Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:57

Cavid Hüseynov: «Polisə xəbər verməyimə nə ehtiyac vardı?»


Cavid Hüseynov məhkəmədə - 24 fevral 2016
Cavid Hüseynov məhkəmədə - 24 fevral 2016

-

«Mən xəstəxanada Rasim Əliyevə baş çəkəndə polislər də gəldilər. Deməli, artıq hadisə polisə məlum idi. Belə olan halda, mənim təkrar polisə xəbər verməyimə nə ehtiyac vardı?».

Jurnalist Rasim Əliyevin döyüldüyünü bilib hüquq-mühafizə orqanlarına xəbər verməməkdə günahlandırılan futbolçu Cavid Hüseynov fevralın 24-də keçirilən məhkəmə iclasında belə dedi.

«DEDİM, LAZIM DEYİL, GETMƏ»

Prokurorun və vəkilinin suallarını cavablandıran futbolçu bir daha vurğuladı ki, bibisi oğlu Elşən İsmayılovun digər tanışları ilə birlikdə Rasim Əliyevi döyməyə getməsi barədə məlumatı olmayıb:

«Mənə demişdi ki, gedib onunla görüşəcəyəm. Əvvəla, görüşmək dava eləmək deyil. İkincisi, mən ona dedim ki, «lazım deyil, getmə, özüm danışdım, üzr istədi». Məşqdən çıxıb hadisə barədə internetdən oxuyan kimi xəstəxanaya getdim. Orada Rasim mənə dedi ki, beş nəfər olublar, telefonu, pulqabı götürülüb. Mən çıxıb Elşənə zəng elədim ki, «nə məsələdir, sən kimlərlə olmusan, pulqabını, telefonu kim götürüb?». Mən xəstəxanada olanda polislər də gəldi».

Cavid Hüseynov xəstəxanada olarkən, şikayət verməməsi üçün Rasim Əliyevi dilə tutması barədə deyilənləri də yalanladı: «Mən xəstəxanada olanda Rasimin xalası oğlu, ya dostu da orada idi. O da təsdiqləyə bilər ki, belə söhbət olmayıb».

«TELEFONUNU DA ÖZÜ GÖNDƏRMİŞDİ MƏNƏ»

Cavid Hüseynovun bibisi oğlu, Rasim Əliyevə ölümü ilə nəticələnən ağır xəsarət yetirməkdə təqsirləndirilən Elşən İsmayılov da məhkəmədə şahid qismində ifadə verdi. O bildirdi ki, Rasim Əliyevlə görüşə jurnalistin Facebook-da Cavid Hüseynov barədə yazdıqlarına görə yox, onun özünün anasını təhqir etdiyinə görə gedib. Onun sözlərinə görə, Cavid Hüseynovun bu görüşdən xəbəri olmayıb:

«Məni görüşə də Rasim Əliyev özü çağırmışdı, telefonunu birinci özü göndərmişdi mənə. Ora da Cavidə görə yox, ana söyüşünə görə getmişəm».

Digər şahidlər gəlmədiyindən məhkəmə martın 11-nə qədər təxirə salındı. Futbolçunun vəkili Adəm Məmmədov şahidlərin gəlməməsi üzündən prosesin lüzumsuz yubandığını əsas gətirərək, onlar barədə məcburi gətirilmə qərarının çıxarılmasını istədi. Lakin vəsatət təmin olunmadı.

Rasim Əliyev Facebook-da Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar 6 nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

XS
SM
MD
LG