Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:34

Çeçenistanda Kadırov qülləsi tikilir


Qroznıda "Ahmet Tower"
Qroznıda "Ahmet Tower"

Çeçenistanın paytaxtı Qroznıda Avropa və Rusiyada ən yüksək göydələnlərdən birinin tikintisinə başlanılıb. “Ahmet Tauer” adlanacaq tikili qədim çeçen keşikçi qülləsi stilində inşa ediləcək. Bina 108 mərtəbədən ibarət olacaq. Bu haqda AzadlıqRadiosunun çeçen xidməti məlumat verir.

400 metr hündürlükdə olacaq binada ofislər, 500 otaqlı hotel, təxminən 100 məznilli “lüks” apartament, fitnes-mərkəzlər və hovuzlar, eləcə də Ahmat Kadırovun muzeyi olacaq. Layihəyə görə uca “çeçen qülləsi”ndə baxış və helikopter meydançaları da nəzərdə tutulub.

Bu tikilinin təxmini dəyəri 120-500 milyon dollar arasındadır.

GÖYDƏLƏNİ “BURC XƏLİFƏ”-Nİ TİKƏNLƏR İNŞA EDİR

“Ahmet Tauer”-in özülünün qazılmasına başlanılıb. Bunun üçün hələlik 100 işçi və 12 ədəd xüsusi texnika cəlb olunub. İki həftə sonra gələcək qüllənin tikilməsinə başlanacaq. Torpağa 65 metr dərinlikdə 216 dəmir-beton dirəklər basdırılacaq. Onlardan hər birinin diametri 1,5 metr olacaq. Bu işi Almaniyadan gələn mütəxəssislər tutacaqlar. Bu məlumatı isə “Kafkazskiy uzel” yayıb.

Çeçenistanda keçmiş respublika başçısının şərəfinə göydələn qüllə tikilməsi niyyəti hələ 2013-cü ildə bəyan edilmişdi.

Binanın tikintisinin texniki və maliyyə təminatı ilə Emaar Properties şirkəti məşğuldur. Adıçəkilən şirkət Dubaydakı 830 metr hündürlükdə olan məşhur “Burc Xəlifə”-ni tikib.

Layihənin kuratoru Dövlət Dumasının deputatı Adam Delimxanovdur.

Çeçenistanın 2016-cı il üçün dövlət büdcəsində xərclərə 58 milyard rubldan çox vəsait ayrılıb. Bununla belə, respublikanın əlavə 10 milyard qazanc əldə edəcəyi deyilir. Yerdə qalan 48,5 milyard rubl isə “federal büdcədən havayı daxilolmalardır”.

Daha əvvəl respublikanın büdcə işçiləri anonimlik şəraitində şikayət edirdilər ki, onları əməkhaqlarının 5-10 faizini prezident Ramzan Kadırovun şəxsən nəzarətdə saxladığı Ahmet Kadırov adına fonda köçürməyə məcbur edirlər. Çeçen hökuməti isə büdcə işçilərinin bu addımı könüllü atdığını bildirir.

XS
SM
MD
LG