Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:34

"Gömrükdə monopoliya ləğv olundu"


Azərbaycan Gömrük Məntəqəsi (Karikatura Gündüz Ağayev)
Azərbaycan Gömrük Məntəqəsi (Karikatura Gündüz Ağayev)

►Bu həftədən yeni qaydaların qüvvəyə minəcəyi xəbərləri yayılıb. İnandırıcıdır?

“Eşitmişik ki, gömrükdə monopoliya aradan qaldırılacaq. Gözləyirik”.

Bunu vaxtilə Rusiyadan avtomobil ehtiyat hissələri gətirmiş və gömrükdəki problemlər ucbatından işini dayandıran sahibkar Rəsul Kərimov deyir. Onun sözlərinə görə, deyilənlər həqiqətə çevrilsə, o, yenidən idxalla məşğul olacaq.

Son günlər gömrükdə idxala monopoliyanın qaldırılması barədə sosial şəbəkələrdə informasiya yayılıb. İqtisadçı Nazim Məmmədov dekabrın 31-də facebook səhifəsində yazırdı:

“Gömrük Komitəsi dünən kollegiya iclası keçirib və monopoliyanın ləğvi haqqında göstəriş verib, brokerlər artıq gömrük idarələrindən çıxarılıb, "Azərsun" şirkətinə aid olan sonuncu brokerlər də Yeni ildən çıxarılır, gedin İrandan nə istəyirsiz gətirin!”

Buna da bax: Azərbaycanlılar Türkiyədə son 3 ilə 500 şirkət açıblar

“Hardan gəlib, neçəyə almısan?”

Sahibkar Rəsul Kərimov deyir ki, beş il əvvəl gətirdiyi malı öz adlarına rəsmiləşdirmək problemə çevrilib və qeyri-rəsmi söhbətlər onu biznesini dayandırmağa məcbur edib:

“Əgər mal sənin adına deyilsə, onda vergi ilə problemin yaranır. Vergi məmurları səndən satdığın malın sənədlərini tələb edir, “hardan gəlib, neçəyə almısan” kimi suallar çıxırdı ortaya. Səndə isə sənəd yoxdur. Burda da məcbur olursan qeyri-rəsmi söhbət eləməyə”.

Sahibkarın fikrincə, əgər gömrük sistemində şəffaflıq yaransa, bundan büdcə də udar, camaat da. Avtomobil ehtiyat hissələrinə bu ildən tətbiq edilən sertifikatla bağlı tələb Rəsul Kərimovu qorxutmur, deyir ki, o, malı Rusiyada zavoddan alırdı və bütün sənədlər də yerində olurdu:

“Əgər şəffaflıq yaransa, gətirdiyin malı öz adına sənədləşdirərsən, əlavə dəyər vergisini ödəyərsən, vergiyə də malın alış qiymətini sübut etməyə ehtiyac qalmaz, çünki artıq əlində sənədlərin olacaq”.

Buna da bax: Daş karxanalarına ikinci zərbə…

“400 dollarlıq rüsum ödəyəcəksən, səndən 2 min istəyirlər”

Astara gömrüyü
Astara gömrüyü

İran və Rusiyadan ölkəyə kərpic gətirən Sevinc Hüseynova da monopoliyanın və qeyri-rəsmi vəsait ödənişlərinin aradan qaldırılacağı söhbətlərindən sevinib. O hesab edir ki, bu baş verdiyi təqdirdə, ölkədə bolluq və ucuzluq yaranacaq. Sevinc Hüseynova bazara yeni rəqiblərin girəcəyindən də narahat deyil. Deyir ki, əsas odur, gətirdiyin malı adına sənədləşdirib qanuni rüsum və vergisini ödəyəsən:

“Məsələn, gətirdiyin mala görə 400 dollar rüsum ödəməlisən, səndən 2 min dollar istəyirlər. Verirsən və nəticədə qeyri-rəsmi ödədiyin məbləğ sənin xərcin olur. Bunu da maya dəyərinə gəlməyə məcbursan, yoxsa inkişaf edə bilməzsən”.

Buna da bax: Neft 30 dollara satılarsa, iqtisadiyyat necə olacaq?

