Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:30

Vəkil Nardaran əməliyyatında qaranlıq mətləblərin olduğunu deyir


Nardaran
Nardaran

-

Ölkədə insan hüquqları və sosial problemlər medianın aparıcı mövzusudur.

«NARDARAN ƏMƏLİYYATINDA QARANLIQ MƏQAM KİFAYƏT QƏDƏRDİR»

Vəkil Cavad Cavadov keçən il noyabrın 26-da baş tutan «Nardaran əməliyyatı»barədə «Amerikanın səsi»nə açıqlama verib. O, bu əməliyyatda kifayət qədər qaranlıq məqamların olduğunu düşünür:

«Nardaranda olan zaman dövlət orqanları Taleh Bağırzadəni dəvət etsəydilər o bu çağırışa gedəcəkdi. Amma fikrimcə, onun könüllü gəlməsi kimlərəsə əl vermirdi. Odur ki, belə bir əməliyyat keçirildi».

Vəkilin fikrincə, T.Bağırzadənin həbsi onun ifadə azadlığının pozulmasıdır. O, müdafiə etdiyi şəxsin 2011-2013-cü illərdə həbsini xatırladır: «Onun həbs tarixçələrinə, çıxışlarına baxsanız burada T.Bağırzadənin ifadə azadlığına görə təqib olunması açıq-aşkar görünür».

Cavad Cavadov düşünür ki, Nardaran hadisələrinin siyasi səbəbləri var. Amma müdafiə tərəfi kimi birmənalı hesab edir ki, bu həbs əsassız sübutlara söykənib.

«Məsələyə sırf müdafiə taktikası olaraq yanaşıram və T.Bağırzadə özünü təqsirli bilmir. T.Bağırzadə heç kimə qarşı silah işlətməyib, dövlət əleyhinə çıxış etməyib. Fəaliyyəti kifayət qədər şəffafdır, çıxışları internet resurslarında, öz səhifəsində əks olunur. Odur ki, ittihamları qətiyyən qəbul etmirik» -deyə vəkil bəyan edib.

Vəkil T.Bağırzadənin tutulduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələr gördüyünü deyib. Qeyd edib ki, şəxsən özü işgəncənin izlərini görüb.

Bina
Bina

EVLƏR UCUZLAŞSA DA, ALICILAR AZALIB...

Azərbaycanda manatın devalvasiyasından sonra evlərin qiyməti dollarla ifadədə ucuzlaşıb. Qiymətlər ucuzlaşsa da, alıcılar xeyli azalıb.

Bu fikirlər «Azadlıq» qəzetində dərc edilən bir məqalədən götürülüb. Qəzetdə ev alqı-satqısı ilə məşğul olan Xəyal Məmmədova isnadən yazılır:

«12 ildir ev alqı-satqısı ilə məşğulam. Amma indi müraciət edənlərin çoxu evini imkansızlıqdan satışa çıxaranlardır. Əksəriyyəti deyir ki, banka kredit borcu var, onu ödəmək üçün məcburiyyətdən evini satır. Açığı indi kefindən heç kim ev satmır. 120-150 minlik evlərdə qiymətlər 20 faiz ucuzlaşıb. Amma evlərə alıcı yoxdur. Gələn müştəri də 1-, maksimum 2-otaqlı evlərlə maraqlanır».

«NBA Consulting Group»un rəhbəri Nüsrət İbrahimov da alıcı qüvvəsi azaldığı üçün daşınmaz əmlakın ucuzlaşmasını gözlənilən sayır: «Manatın devalvasiyasından sonra evlərin qiyməti dollarla ifadədə ucuzlaşdı, manatla ifadədə bahalaşdı. Məsələn, 2015-ci il fevralın 21-də ilk devalvasiyadan sonra qısa müddətdə qiymətlər 6, mart ayında isə 5 faiz bahalaşdı. Sonrakı aylarda nisbətən öz məcrasına qayıtdı. Dekabr devalvasiyasından sonra da az da olsa artım müşahidə olundu. Manatla ifadədə haradasa 2 faizlik artım oldu. Amma dollarla ifadədə daşınmaz əmlak bazarında ciddi ucuzlaşma var».

N.İbrahimovun fikrincə 2016-cı ilin sonuna kimi daşınmaz əmlak ucuzlaşmaqda davam edəcək. 2017-ci ildən isə bazar nisbətən sabitləşəcək.

Xərçəng
Xərçəng

20 İLDƏ XƏRÇƏNG XƏSTƏLƏRİNİN SAYI 70 FAİZ ARTACAQ...

«Ölkədə süd vəzisi, ağciyər xərçəngi, mədə-bağırsaq traktı daha geniş yayılıb».

«Bizim Yol» qəzeti bu fikri Tibb Universiteti Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımova isnadən bildirir. N.Qasımov bu xəstəliklərin yayılmasının əsas səbəbi kimi isə ətraf mühitin çirklənməsini göstərir. Baş həkimin sözlərinə görə, bu səbəb üzündən yaxın 20 ildə xərçəngə tutulma hallarının 70 faiz artacağı proqnozlaşdırılır.

«GÖRÜNTÜ YARADIRLAR»

«Yeni Müsavat» qəzeti isə diqqəti bölgələrdə müxalifətçilərin nazirlərlə görüşə buraxılmamasına çəkir.

«Kim ki, sualları ilə nazirləri pis vəziyyətə sala bilər. elə şəxsləri görüş zalına buraxmırlar» -deyə Müsavat Partiyası Gəncə təşkilatının sədri Oktay Zeynallı qəzetə bildirib.

Qəzet bu mövzuda Müsavat Partiyası Gədəbəy təşkilatının sədri Şahin Ələkbərovun fikirlərinə də yer verib: «Biabırçı vəziyyətdir, gəlib yalançı vədlər verirlər, faktiki olaraq isə heç nə yoxdur, görüntü yaradırlar».

XS
SM
MD
LG