Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:46

İran seçkisində Urmiyə gölü


Tehranda seçki plakatları.
Tehranda seçki plakatları.

-

İranda 26 fevral parlament seçkiləri öncəsi namizədlər və seçicilər həmişəkindən daha artıq ətraf mühitdən söz açırlar. «The Guardian» qəzeti bu barədə məqalə dərc edib. Qəzvin vilayətində Buin Zahra adlı namizəd seçicilərə bitki toxumları paylayır, təbiəti mühafizəni təbliğ edir. Əhvaz şəhərində isə seçki plakatına yer eləməkdən ötrü iki ağacın kəsilməsi fəallar və sakinlərin etirazına səbəb olub.

«İndiyədək İranda belə bir fikir varıydı ki, ətraf mühit məsələsini ancaq ziyalı elita qaldırır. Ancaq seçki günü yaxınlaşdıqca, namizədlərin ətraf mühit vədlərinə ictimaiyyətin inamı yüksəlir. Onlar su mənbələrinin azalması, havanın çirklənməsi məsələlərini qaldırmaqla bu səsverməni əvvəlkindən fərqləndirməyi bacarıblar».

«İranın şimal-qərbində, Yaxın Şərqin ön böyük duzlu gölü olan Urmiyə son onillikdə, demək olar, yoxa çıxıb. Qərbdə Zaqros dağlarındakı meşələr seyrəlməkdədir… Qatı duman Xuzistan vilayətində məktəblərin, hökumət idarələrinin tez-tez bağlanmasına səbəb olur. Kənd yerlərində kəskin su qıtlığı var, əhali şəhərlərə köçməyə məcbur qalır».

Yazıda qeyd olunur ki, yüzlərlə namizəd 15-bəndlik ətraf mühit paktı imzalayıb. Sənədi imzalayan namizədlərin fotoları sosial mediada yayılır. Parlament üzvləri bu paktla ətraf mühitin bütövlüyünü qorumaq öhdəliyi götürürlər.

Tehranda mötədil və islahatçı koalisiyanın rəhbəri olan Mohammad Reza Aref ətraf mühit problemlərini «milli hədə» adlandırır və deyir ki, bu problemlər növbəti parlament üçün birinci yerdə gələcək.

Ötən il dünya gücləri ilə imzalanmış nüvə sazişindən sonra İran bir sıra beynəlxalq öhdəliklərə boyun olub. Paris iqlim sazişinə görə, İran 2030-cu ilədək 35 milyard dollarlıq beynəlxalq yardım sayəsində, atmosferə qaz tullantılarını 4%, hətta 12%-dək azaltmalıdır.

MDB-nin Almatı sammiti
MDB-nin Almatı sammiti

RUSİYA DAHA ÖZÜNƏ MÜTTƏFİQ ALA BİLMƏYƏCƏK

Xərcləmələrini azaldan Kreml xarici ölkələrə ayırdığı maliyyəni də məhdudlaşdırmağı planlaşdırır. Bununla da məqsədlərini yeritməkdən ötrü ölkələrə təsir gücü azalacaq. «Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Rusiya ən vacib müttəfiqlərinə kiçik kreditləri, yaxud böyük kreditləri kiçik tranşlarla ayırmaqda davam edəcək. Moskva daha çox böyük həcmli kreditlərin verilməsində selektiv davranacaq.

Son bir ildə Rusiya Ehtiyat Fondunun, az qala, yarısını havaya sovurub. İndi Kreml kəmər sıxmağın daha bir yolunu tapıb: xarici kreditlər. Hökumət VTB bankından, eləcə də «Rosoboronexport», «Gazprom» və «Rosneft» kimi şirkətlərdən birbaşa kreditlərlə digər ölkələrdə diktəsini yeritməyə çalışırdı. Bu kreditlər heç də sərmayə deyildi, ölkələri Rusiyanın maraqlarına uyğun qərarlar verməyə şirnikləndirirdi.

