Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

«Torpaqlar Dövlət Neft Şirkətinindirsə, necə tikirlər?»


Söküntü. Foto arxiv.
Söküntü. Foto arxiv.

-

«4 ildir ki, ailəmlə məhkəmə yollarında qalmışam. Məhkəmələr Dövlət Neft Şirkətinin qorxusundan işə obyektiv baxa bilmirlər. 2005-ci ildə məhkəmə yolu ilə hüququm tanınan mənzili sökmək istəyirlər. Əgər dövlətin adından çıxarılan qətnamələri 10 ildən sonra hansısa şirkətin təsiri, təzyiqi ilə ləğv edəcəklərsə, icra hakimiyyətlərindən asılı olan bu məhkəmələr nəyə lazımdır?».

Binəqədi qəsəbəsi, 2-ci Mədən, Körpü küçəsi 64, ev 240 ünvanında yaşayan Taqət Zeynalov AzadlıqRadiosunun «Qaynar xətt»inə danışır ki, 1995-ci ildən ailəsi ilə Binəqədi qəsəbəsində yaşayır. Elə o vaxtlar mənzilə qeydiyyata alınmaları üçün əvvəl ərazi nümayəndəliyinə baş vurub. Nümayəndə evə baxış keçirib, evin çertyoju çəkilib, ünvan verilib. Taqət Zeynalov həmin ünvanda yaşamaları barədə icra nümayəndəsindən arayış alaraq Binəqədi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 2005-ci ildə Zeynalovların mənzil hüquqlarının tanınması və qeydiyyata alınmaları barədə 1904 saylı qətnamə qəbul edib. Elə bu qətnaməyə əsasən də ailə üzvləri pasport qeydiyyatına düşüblər.

«O BOYDA ŞİRKƏTDİR»

Üstündən səssiz-səmirsiz 6 il ötüb. Qəflətən qapını məhkəmə döyüb:

«2011-ci ildə Binəqədi məhkəməsindən bildirdilər ki, «Dövlət Neft Şirkəti sizin evin sökülməsi üçün iddia qaldırıb. Məhkəmə iclası təyin olunanda dəvət edəcəyik». Ancaq məhkəmədən səs çıxmadı. Mən də özüm durub getdim, maraqlandım. Məlum oldu ki, hakim qərardad çıxarıb ki, tərəflər təyin olunmuş məhkəmə iclasına gəlmədikləri üçün iddia baxılmamış saxlanılır. Etirazımı bildirdim. Çünki o məhkəmədə iştirak etməkdə özüm maraqlı idim, söhbət evimdən gedirdi. Mənim tələbimlə ikinci məhkəmə iclası təyin olundu».

Ancaq bu dəfə də hakim eyni qərardadı qəbul etməli olub. Taqət Zeynalovun deməsinə görə, hakim ona səbəbini də bildirib:

«Dedi, «bilirsən necədir? Mən başqa qərar qəbul edə bilmərəm axı. A kişi, sən haqlısan, söz yox... Məhkəmə hələ 2005-də sənin bu mənzilə hüququnu tanıyıb, ünvan verib, qeydiyyata alıb... Ancaq özün də bilirsən ki, o şirkətin qabağında heç nə eləyə bilmərik. O boyda şirkətdir, dövlətin aparıcı şirkətidir. Ona görə də ən yaxşısı elə iddianı baxılmamış saxlayaq. Nə sənə zərəri olsun, nə bizə...»».

SOCAR YENİDƏN HƏRƏKƏTƏ KEÇİR

Beləcə, bu dəfə də hakim tərəflərin məhkəmə iclasına gəlmədiklərini qeyd edərək iddianın baxılmamış saxlanması barədə qərardad çıxarır. 4 il ötür. Yenə şirkətdən səs-səmir çıxmır. 2015-ci ildə Dövlət Neft Şirkəti növbəti dəfə sükutu pozur:

«Dedik, yəqin özləri də başa düşdülər ki, addımları əsassızdır, əl çəkdilər. Rahat nəfəs aldıq. Ötən il yenə qapıya bildiriş gəldi. Bu dəfə əvvəlkilərdən fərqli olaraq daha qərardad çıxarılmadı. Binəqədi rayon Məhkəməsi qətnamə çıxartdı ki, Dövlət Neft Şirkətinin iddiası əsassızdır. 2005-ci ildə elə həmin məhkəmə tərəfindən bizim həmin ünvana qeydiyyatımız və hüquqlarımız barədə çıxarılmış qətnaməni əsas gətirdi».

