Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:29

İlham Əliyevin hər müşavirəsi ümidsizliyi daha da artırır


Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

-

«Azadlıq» qəzeti yazır ki, AXCP sədri Əli Kərimli yanvarın 18-də İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirəni, o cümlədən Azərbaycanın beynəlxalq qurumlardan yenidən borc almaq, dövlət müəssisələrini özəlləşdirməyə çıxarmaqla bağlı hökumətin planlarını şərh edib. Əli Kərimli bu barədə fikirlərini Facebook səhifəsində paylaşıb.

AXCP sədrinin qənaətincə, sonuncu müşavirədə cəmiyyətə «çox neqativ mesajlar» verilib: «Hökumət bu gün xalqa dedi ki, narahat olmayın, xaricdən çoxlu borc alacağıq, olan-qalan dövlət müəssisələrini də özəlləşdirəcəyik.

Xalq da düşünəcək ki, hələ ölkə neft pullarında üzən vaxt xaricdən 25 milyard dollardan artıq (dövlət zəmanəti ilə bank və şirkətlərin də aldığı ilə birlikdə) kredit almısınız. O 25 milyardın bizə bir faydası olubmu ki, indi alacağınız 3-5 milyardın da faydası olsun? Bütün korrupsionerlər, oliqarxlar hamısı yerindədir, 25 milyardı necə yeyiblərsə, böhran dövründə alınacaq bir neçə milyardı da həmin qaydada yeyəcəklər. Xalq onu da soruşa bilər ki, tutalım, xarici borcları 25 milyard dollardan da artırıb, etdiniz 30 və daha çox milyard, bəs o borcları kim qaytaracaq? Yazıq deyilmi, bizim övladlarımız? Gələcək nəsillərin neftdən gələn gəlirlərdəki payını dağıtdınız, daha üstəlik, üzərilərinə bu qədər xarici borc yükləmək nə imiş?..».

Aydın Əliyev
Aydın Əliyev

OLİQARXLAR PREZİDENTİN QƏRARINI SABOTAJ EDİR

«Oliqarxlar prezidentin qərarını sabotaj edir» – «Yeni Müsavat»ın məqaləsi belə adlanır.

Qəzet yazır ki, Azərbaycanda illərlə formalaşmış broker sistemi (monopolist sistem) «xeyli təkmilləşdirilib» və sərhəddə ikinci «sərhəd» yaradıblar.

«Gömrük Komitəsinin sədri Aydın Əliyev ANS-ə müsahibəsində də bu faktı etiraf etdi və onların fəaliyyətinin qeyri-qanuni elan olunmasının mümkünsüzlüyünü də dedi. Yəni brokerləri sahibkarlarla müqavilələr bağlatmağa məcbur etməklə gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən məcburi alınması faktiki «qanunla tənzimlənir». Məhz bu səbəbdən də komitə sədrinin dediklərindən belə anlaşıldı ki, Gömrük Komitəsi «brokerləri qovun» tələbini yerinə yetirə bilməyəcək. Çünki ortada qanun var. Qeyri-rəsmi məlumatlara görə, 2006-cı ildən fəaliyyət göstərən «Trans Broker» MMC-nin... 5 minə yaxın əməkdaşı var! Gömrük Komitəsinin isə 3 min əməkdaşı olduğu deyilir».

Qəzet daha sonra yazır ki, ayrı-ayrı oliqarxların maraqlarına xidmət edən brokerlər sabotaja da əl ata bilərlər: «İdxala və istehsala böyük ölçüdə nəzarət edən oliqarxların öz aralarında gizli şəkildə razılığa gələrək, ölkəyə illərdir gətirdikləri müəyyən ərzaq mallarını anbarlarda «gizlətdikləri», daha doğrusu, «qiymətlər sərf etmir» bəhanəsi ilə bazara çıxarmayacaqları barədə xəbərlər yayılır. Məlumata görə, yenə də sahibkarların yüklərinin ölkəyə ən müxtəlif bəhanələrlə buraxılmaması ilə bağlı şikayətlər səngiməyib. Bu isə oliqarxların monopoliyanın ləğvinə qarşı müqavimət göstərdiklərinin daha bir sübutudur».

