Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Ana övladının ölümündə həkimləri günahlandırır


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Bir ana kimi övladımın qanını yerdə qoymaq fikrim yoxdur. Bu işin sonuna qədər gedəcəyəm. Qızımın ölümünə bais olmuş həkimlərin cəzalandırılmasına nail olacağam».

2016-cı il Mətanət Məmişovanın həyatına nəvə qığıltısıyla girəcəkdi. Özünün iddia etdiyi kimi, qızı Ülviyyə həkim səhlənkarlığına tuş gəlməsəydi…

ƏVVƏL KOMAYA DÜŞÜB

23 yaşlı Ülviyyə Abbasova Göygöl Rayon Xəstəxanasının doğum şöbəsində qeysəriyyə yolu ilə bətnindəki ölü döldən azad olduqdan az sonra öz vəziyyəti də ağırlaşıb. Ananın deməsinə görə, Ülviyyə məhz həkimlərin ona baxımsız yanaşmasından koma vəziyyətinə düşüb:

«Ülviyyə hamiləliyin 35-ci həftəsində özünü yaxşı hiss etmədi, həkimə müraciət etdi. Dedilər ki, uşaq bətnində ölüb. Göygöl xəstəxanasının doğum şöbəsində qeysəriyyə yolu ilə ölü dölü bətnindən götürdülər. Qızımın vəziyyəti ağırlaşırdı, bunu özləri də görürdülər. Başımızı itirmişdik. Xəstəyə baxan yox idi. Onun-bunun üstünə qaça-qaça qaldıq. Vəziyyəti dəqiqəbədəqiqə ağırlaşan qızıma tibbi yardım göstərməkdənsə, ötür-ötür oyunu oynayırdılar».

BƏTNİNİ YAXŞI TƏMİZLƏMƏMİŞDİLƏR, CİYƏRİ PARTLAMIŞDI

Ana deyir, vaxtında tibbi müdaxilənin olmaması üzündən qızı koma vəziyyətinə düşüb:

«Dölü götürəndən sonra bətnini təmizləməmişdilər. Qaraciyəri dağılmışdı. Biz bunu sonradan bildik. Görəndə ki, tibbi xidmət sıfırdır, bunların əlinə diri düşən ölü çıxar, məcbur qalıb götürüb gəldik Bakıya».

Dekabrın 31-də Ülviyyə Abbasovanı Respublika Klinik Xəstəxanasına götürsələr də, gec olub. İki gün sonra – yanvarın 2-də o, dünyasını dəyişib.

Mətanət Məmişova deyir, qızı hamiləlik dövründə hər ay müayinədən keçib, vəziyyəti də yaxşı olub: «Bunların əlinə düşən kimi vəziyyəti ağırlaşdı».

10 GÜNƏ 3 ANA, 3 KÖRPƏ ÖLÜMÜ

1 aydır ki, ölüm faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda CM-nin ehtiyatsızlıqdan adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. Prokurorluqdan bildirilib ki, adları çəkilən tibb işçiləri dindirilib, ananın iddiaları araşdırılır. Kimin günahkar olduğu isə Məhkəmə Tibbi Ekspertizanın rəyi istintaqa onlara daxil olduqdan sonra bilinəcək.

Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası 2015-ci ildə 23 ananın öldüyünü açıqlayıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında isə göstərilir ki, 2015-ci ildə Azərbaycanda bu rəqəmdən iki dəfə çox, 48 ana ölümü baş verib. 2016-cı ilə gəlincə, ilk ongünlükdə 3 ana və 3 körpə ölümü qeydə alınıb. Bunu da Nazirliyin Doğuşa Yardım Komissiyası açıqlayıb.

XS
SM
MD
LG