Dövlət Neft Şirkəti Binəqədi rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti versə də, təmin olunmayıb. Şirkət kassasiya şikayəti verib. Ali Məhkəmə apellyasiya məhkəməsinin qətnaməsini ləğv edib.

«İDDİAYA HEÇ ALİ MƏHKƏMƏ DƏ BAXA BİLMƏZ»

Ancaq Dövlət Neft Şirkəti bununla da kifayətlənməyib. Zeynalovların həmin ünvana hüquqlarının tanınması ilə bağlı 2005-ci ildə Binəqədi rayon Məhkəməsinin çıxardığı qətnamənin ləğvi üçün ötən ilin iyulunda apellyasiya şikayəti verib:

«Dövlət Neft Şirkəti həmin qətnaməni məhkəməyə müraciət etməmişdən 3 il 5 ay əvvəl alıb. İddia müddəti isə 3 ildir. Bu iddiaya heç Ali Məhkəmə də baxa bilməz. Yalnız Ali Məhkəmənin Plenumu baxa bilər. Bununla belə Bakı Apellyasiya Məhkəməsi 10 il əvvəl çıxarılmış qətnaməni Dövlət Neft Şirkətinin təzyiqi ilə ləğv etdi».

Zeynalovlar Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Şikayətə hələ baxılmayıb.

TORPAQLAR BU GÜN DƏ SATILIR

Taqət Zeynalov deyir, məsələ burasındadır ki, Dövlət Neft Şirkətinin iddia etdiyi həmin torpaqlar bu gün də satılır, alınır, evlər tikilir və hazırda da orada tikintilər aparılır:

«Dövlət Neft Şirkətinin iddia etdiyi Binəqədi qəsəbəsində azı 160 min ailə yaşayır. Bu ərazinin torpaqlarını hələ də bələdiyyə insanlara satmaqda davam edir. Adamlar aldıqları torpaqlarda evlər tikirlər, sonra da şirkət həmin evlərin sökülməsi üçün məhkəməyə üz tutur. Bu, nə məntiqdir? Adamların həyatları ilə oynayırlar. Bu ev insana 3-5 manata başa gəlmir, insan bütün həyatını səfərbər edir, borca- xərcə düşür, istəyir isti ocağı olsun, kimsə kənardan güdür, insan rahat həyatını quran kimi canavar kimi üzərinə tullanıb alt- üst edirlər. Əgər bu ərazilər neft şirkətinindirsə, niyə göz qabağında satılan torpaqlara vaxtında sahib çıxmır, niyə tikinti vaxtı gəlib adamların başının üstünü almırlar? İnsanları zərərə, ürəkağrısına salırlar. Bələdiyyələrin bu torpaqları satmaq kimi hüququ varsa, onda Neft Şirkəti adamlardan nə istəyir?».

Taqət Zeynalov deyir, yeni tikililərə qaz, işıq, su çəkilir, dövlət sayğac qoyur. Elə qaz çəkilişinə icazəni, sayğacı Dövlət Neft Şirkətinin öz qurumu olan «Azəriqaz» ASC verir.

Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Neft Şirkəti həmin ərazidəki yüzlərlə evin söküntüsü ilə bağlı məhkəmədə iddialar qaldırıb və bu iddialar təmin olunub. Dövlət Neft Şirkəti iddia edir ki, ərazi zəbt olunub, burada evlər tikildiyi üçün şirkət torpaqlardan səmərəli istifadə edə bilmir. Şirkət iddiasında evlərin elə ev sahibləri tərəfindən sökülməsini tələb edir.

XS
SM
MD
LG