Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:33

«Türkiyənin ssenarisi heç yaxşı görünmür»


Suruçda kürdlərin polisdə toqquşması - 2014
Suruçda kürdlərin polisdə toqquşması - 2014

-

«Türkiyənin ümidsiz durumu real təhlükələrdən xəbər verir». «The Washington Post» qəzetində Liz Sly yazır ki, Türkiyə şəhərlərində bombalar partladıqca, düşmənləri sərhədə yaxınlaşdıqca, müttəfiqləri tələblərini rədd etdikcə, ölkə strateji bir qarabasmayla üz-üzə qalır. Dörd il öncə Türkiyə «Ərəb baharı»nın ən böyük qaliblərindən biri idi, Qərb onu bir model kimi alqışlayır, yeni patronlar və idarəçilik formaları istəyən region isə ona qucaq açırdı. Ancaq ərəb inqilablarının iflasından, geosiyasi mənzərədəki dəyişikliklərdən və Suriya müharibəsindən sonra hər şey havaya sovruldu.

«Türkiyə çoxüzlü faciəylə üzləşib», - Ankaranın İpek Universitetində beynəlxalq münasibətlər üzrə professor Gökhan Bacık deyir. «Bu ölkənin keçmişdə də problemləri çox olub, ancaq indi baş verənlər Türkiyənin həzm qabiliyyətini aşır».

İstanbulun Kadir Has Universitetinin beynəlxalq münasibətlər professoru Soli Özel-in fikrincə, Türkiyə indi tam təcrid olunmuş durumdadır: «Hər kəsi elə uzaqlaşdırıb ki, heç kəsi nəsə etməyə inandırma bilməz. Artıq bu ölkənin sözünün çəkisi yoxdur, öz maraqlarını belə qoruya bilmir. Hamıyla, müttəfiqləri ilə də ziddiyyətli durumdadır».

Müəllif yazır ki, Ankara, eyham vurduğu kimi, Suriyaya əsgərlər göndərərsə, Rusiya ilə qarşıdurmaya gedər və uduzar. Elə ötən ilin noyabrında Suriya ilə sərhəddə Rusiya təyyarəsinin vurulması da bir yanlış idi.

Suriyaya müdaxilə etməmək isə Suriyanın şimalında muxtar kürd anklavının yaranması və üsyançıların məğlubiyyəti demək olar. Türkiyə onların Assad-ı devirəcəyinə, ərəb dünyasında Türkiyənin nüfuzunu qoruyacağına ümid edirdi. Əksər müşahidəçilər Türkiyənin müdaxiləsini, azından, indilik real saymırlar. Suriyada müharibəyə ölkə ictimaiyyəti, orduda da dəstək görünmür. Ancaq Erdoğan da hədələyici bəyanatlarından qalmır.

«Erdoğan ölkəsində bəzi ambisiyalarını həyata keçirməkdən ötrü proqnozlaşdırılmayan çətinliklərlə üzləşərsə, Türkiyənin yanlış addımları da istisna olunmur. Məsələn, Erdoğan prezident səlahiyyətini artırmaq üçün ölkə konstitusiyasını dəyişmək istəyir», - professor G.Bacık deyir. «Demirəm ki, Türkiyə başını itirib, müharibə istəyir. Ancaq Ankara qəribə bir mövqedə dayanıb və sürprizlər ola bilər. Suriyadakı proseslər Erdoğan-dan ötrü ölüm-qalım məsələsidir və nəyisə istisna etmək olmaz. Bundan sonra Türkiyənin ssenarisi heç yaxşı görünmür».

Liviyada İŞİD-çilər.
Liviyada İŞİD-çilər.

İŞİD TƏHLÜKƏSİ LİVİYADAN GƏLİR

ibtimes.com «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının qərbə doğru genişlənməsindən yazır.

Cümə günü ABŞ qüvvələri Liviyada bu qruplaşmanın bazasına ilk zərbəni endirib.