Gömrük və vergi sistemində qanunu işlədən sahibkar

Bir neçə il öncə gömrükdə problemlə üzləşib məhkəməyə üz tutan sahibkar Vüsal Həmzəyevin əziyyəti boşa getməyib:

“Gətirdiyim malı gömrükdə öz adıma sənədləşdirirəm, qanuni ödənişlərimi edirəm. Vergi ilə problemim yoxdur, çünki bütün sənədlərim yerindədir, qanunla nə ödəməliyəmsə, onu da ödəyirəm”.

Əlavə qeyri-rəsmi ödənişlərinin olmaması Vüsal Həmzəyevi rəqiblərindən bir addım irəli salıb:

“Bazarda başqalarının 5 manata satdığı malı 3 manata sata bilirik”.

Sahibkarın sözlərinə görə, onların gətirdiyi mallar da monopoliya hasarına alınıb, ancaq məhkəmə mübahisələrindən sonra bu əngəlləri aşmağa nail olublar:

“İndi deyirlər ki, yanvar ayından bütün maneələr aradan qaldırılacaq. Oturub gözləyirik. İndi pul qıtlığı var, bilmirik, bu prosesin axırı nə olacaq, gözləyirik”.

Vüsal Həmzəyev “pul qıtlığı” deyəndə dolların bahalaşmasına işarə edir, deyir ki, hətta artıq sahibkarların qarşısında yaradılan süni maneələr aradan qaldırılsa belə, ölkədə dollar çatışmazlığı yarana və iqtisadiyyata zərbə vura bilər.

“Bayram bitsin...”

Azərbaycan-Gürcüstan sərhədi, gömrük
Azərbaycan-Gürcüstan sərhədi, gömrük

Parket idxalçısı Mahir Əliyev də bayram tətilinin bitməsini gözləyir:

“Bu xəbərləri biz də eşitmişik, bayramdı, işləmirik. Sabahdan-birigündən məlum olacaq ki, deyilənlər həqiqətdir, yoxsa yox”, -o əlavə edir ki, gömrükdə inhisarçılıq aradan qaldırılsa, sahibkarlar dərhal bundan xəbər tuta biləcək.

Gömrük sistemində inhisarçılıqla bağlı tənqidlər ölkə başçısı İlham Əiiyevin də dilindən səslənib. Ötən ilin fevralında manat dollara nisbətdə 30 faizdən çox ucuzlaşandan sonra Gömrük Komitəsində sahibkarlarla mütəmadi görüşlər keçirilməyə başlanıb. Dekabr ayında isə manat yenidən, 50 faizdən çox dəyərini itirəndən sonra gündəmə “gömrükdə monopoliyanın ləğvi” gəlib.

“İnhisarçılıq dedikdə bəziləri anlamır ki...”

Gömrük Komitəsinin sədri Aydın Əliyev ötən il oktyabrında ANS TV-yə müsahibəsində bu sistemdəki inhisarçılıqla bağlı sualın cavabında demişdi ki, buna səbəb “iri şirkətlərin daxili bazara idxal zamanı yaratdığı hegemonluqdur”.

Aydın Əliyev qeyd etmişdi ki, inhisarçılığa maarifləndirmənin aparılmaması səbəb ola bilər:

“Burada bizim də səhvimiz var. Bu nəzərə alınaraq iş adamlarının arasında bu məsələyə daha ciddi yanaşılacaq. Azərbaycan bazarı getdikcə sivil formada inkişaf edir. Burada inhisarçılıq dedikdə, bəziləri anlamır ki, artıq dünyada tanınmış bir sıra istehsalçıların malları bazara nümayəndəlik şəklində gəlir. Əgər kimsə nümayəndəliyin hüququna toxunursa və malı gətirmək istəyirsə, onda idxalçı tərəfindən də tədbirlər görülə bilər. Əsas işimiz isə buna yol verməmək və şəffaflığın təmin olunmasıdır. Yəni məqsəd bərabərhüquqlu iqtisadi əlaqələrin aparılmasıdır”.

Sahibkarlar isə səbirsizliklə yanvarın 5-ni – iş həftəsinin başlamasını gözləyirlər: “Gömrükdə inhisarın ləğvi həqiqətdirmi” sualına cavab tapmaq üçün.

XS
SM
MD
LG