Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:24

«Mərkəzi Bankın pul siyasəti bərbaddır»


Mərkəzi Bank
Mərkəzi Bank

-

İqtisadiyyatı donuq duruma salmamaq üçün irəliləyən ölkələr dövriyyəyə gen-bol milli valyuta buraxır. Hindistan, Çin, Malayziya, ümumiyyətlə Asiya və Latın Amerikası ölkələri bu siyasəti banklara kredit ayırmaqla gerçəkləşdirir.

Bəs Avrasiya məkanında yerləşən Azərbaycan, daha doğrusu, bu ölkənin Mərkəzi Bankı (MB) necə davranır? Hələ ki, MB-nin manatı anbara toplaması gözə çarpır. Ötən ay iqtisadiyyatın pul bazasının 16 faiz (1 milyard 114.4 milyon manat) azalaraq 5 milyard 787.4 milyon manata düşdüyünü baş bankın özü bildirib.

«KREDİT VERMİRSƏ, AŞAĞI FAİZ DƏRƏCƏSİ KİMƏ LAZIMDIR?»

Bank məsələləri eksperti Əkrəm Həsənov MB-ninbanklara, demək olar, kredit vermədiyinə diqqət çəkir: «MB-nin faiz dərəcəsi üzdə bir sıra inkişaf etməkdə olan ölkələrlə müqayisədə aşağıdır (3%). Kredit vermirsə, faiz dərəcəsinin aşağı olması kimə lazımdır, axı? Həmin səbəbdən dövriyyədəki manat həcmi kəskin azalıb. Bu isə iqtisadiyyatı iflic edə bilər».

Ekspertin sözlərinə görə, banklar heç dollar kreditlərini də manata çevirə bilmirlər: «Deyirlər ki, manatımız yoxdur. Halbuki bir sıra borc alanlar hətta indiki məzənnə ilə də kreditini manata çevirib ödəməyə hazırdır. Yəni manat çatışmazlığı problemli borclar məsələsini də kəskinləşdirir. Borc alanlar deyir ki, əvvəlcə kreditimi manata çevirin, sonra ödəməyə davam edim».

«ƏSL BİLİK VƏ BACARIQ…»

Ə.Həsənovun fikrincə, pul siyasəti MB-nin səlahiyyətində qalıb, amma bu işi də bərbad görür: «Axı dövriyyəyə buraxacağı manatı dollara dəyişdirmək və olan-qalan valyuta ehtiyatını qorumaq istəyir. İstək düzgündür, əlbəttə. Ancaq iqtisadiyyatı iflic vəziyyətə salmaq bahasına yox. Neft gəlirləri hesabına pul siyasəti həyata keçirməyə nə var ki! Əsl bilik və bacarıq belə çətin durumda məlum olur. Və indi məlum oldu ki, bizim baş bankirdə bunların heç biri yoxdur!».

Ekspertin qənaətincə, ölkə iqtisadiyyatının manata ehtiyacı təcili şəkildə ödənməlidir: «Amma bunu elə etmək lazımdır ki, buraxılan manat dollara çevrilməsin. Deməli, banklara məqsədli manat kreditləri verilməli və həmin kreditlərin necə istifadə olunmasına nəzarət edilməlidir. MB-nin rəhbərliyi bunu edə bilmir».

XS
SM
MD
LG