«Avropanın cənubunda yerləşən Liviyadakı İŞİD bu qruplaşmanın İraq və Suriyadakı qanadlarından daha təhlükəlidir. Bu Şimali Afrika ölkəsi artıq Avropadan gələn döyüşçülərin sığınacağına çevrilib. Onlar ya İraqa və Suriyaya getmirlər, Liviyada qalırlar, ya da Avropaya dönməmişdən buraya baş çəkib növbəti vəhşilikləri planlayırlar».

Hərb Araşdırmaları İnstitutunun hesabatında deyilir ki, «İŞİD İraq və Suriyada məğlub edilsə belə, Liviyadakı sığınacağı qalacaq. İŞİD Liviya bazasından regionda sabitsizlik yaratmaq və Avropaya hücumlar məqsədilə yararlanacaq».

ABŞ kəşfiyyat rəsmilərinin CNN-ə bildirdiyinə görə, ötən il 600 liviyalı İraq və Suriyaya döyüşməyə gedib, Liviyada isə hazırda 6 min 500 İŞİD yaraqlısı var.

«Liviyadakı İŞİD döyüşçüləri bu ölkə daxilində hücumlar həyata keçirmək istəmirlər, belə bir hücum baş verməyib», - libya-analysis.com saytının təhlilçisi Jason Pack «Amerikanın Səsi»nə deyib. «Onların istəyi Liviya hökumətini zəiflətməkdir və bu səbəbdən də hökumət rəsmilərinə sui-qəsdlər təşkil edirlər».

Yazıda vurğulanır ki, ABŞ və Avropa İŞİD-in ekspansiyasından narahatdırlar. Noyabrda ABŞ Liviyadakı İŞİD liderini hədəfə alıb və öldürüb. Pentaqonun mətbuat katibi deyib ki, «bu hücum İŞİD liderlərinin nə qədər uzağa getməsindən asılı olmayaraq, onları təqib edəcəyimizi göstərir».

Qaçqın.
Qaçqın.

QAÇQINLARA CİNSİ TƏCAVÜZDƏ İTTİHAM OLUNURLAR

Almaniyada bir qaçqın düşərgəsindəki qadınlar təhlükəsizlik əməkdaşları arasında cinayətkar dəstənin onlara cinsi təcavüz etdiyini bildirir. Guya həmin banda digər şəxsləri təhlükəsizlik işçisi formasında düşərgəyə keçirir, onlar da qaçqınları zorlayırlar.

buzzfeed.com Köln yaxınlığında yerləşən düşərgədə 9 təhlükəsizlik işçisinə belə ittihamdan bəhs olunur. «Westerwaldstrasse» düşərgəsindəki qadınlar açıq məktubda qeyd edirlər ki, həmin şəxslər qadınların düşərgədən kənarda yerləşən tualetə getməsini gözləyir, onları tutub zorlayır, dəstənin digər üzvləri isə tamaşa edir. Qadınlar həmin kişilərin cinayətkar dəstə olduğunu iddia edir. Bu şəxslərin qadınları yatan yerdə, hamamda videoya çəkdiyi, həmçinin cinsi əlaqə əvəzində onlara ayrıca ev vəd etdiyi iddia olunur. Məktubda deyilir ki, təcavüzə məruz qalanlardan bəziləri azyaşlılardır.

Həmin məktub imzasız dərc olunub, ancaq polis qadınlardan birini müəyyənləşdirdiyini bildirib. Almaniyanın «Koelner Stadt-Anzeiger» qəzeti bu iddiaları irəli sürmüş 3 qadınla danışdığını yazıb.

Həmin düşərgənin təhlükəsizliyinə cavabdeh «Adler-Wache» şirkəti iddiaları rədd edib. Köln polisi də iddialardan açıq məktub vasitəsilə xəbər tutduğunu deyib.

XS
SM
MD
LG