Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:44

Lirə düşür, Mərkəzi Bankın «sancısı» artır


Türk lirəsi
Türk lirəsi

-

«The Financial Times» yazır ki, Türkiyədə milli valyuta – lirə düşür, ancaq ölkənin Mərkəzi Bankı gərəkən tədbirləri görmək əvəzinə, məzənnəni saxlamağa çalışır. 2008-ci ildə lirə təxminən dollarla yanaşı addımlayırdı, indi isə bir dollar, demək olar, 3 lirədir. Təkcə ötən il lirə dəyərinin 20 faizini itirib. Bu, həm xarici valyuta borcu olan korporasiyaları, həm də sıravi istehlakçını narahat etməkdədir.

«Türkiyə belə olmamalıdır, Mərkəzi Bank siyasətini normallaşdırmalıdır», - «Nomura» investisiya bankından Tim Ash deyir. «Lirəni müsbət məcraya yönəltmək çox vaxt aparmaz».

Bəzi iqtisadçılar Mərkəzi Banka prezident Recep Tayyip Erdoğan-ın siyasi təzyiqindən şübhələnirlər. «Bloomberg» yazır ki, ötən il xarici investorlar Türkiyə birja və fondlarındakı 10 milyard dollarlıq səhmlərini satıblar, bununla valyutanın çöküşü daha da sürətlənib.

«The Financial Times» 7 iqtisadçını danışdırıb, hamısı bankın uçot dərəcələrini - hətta inflyasiyaya baxmayaraq - tezliklə qaldıracağını gözləmədiyini söyləyib. Yanvarda inflyasiya 9.6 faizə çatıb ki, bu da dekabrdakından 1.8 faiz çoxdur. Bu il isə bankın mövqeyi lap həssasdır, müdiri Erdem Başcı-nın müddəti bitir, hələlik varisi elan olunmayıb. İlin sonunda bankın Maliyyə Siyasəti Komitəsinin vəzifəlilərinin çoxu dəyişməlidir. «Goldman Sachs» bunu qeyri-müəyyənliyin əsas mənbəyi adlandırıb.

Erdoğan yüksək faiz dərəcəsinə qarşı çıxır, bunun inflyasiya yaratdığını deyir, ötən il Başçı-nı dərəcələri kəskin azaltmadığı üçün «satqın» adlandırıb.

Məqalədə vurğulanır ki, lirənin dəyərsizləşməsi ixracı stimullaşdırmayıb: Türkiyə xaricə, əsasən, baha olmayan istehlak malları və ərzaq satır. Rusiya və Suriyada müştərilər siyasi məsələlərə görə geri çəkilib. Neft ucuzlaşdığından Yaxın Şərq də daha az mal alır.

«Deniz Invest»də baş iqtisadçı Özlem Derici deyib ki, ən pis halda bir dollar 3.50 lirəyə bərabərləşə bilər, ancaq o, ilin sonunadək məzənnənin 3.20 TL olacağını gözləyir.

Bəzi təhlilçilərin fikrincə, uçot dərəcəsinin qaldırılması belə investorların geri qaytarılmasıyla nəticələnməyəcək. E.Başçı isə ötən ay «Bloomberg»ə bildirib ki, lirə avqustdan bəri möhkəm dayanıb və inflyasiyanın 2018-ci ilədək 5 faizə düşəcəyini gözləyir.

R.T.Erdoğan
R.T.Erdoğan

ERDOĞAN-IN YENİ SULTANLIĞI

«The Economist» yazır ki, Recep Tayyip Erdoğan və onun hakim AK partiyasının hakimiyyəti dövründə Türkiyə varlanıb, özünə inamı artıb. Ancaq partiyanın ölkəni «dəmir əl»lə idarə etməsi əks təsirə də malikdir.

Erdoğan 1994-cü ildən İstanbulun meri, 2003-cü ildən ölkənin baş naziri, 2014-cü ildən isə prezidenti olub. Tənqidçilər onu gələcək Sultan, pərəstişkarları isə milli ruhu dirçəltmiş şəxs kimi baxırlar. Cənab Erdoğan bir sıra transformasiyalara nail olub, bəzi bölgələri yoxsulluğun dibindən çəkib çıxarıb. Ölkə regionda iqtisadi gücə, həm turizm mərkəzinə, həm də qaçqınlar üçün sığınacağa çevrilir. Eyni zamanda, enerji, ticarət və nəqliyyat qovşağı kimi də rolu artır:

«Bu gün bossun kim olmasına şübhə yoxdur. Ankaradakı məmurlar saraydan gələn kiçicik pıçıltıya da reaksiya verirlər... Erdoğan, şübhəsiz, 2019-cu ilin sonunadək Türkiyə siyasətində dominant rolda olacaq, ola bilsin, müddəti bitəndən sonra da davam etsin: bəziləri onun 2023-cü ili gözaltı etməsindən söz açır. Həmin il Türkiyə Respublikasının 100 illiyi keçiriləcək. O vaxta qalsa, Atatürk-dən də uzun müddətə dövləti idarə etmiş olacaq».

Yazıda kürd məsələsinin, eləcə də iqtisadi çətinliklərin hakim partiya üçün yaratdığı problemlərdən də söz açılır. Üstəlik, Erdoğan və partiyasının narazılara qarşı dözümsüzlüyü də gözlənən əngəllərdən xəbər verir.

R.T.Erdoğan İstanbulda tərəfdarları qarşısında çıxış edir -2014
R.T.Erdoğan İstanbulda tərəfdarları qarşısında çıxış edir -2014

«İTİRƏN TÜRKİYƏ XALQIDIR»

«The Independent» qəzetində Robert Ellis isə prezident Erdoğan yüksəldikcə, bundan Türkiyə xalqının, tənqidçilərin və siyasi opponentlərin itirdiyini vurğulayır. Hakimiyyət tənqidilərə «satqın», «terrorçu» damğası vurmaqdan çəkinmir.

Erdoğan bütün kürd yaraqlılarını məhv etməyi qarşısına məqsəd qoyub. Noyabr seçkilərində terrora qarşı müharibədə dəstək istədi, nəticədə AKP elektoratın yarısının sayəsində bir daha təkpartiyalı hökumət formalaşdırdı. Türkiyənin veteran jurnalisti Kadri Gürsel deyir ki, buna görə Erdoğan-a – «Makiavelli hiyləgərliyi ilə müstəsna taktiki qələbənin memarı»na təşəkkür etmək gərəkir.

«İtirən Türkiyə xalqıdır. İndi AKP parlamentdəki 550 yerdən 317-nə sahibdir, 330 yerin əldə olunması üçünsə yeni seçki keçirilə bilər. Məqsəd Erdoğan-a maksimum hakimiyyət vermək məqsədilə konstitusiya dəyişikliyi üzrə referendum keçirməkdir», - məqalədə vurğulanır.

XS
SM
MD
LG