Un
Un

AZƏRBAYCANDA UN VƏ ÇÖRƏK QONŞU ÖLKƏLƏRDƏN BAHADIR

«Bizim Yol» yazır ki, rəsmi təbliğatda buğda, un ƏDV-dən azad olunduqdan sonra 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiymətinin 23-24 manatadək endiyi deyilir.

Ancaq qəzet əslində unun qiymətinin enmədiyini bildirir:

«Çünki əvvəlcə unun qiyməti heç bir səbəb olmadan 10 manat qaldırıldı, ƏDV götürüləndən sonra da 6 manatlıq bahalaşma var. Əvvəlcə qiyməti 55% qaldırdılar, hökumət «müdaxilə» elədikdən sonra 35%-lik artım qaldı, adını da qoydular ki, «unun qiyməti kəskin düşüb». Bəzi KİV orqanları da monopolistlərə istinadən xalqı arxayın etməyə çalışır ki, «bəs narahat olmayın, un 35 manata qalxmayacaq». 55% manatın devalvasiyasından da çox idi, daha hara qədər qalxacaqdı ki?! O ki qaldı hazırkı qiymətlərə, bizim alış-veriş etdiyimiz marketdə 58 qəpikdən aşağı pərakəndə un yoxdur. Bir ara 48 qəpiyə vardı, onun da qurtardığını dedilər. Deməli, marketdə unun pərakəndə qiyməti ilə bir kisə indi də 29 manata başa gəlir. Məlum oldu ki, bahalaşmadan əvvəl də kilosunu 40-45 qəpikdən alırmışlar, «dünyanın düz vaxtı» kisəsi 20-22.5 manat imiş. Əgər o 48 qəpiklik yenidən bizim marketimizdə peyda olsa, bizim unun kisəsi 24 manat olacaq. Hələlik isə 29 manat olaraq qalır».

Əsgər
Əsgər

QARABAĞ MÜNAQİŞƏSİNİN YARATDIĞI BEYNƏLXALQ NARAHATLIQ ARTIR

mövqe.az BMT baş katibinin «Beynəlxalq aləmdə fikir ayrılığı səbəbindən həlli uzanan münaqişələrə bu il son qoyulmalıdır» fikri ilə bağlı politoloqların rəylərini öyrənib.

Politoloq Tofiq Abbasov deyir: «Beynəlxalq təşkilatların dünyada bəzi ağır problemlərin öhdəsindən gəlməsinə baxmayaraq, Qarabağ böhranı fərqlidir. Düzdür, Qarabağ münaqişəsi qlobal mahiyyət daşımasa da, Qafqaz bölgəsi Asiya və Avropanın kəsişməsində yerləşir. O baxımdan Qarabağ münaqişəsi də geosiyasi baxımdan əhəmiyyətlidir və həllini tapılmalıdır. Lakin sanki daş qayaya rast gəlib. Dünya diplomatiyası ermənilərin qeyri-konstruktivliyi ilə bağlı bəla yaşayır».

Digər siyasi şərhçi Oqtay Sadıqzadənin fikrincə, 2016-cı ildə Yaxın Şərq və Ukrayna böhranları beynəlxalq güclərin əsas diqqətində olacaq. O Qarabağ münaqişəsinin nizamlanmasının çox çətin olduğunu bildirir: «Almaniya ATƏT-ə sədrliyi dövründə ola bilsin ki, hansısa çıxışlar etsin. Ancaq bu da yalnız xoş niyyət olacaq. Eləcə Ban Ki-moon-nun çıxışı da xoş niyyətdən o tərəfə keçmir».

XS
SM
MD
LG