Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:33

Müxalifətə keçdiyini bəyan edən müstəntiq rüşvət ittihamı ilə həbs edildi


Rüfət Səfərov
Rüfət Səfərov

-

Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən siyasi bəyanatla istefa vermiş Rüfət Səfərov barəsində həbs qərarından apellyasiya şikayəti veriləcək.

Bunu AzadlıqRadiosuna Rüfət Səfərovun vəkili Bəhruz Bayramov bildirib.

Apellyasiya şikayəti yanvarın 18-də təqdim olunacaq.

«KİMLƏRİNSƏ SİFARİŞİ İLƏ HƏBS OLUNUB»

Bəhruz Bayramov deyir ki, Rüfət Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə verilən ittiham mülahizələrə əsaslanır. Müdafiəçinin sözlərinə görə, bu ittihamın elan olunması üçün mötəbər sübutlar yoxdur.

«Rüfət Səfərov da özünü təqsirli bilmir, ittihamın absurd olduğunu bildirir. Hesab edir ki, prokurorluqdan istefa verməsi və tənqidlərinə görə kimlərinsə sifarişi ilə həbs olunub. Məhkəmədə də həbs qərarını gülüşlə qarşıladı», - vəkil deyib.

Rüfət Səfərovun atası, YAP-ın qurucularından olan keçmiş deputat Eldar Sabiroğlu da oğlunun siyasi sifarişlə həbs olunduğunu deyir. Eldar Sabiroğlu AzadlıqRadiosuna bildirib ki, oğlunun həbsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına tənqidi yazılarına görə qisas aktıdır:

«Rüfəti birmənalı siyasi sifarişlə həbs ediblər. Ramiz Mehdiyevə qarşı çıxışlarıma, yazılarıma görə bu yolla qisas alırlar. Ola bilsin, dövlət başçısını da inandırıblar».

Eldar Sabiroğlu
Eldar Sabiroğlu

«SABAH GƏTİRİB BİR ADAMI MƏNİM DƏ ÜZÜMƏ QOYARLAR Kİ...»

Eldar Sabiroğlu əlavə edib ki, Rüfət Səfərovun rüşvət alması barədə iddialar tamamilə yalandır:

«Ola bilsin, cəmiyyətin bir qismi bu barədə dediklərimə inanmayacaq, amma mən tam səmimiyəm. Həm ata, həm də Rüfəti yaxşı tanıyan biri kimi əminliklə deyirəm, onun rüşvət alması mümkün deyil. Mən elə övlad böyütməmişəm ki, rüşvət alsın. Lap elə tutaq ki, dedikləri doğrudur, bəs o zaman iki il əvvəl baş vermiş hadisə indi - Rüfət prokurorluqdan istefa verəndən sonra niyə yadlarına düşdü? Guya, Rüfət iki il əvvəl birindən 700, o birindən də 1000 manat rüşvət alıb. Ortada heç bir sübut-dəlil yoxdur. Bu yolla sabah gətirib bir adamı mənim də üzümə qoyarlar ki, bundan rüşvət almısan. Rüfətə ittiham verilən maddədə 8 ildən 12 ilə qədər həbs nəzərdə tutulub. Rüşvət hesabına milyonlarla sərvət toplayanlar qalıb kənarda...».

Rüfət Səfərov dekabrın 20-də ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq prokurorluqdan istefa verib və hökuməti tənqid edib. Bundan dərhal sonra Baş Prokurorluqdan onun çalışdığı Zərdab Rayon Prokurorluğuna yoxlama göndərilib. Eyni zamanda, Zərdab rayonunda Rüfət Səfərovun yaşadığı evdə axtarış aparılıb, mənzildən kompüter və telefon götürülüb. Yanvarın 11-də isə Zərdab rayonunun prokuroru Süleyman Süleymanov vəzifəsindən azad edilib.

XS
SM
MD
LG