Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:50

Yüklər Aktau limanında niyə ləngiyir?


Aktau limanında yük maşınları - yanvar 2016
Aktau limanında yük maşınları - yanvar 2016

-

2016-cı il yanvarın 1-dən Rusiya Türkiyədən kənd təsərrüfatı və ərzaq məhsullarının gətirilməsinə qadağa qoyub. Buna görə də Türkiyədən Qazaxıstana və Orta Asiya ölkələrinə göndərilən malları Xəzər dənizi ilə Aktau limanından daşıyırlar.

Bundan başqa, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə azad ticarət zonası barədə müqavilənin ləğvi ilə bağlı fərman imzaladı. Bundan sonra Ukraynadan Orta Asiyaya gedən mallar da Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Aktau limanından daşınır. Amma yük maşınlarının sürücüləri Aktau limanında yüklərin rəsmiləşdirilməsi zamanı yaradılan süni əngəllərdən və həftələrlə ləngimələrdən şikayətlənir.

Qırğızıstandan olan Murat adlı sürücü deyir ki, onun «TIR Carnet» adlı beynəlxalq yükdaşıma sənədi var. Bu sənədə əsasən, yük 50 min dollardan artıq deyilsə, dərhal rəsmiləşdirilməlidir. Onun yükü cəmi 20 min dollarlıqdır. Ancaq ondan əlavə ödəniş qarşılığında yükünə mühafizəçi götürməyi tələb edirlər.

Narazı sürücülər gömrük postunun rəisi ilə görüşdə.
Narazı sürücülər gömrük postunun rəisi ilə görüşdə.

QURUNUN ODUNA YAŞ DA YANIR

Aktau gömrük postunda hər 10 yük maşınına bir mühafizə maşını təhkim olunur. Bu xidmətə görə sürücülərdən hər kilometrə görə 2.5 avro alınır. Gömrük postunun rəisi Talgat Karimov-un dediyinə görə, Dövlət Gəlirləri Komitəsinin 7 oktyabr 2015-ci il qərarına əsasən, Qırğızıstana yükdaşımalar gömrük müşayiəti ilə həyata keçirilir. Məqsəd də bəzi malların Qırğızıstana çatmadan yolda Qazaxıstana boşaldılmasının qarşısını almaqdır.

Türkiyədən Qırğızıstana yük daşıyan İlgar adlı sürücü qurunun oduna yaşın yanmasından gileylənir: ««TIR Carnet» müəyyən müddət üçün verilir. Həmin müddətə biz malı mütləq təyinat yerinə çardırmalıyıq. Hansısa yük Qırğızıstana gedib çatmırsa, bundan biz niyə əziyyət çəkməliyik!?».

Bu kimi ritorik sualların müəllifləri indi Qırğızıstana çatana kimi Qazaxıstan ərazisində gömrük müşayiətinə görə azı 1000 avro ödəməli olurlar. Onlar həm də Aktau limanında minimum şəraitin belə olmadığını deyirlər.

Aktauda gömrük postu
Aktauda gömrük postu

BAKIDA 7 DOLLAR ÖDƏYİRSƏN, HƏR ŞƏRAİT DƏ VAR

Türkiyədən Qırğızıstana mal daşıyan Ahmet Pamuk şəraitsizlikdən hiddətlənir: «Beşinci gündür ki, burdayam. Özüm də çox yorulmuşam. Tualet, duş, kafe, heç nə yoxdur. Maşının burda dayanması üçün gündə 3220 tengə (8.8 ABŞ dolları) ödəyirəm. Bakıda 7 dollar ödəyirsən, nə qədər istəsən qala bilərsən. Özü də orda hər şərait var».

Ahmet deyir ki, Türkiyədə maşını on dəfə çəkiblər, heç bir problem çıxmayıb. Amma Aktauda maşını tərəziyə çıxarırsan, problem olmasa belə, 100 dollar rüşvət verməli olursan.

«Avropada bərə ilə limana qədər gedirsən, yanacağın qurtarıbsa, pulunu verib yanacaq doldura bilirsən. Burda isə əlavə 100 dollar tələb edirlər. Əsl korrupsiyadır», -- deyə İlgar əlavə edir.

Aktau limanının korporativ inkişaf idarəsinin rəisi Elena Pogosova isə Bakı limanının üstünlükləri və ucuz tariflər haqda sürücülərin iradına lakonik cavab verib: «Bizi başqa ölkələrlə müqayisə etməyin. Sualınızı yazılı şəkildə ünvanlayın».

XS
SM
MD
LG