 faizlə götürdükləri bu pul onlara oğlunun toyu üçün lazım olub:

«Şükür Allaha, oğlumun toyunu etdik. Bu devalvasiyadan sonra yaman narahat idik. Getdim «Naxçıvanbank»a. Oradan dedilər ki, narahat olmayın, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov göstəriş verib ki, ödənişləri əvvəlki kursla, yəni 1 manat 5 qəpik kursuyla ödəyəcəksiniz. Bizim kredit faizini ödəməyimizə hələ bir həftə qalıb. Sağ olsun Vasif müəllim, indi daha narahat deyilik. Əgər ödənişi təzə kursla etsəydik, bu bizim ailə büdcəmizə böyük ziyan olardı. Onda ödəmək çox çətin olardı».

Ancaq muxtar respublikadakı digər bankların hansı qərar verəcəkləri isə hələ ki, bəlli deyil.

BANKLA VASİF TALIBOVUN ƏLAQƏLƏRİ...

Ümid Partiyasının Naxçıvan təşkilatının sədri Faiq Əliyev də deyir ki, Vasif Talıbovun bu qərarını muxtar respublikada bir çox insanlar müsbət qarşılayıblar:

«Ancaq mən eşitdiyimə görə, bu qərar devalvasiyaya qədər kredit götürən insanlara şamil edilir. Bundan sonra kim kredit götürəcəksə, ödənişi yeni kursla ödəyəcək. Hər halda müsbət qərardır. Ümumiyyətlə, Vasif Talıbovun son kadr dəyişikliklərini də əhali müsbət qarşılayıb».

Azər Mehdiyev
Azər Mehdiyev

İqtisadçı Azər Mehdiyev isə deyir ki, bu tip qərarların ölkənin yalnız bir bölgəsində və yalnız bir bank tərəfindən verilməsi pərakəndəlik yarada bilər:
«Mən bilmirəm ki, həmin bankla Vasif Talıbovun nə kimi əlaqələri var. Əgər Vasif Talıbov bu qərarı həmin bankın rəhbərliyinin mövqeyini almadan veribsə, onlara təzyiq edib».

«Naxçıvandakı bu güzəşt bütün ölkəyə şamil edilə bilərmi» sualına isə iqtisadçı belə cavab verir:

«Kredit riskdir, vətəndaşlar əvvəlcədən bu riski nəzərə almalı idilər. Ancaq, təbii ki, burada hökumətin məsuliyyəti də var. Hökumət vətəndaşların çıxılmaz vəziyyətə düşməsini nəzərə almalıdır».

«İQTİSADİYYATIN DA «ŞEYX NƏSRULLAH»LARI PEYDA OLUR»

Azər Mehdiyev son günlər bəzi KİV-lərdə bütünlükdə bu məsələ ətrafında səslənən bir sıra təkliflərə də münasibət bildirib:

«Deyəsən, iqtisadiyyatın da «şeyx Nəsrullah»ları peyda olur. Kimsə belə bir ideya ortaya atıb ki, devalvasiyadan sonra Milli Bankın valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manatdan güzəşt üçün istifadə etmək olar. Yəni bunu xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin qarşılanmasına yönəltmək olar. Bəzilərinin düşüncə tərzi tam mexanikləşib, deyəsən, kompüter proqramı ilə işləyir. Təxminən belə bir şey: Milli Bankın valyuta ehtiyatları, fərz edək ki, 6 milyard dollardır. Dekabrın 21-dən qabaqkı kursla bu, 6.3 milyard AZN edirdi. İndiki məzənnə ilə isə 9.3 milyard AZN. Bu təklifi buna əsasən deyirlər. Ancaq nəzərə alın ki, Milli Bankın valyuta ehtiyatları elə xarici valyutada saxlanır, elə buna görə valyuta ehtiyatları adlanır».

İqtisadçı deyir ki, Milli Bankın ehtiyatlarını Neft Fondundan dövlət büdcəsinə edilən transfertlə qarışdırmaq lazım deyil.

XS
SM
MD
LG