Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:50

"Bu, monopolistlərin qələbəsi sayıla bilər"


Astara Gömrüyü
Astara Gömrüyü

►Yaşanmamış sevinc, vur-tut, 2 ay çəkdi: Fiziki şəxslərin gömrük rüsumu ödəmədən ölkəyə 10 min dollarlıq mal idxalı icazəsi ləğv edildi.

Bu qərar yanvarın 13-də mediada yayılan, ancaq ötən il dekabrın 24-də imzalanan fərmanda əksini tapıb. Beləcə, 2015-ci il oktyabrın 22-də qüvvəyə minən Prezident Fərmanının 1-ci hissəsi ləğv olundu (söhbət “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”ndan gedir).

Ləğv olunan hissədə nə deyilirdi?

Orada deyilirdi ki, fiziki şəxslərin Azərbaycanın gömrük ərazisinə gətirdiyi və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və ümumi gömrük dəyəri 10 min dollar ekvivalentini aşmayan malları gömrük ödənişindən azad edilir. Üstəlik, yetkinlik yaşına çatmayan hər bir fiziki şəxs də əlavə 2000 dollar ekvivalentində gətirdiyi mala görə gömrük ödənişindən azad olacaqdı.

Buna da bax: Qubada etiraz aksiyası keçirilir

Ekspert: “İnhisarçılıq yığışdırılıb deməyə də əsas qalmır”

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, bu, monopolistlərin qələbəsi də sayıla bilər:

“Demək olar ki, onların təsiri ilə fərman geri oxundu. Bundan sonra gömrükdə inhisarçılıq yığışırılıb deməyə də əsas qalmır”.

Ekspert qərarı geriyə addım sayır:

“Bu qərar fiskal məqsəd daşımaqla yanaşı, həm də gömrükdə rüşvətə yollar açacaq”.

Gömrükdən nəyi və nə qədər rüsumsuz keçirmək olar

Azərbaycan vətəndaşları ümumi gömrük dəyəri 1500 dollar ekvivalenti məbləğini (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 dollar ekvivalenti məbləğini) aşmayan, qazanc güdülməyən malları gətirə bilərlər.

Qalib Toğrul
Qalib Toğrul

İqtisadçı eksperti Qalib Toğrul ölkəyə gömrük rüsumu ödənmədən gətirilə biləcək malları açıqlayır:

- Avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;

- 18 yaşına çatmış hər fiziki şəxsin öz istifadəsi üçün keçirdiyi 3 litr alkoqollu içki və 600 ədəd siqaret (3 blok);

- 10 kq-dək ərzaq (nərə cinsli balıq istisnadır);

- 125 qramadək nərə cinsli balıq kürüsü;

- Gömrük ərazisindən aparılan mallar (məsələn, duty free-dən alınan);

- Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri min ABŞ dolları ekvivalentini aşmayan mallar;

- Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar.

Özün və ailən üçün...

Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və (və ya) eynicinsli malı yuxarıda müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük rüsumu ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.

1500 dolların tərkibinə səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənməsi üçün nəzərdə tutulan şəxsi əşyalar, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil, şəxsi istifadəyə zəruri miqdarda dərman vasitələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilən qaydada açılmış vərəsəlik hüququna dayanaraq əldə edilmiş əşyalar (müvafiq təsdiqləyici sənədlə) daxil deyil.

Bu malların siyahısı olmalıdır

Azərbaycan Respublikasının gömrük sərhədindən keçən fiziki şəxs bu malların siyahısını yazılı açıqlamalıdır:

- Müşayiət olunmayan baqajla və daşıyıcı tərəfindən göndərilən mallar; - Avtonəqliyyat vasitələri;

- 1500 (min beş yüz) ABŞ dolları ekvivalentindən artıq qiymətli metallar və qiymətli daşlar; - 10 min dollar ekvivalentini aşan valyuta və qiymətli kağızlar;

- Gömrük sərhədindən keçirilməsinə görə xüsusi razılıq (lisenziya), icazə sənədi tələb olunan mallar.

XS
SM
MD
LG