Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:34

Əsgərlər məhkəmədə işgəncələrdən danışdılar


Tapdıq Babaşovun anası Kifayət Süleymanova müsahibə verir.
Tapdıq Babaşovun anası Kifayət Süleymanova müsahibə verir.

►"Manqa komandirləri bizi yerə uzadaraq, kürəklərimizdə çəkmə ilə gəzib..."

Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində ötən ilin mayında baş vermiş ölüm hadisəsi, həmçinin orada əsgərlərə işgəncə verilməsilə bağlı məhkəmə prosesi davam edir.

Bakı Hərbi Məhkəməsində hakim Müslüm Əliyevin sədrliyilə keçirilən bu prosesdə zərərçəkmişlərin dindirilməsi mərhələsidir.

Hərbi hissədə müəmmalı şəraitdə dünyasını dəyişmiş Tapdıq Babaşovun anası ilə yanaşı, hazırda orada xidmət edən 50 əsgər də iş üzrə zərərçəkmiş qismində tanınıb. Onlardan beş nəfəri yanvarın 26-da keçirilən məhkəmə iclasında ifadə verib.

Buna da bax: Mərkəzi Bank 500 milyon manat da “xərcə düşdü”

Əsgərlər hərbi hissədə işgəncəyə məruz qaldıqlarını təsdiqləyiblər. Bildiriblər ki, döyülüblər, hətta manqa komandirləri onları yerə uzadaraq, kürəklərində çəkmə ilə gəzib. Əsgərlərdən biri isə döyülmə nəticəsində qabırğasının sındığını, həkimə müraciət edilmədiyini və özü-özünə bitişdiyini bildirib.

Məhkəmə iclasında zərərçəkmiş Kifayət Süleymanovanın (Tapdıq Babaşovun anası) vəziyyəti pisləşib.

Tapdıq Babaşov
Tapdıq Babaşov

Tapdıq Babaşovun xalası oğlu Rüfət Hacıbəyli AzadlıqRadiosuna deyib ki, işin araşdırılmasından narazıdırlar:

"Onlar işi təhrif olunmuş, cinayətin əsl səbəbkarları gizlədilmiş formada araşdırıblar. 70 nəfərə yaxın zərərçəkən, 3 nəfər də təqsirləndirlən əsgər var. Bu əsgərlər həm xalam oğlunu öldürüblər, həm də 70-ə yaxın əsgərə işgəncə veriblər. Necə olub ki, qapalı məkanda bu, baş verib?”

“ƏSGƏRLƏRİ ÖYRƏDİB GƏTİRMİŞDİLƏR MƏHKƏMƏYƏ”

Tapdıq Babaşovun xalası Səmər Süleymanova məhkəmənin xüsusi ssenari əsasında qurulduğunu düşünür:

"Əsgərləri öyrədib gətirmişdilər məhkəməyə. Amma prokuror Rafiq Əliyev bizi qəbul etdi və dedi ki, “işi izləyəcək”. Bildirdi ki, cinayəti törədən ən ağır cəzanı alacaq".

Vəkil Hüseyn Həsənov zərərçəkmişlərdən sonra təqsirləndirilən şəxslərin dindirələcəyini, daha sonra vəsatətlərə qayıdılacağını bildirib.

Buna da bax: Ekspert: “Türkiyənin ipoteka modeli bizə yaramır”

Məhkəmə prosesi fevralın 9-da davam edəcək.

Bu cinayət işi üzrə təqsirləndirilən qismində məhkəmə qarşısına üç nəfər - Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadov çıxarılıb ki, onlar da həmin hərbi hissənin manqa komandirləri olub. Bu şəxslərə qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb. İş materiallarına görə, onlar digər əsgərləri döyməkdə, təhqir etməkdə və bu cür hərəkətlərlə Tapdıq Babaşovu intihar həddinə çatdırmaqda ittiham olunurlar.

Tapdıq Babaşov ötən il mayın 22-də dünyasını dəyişib. Rəsmi məlumatlara görə, mərhum Babaşov özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun anası Kifayət Süleymanova və digər qohumları buna qətiyyən inanmır. Onlar Tapdığın qətlə yetirildiyini düşünür.

XS
SM
MD
LG