«Məsələn, Ukrayna misalına baxaq. 2013-cü ilin dekabrında Rusiya Ukraynanın 15 milyardlıq borcunu ödəməyi, təbii qazın qiymətində isə 33 faizlik güzəşt təklif etdi. Kiyev dərhal Avropa Birliyi ilə assosiasiya danışıqlarını dondurdu. Rusiya borcun 3 milyardını ödədi, ancaq sonradan Ukraynada Maydan hərəkatı başlandı, rusiyapərəst hökumət devrildi. İndi Moskvayla Kiyev həmin 3 milyard dolları məhkəmə çəkişməsinə çıxarıb. Əvvəlki hökumət olsaydı, Rusiya yəqin ki, bu məbləği gözardı etmişdi».

Yazıda Rusiyanın Belarusa, Bolqarıstan, Yunanıstan və Serbiya şirkətlərinə ayırdığı kreditlərdən söz açılır. Ancaq ötən ilin ortasından Rusiyanın «bazarı ölüb». Qırğızıstanda su elektrik stansiyasının tikintisi dayanıb. İrana kredit ayrılması üzrə saziş hələ tamamlanmayıb və s. Bir çıxış yolu bu kreditləri kiçik tranşlarla ayırmaq ola bilər. Məsələn, İrana təklif olunur ki, 2.2 milyard dollar iki il ərzində verilsin. Yalnız əsas müttəfiqlərə kiçik kreditlər siyasəti hələlik davam edir. Məsələn, fevralın 19-da Ermənistana silah almaqdan ötrü 200 milyon dollar ayrılıb.

Səudiyyə qoşunları
Səudiyyə qoşunları

«Kreml bu borcları silmək siyasətini davam etdirəcəkmi? Bu, bəlli deyil. Ancaq borcları tamamilə silmək əvəzinə onları restrukturizasiya da edə bilər», - yazıda vurğulanır.

SƏUDİYYƏ ƏSGƏRLƏRİ SURİYADA

«Newsweek»də J.Matthew Mcinnis Səudiyyə Ərəbistanının Suriyaya quru qüvvələri göndərmək niyyətindən yazır. Ardınca BƏƏ, Bəhreyn və Qətər də, simvolik də olsa, bu işə qoşulacaqlarını bəyan ediblər.

«Körfəz ölkələrinin kiçik miqyasda əsgər göndərməsi Suriyada döyüşlərə elə də təsir göstərən deyil. Ancaq bu baş verərsə, Suriyada İran və Səudiyyə açıq hərbi qarşıdurmaya başlaya bilərmi?». Müəllif yazır ki, İranın bu münaqişədə mövqeyi güclənməkdədir və Səudiyyənin Suriya müxalifətinə dəstəyi onsuz da dilxorçuluq yaratmaqdadır.

Dəməşqlə Tehran dərhal Səudiyyənin açıqlamasına reaksiya veriblər. Suriyanın xarici işlər naziri Walid al-Muallem hədələyib ki, Səudiyyə əsgərləri «evə taxta tabutlarda qayıdacaqlar».

İran rəsmiləri də oxşar sərt bəyanatlar səsləndiriblər. Ancaq bu açıqlamaların arxasında ciddi narahatlıq sezilir. İran liderləri ötən ildən Səudiyyənin yeni kralı Salman-ın regional siyasətindən dilxordurlar. Ər-Riyadın Yəmənə hərbi kampaniyasını da məntiqsiz sayırlar.

«İranlılar Səudiyyənin İŞİD qruplaşmasını hədəfə alacağına inanmırlar. Əksinə, Suriya hökumətinin və İranın dəstəklədiyi qüvvələrə hücum edəcəyini düşünürlər. Əslində Səudiyyə və ya Əmirlik qüvvələrinin Suriyaya girməsindən deyil, İran və ABŞ qüvvələri arasında birbaşa toqquşmaların sürətlənəciyindən ehtiyatlanırlar», - müəllif yazır.

XS
SM
MD
LG