Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:39

Azərbaycanı təriflədilər, söz-söhbət yarandı


Gene Davis
Gene Davis

-

ABŞ-ın Yuta ştatının iki deputatı bu yaxınlarda Azərbaycanın din azadlığına hörmətini alqışlayıb. Ancaq bu tərif ABŞ mediasının diqqətindən yayınmayıb. Axı həmin deputatlar təxminən 3 il öncə Bakıya bütün xərcləri ödənmiş bir səfər etmişdilər.

«The Salt Lake Tribune» saytında Matthew Piper bu barədə yazır.

Ötən həftə senator Gene Davis və Nümayəndələr Palatasından Lynn Hemingway ştat Senatında və Nümayəndələr Palatasında «bəy tərifi» edib, daha sonra Azərbaycanın Baş konsulu Nəsimi Ağayev danışıb. Davis senatorlara deyib ki, Azərbaycan hökuməti «müxtəlifliyə ölkənin ön böyük gücü kimi baxır».

Müəllif elə bu məqamda xatırladır ki, «Human Rights Watch», «Amnesty International», CPJ, eləcə də ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin, din azadlığı da daxil olmaqla, bir sıra sahələrdə siyasətinə dair suallar qaldırır. Tənqidçilər Rusiya və İran arasında yerləşən bu ölkənin demokratiyadan çox diktaturaya yaxınlaşdığını, fəalların, jurnalistlərin həbsə atıldığını bildirir.

Məsələ burasındadır ki, Davis 2013-cü ilin mayında Bakıya səfər edən konqresmenlərdən biri olub, ölkənin müstəqilliyinə həsr olunmuş tədbirə qatılıb.

«The Washington Post» Konqres üzvlərinin bəzi səfərlərini SOCAR-ın maliyyələşdirməsi barədə yazmışdı. Davis-i isə həmin tədbirə Pasifika İnstitutu dəvət edibmiş, o da, öz növbəsində Hemingway-i dəvət edib. Pasifika-dan qəzetə deyiblər ki, səfəri Türk (Turquoise) Şurası təşkil edib. Hyustonda mənzillənən bu təşkilat da «The Washington Post»un araşdırmasında olduğu kimi, SOCAR-a bağlıdır.

Davis və Hemingway Azərbaycanın əldə etdiyi uğurdan mütəəssir olduqlarını söyləyiblər. Müəllif Davis-in İlham Əliyev 2013-cü ildə üçüncü dəfə prezident seçiləndə ona yazdığı məktubdan sitat gətirir: «Ölkənizin vətəndaşları səsvermə hüquqlarından yararlanaraq, demokratiyaya uzunmüddətli sadiqlik nümayiş etdirdilər və sizin rəhbərliyinizə inamlarını ifadə etdilər».

«Seçkidən bir gün öncə nəticələr mobil əlavə vasitəsilə açıqlanmışdı... Ancaq Davis sonradan dedi ki, o, seçkini izləməyib, sadəcə, qalibi təbrik edib. Davis indi də deyir ki, ötən həftə Azərbaycanın din azadlığı sahəsində göstərdiyi irəliləyişi həvəsləndirmək istəyib. Axı BMT-nin Sivilizasiyalar Alyansı apreldə Bakıda illik qlobal forum da keçirəcək».

«Bu ölkənin din azadlığı sahəsində gördüyü işləri alqışladım. Keçmişləri barədə mövqe bildirdimmi? Xeyr», - Davis deyir.

Qeyd edək ki, ABŞ-ın Yuta ştatının Senatı və Nümayəndələr Palatası fevralın 17-də Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamə qəbul edib.

Ali dini lider Ali Khamenei Tehranda səs verir - 26 fevral 2016
Ali dini lider Ali Khamenei Tehranda səs verir - 26 fevral 2016

İRANDA MÜHAFİZƏKARLAR DA İSLAHAT İSTƏYİR

Fevralın 26-da İranda parlamentə və Ekspertlər Şurasına seçkilər keçirilir. «The Economist» yazır ki, İranın müqəddəs Məşhəd şəhəri daima mühafizəkarların qalası kimi tanınıb. 2012-ci ilin parlament seçkilərində sağçı «Paydari», yaxud Sabitlik Cəbhəsi partiyası Məşhəd üçün nəzərdə tutulmuş beş parlament yerinin hamısını qazanıb. Bir il sonra yerli seçkilərdə bu partiya çoxluğu əldə edib, islahatçılara yer qalmayıb.

«Ancaq nüvə sazişi və sanksiyaların qaldırılmasından sonra şəhər biznesmenlərinin dəstəklədiyi islahatçıların izləyiciləri artıb. Düzdür, mühafizəkarlar şiələrin İmam Rza kompleksini genişləndirib. Ancaq yalnız islahatçılar şəhərə xarici sərmayə cəlb edə bilər», - yazıda vurğulanır.

İslahatçıların tələblərinə Məşhəddən Tehrana gediş-gəliş müddətinin iki dəfə azaldılmasından ötrü yeni dəmiryol xəttinin salınması; magistral yolların çəkilməsi; turizmin inkişafı məqsədilə istirahət mərkəzlərinin yaradılması daxildir.

«Qərbə qarşı çıxanların yerini biz tutmalıyıq», - bir biznesmen deyir. O, mühafizəkarların onun bir italyan şirkəti ilə 400 milyon avroluq birgə müəssisəsini əngəllədiklərini söyləyir.

«Xoşbəxtliyə olan sanksiyalara son qoyun», - iqtisadiyyat professoru olan islahatçı namizəd deyir.

Ancaq mühafizəkarlar da cavabsız qalmayıblar. Onlar islahatçıların vətənpərvərliyini şübhə altına almağa çalışır, onların BBC-nin fars xidmətindən dəstək almasına lağ edirlər. «Britaniyalılara səs verməyin», - plakatların birində belə yazılıb.

«The Economist» yazır ki, «Paydari» partiyasının seçki kampaniyasının rəhbəri onların da xarici investisiyaya tərəfdar olduğunu bildirir. Ancaq bir şeydən narahatdır ki, hətta ənənəvi seçiciləri belə onların zamanla ayaqlaşmadığını düşünür.

Moskva
Moskva

DÜNYA MİLYARDERLƏRİ MOSKVADA

Rusiyada maliyyə böhranına baxmayaraq, Moskva dünya milyarderlərinin yaşadığı üçüncü şəhərdir. «The Newsweek» bunu müstəqil beyin mərkəzi olan Hurun İnstitutunun hesabatına əsasən yazır. Hesabata görə, ötən il ancaq Pekin və Nyu-York milyarderlərin sayı üzrə Moskvanı qabaqlayıb.

Sərvəti bir milyard dolları aşan 66 nəfər Rusiya paytaxtında yaşayır. Bu, ötən ildəkindən 7 nəfər azdır. Düşüşə baxmayaraq, Moskva Honq- Konqu (64) və Şanxayı (50) üstələyib.

Moskvanın ən varlı şəxsləri arasında nikel və neft maqnatı Vladimir Potanin və polad maqnatı Vladimir Lisin-in adlarına rast gəlinir, hərəsinin var-dövləti 10 milyard dolları aşır.

Özbəkistan kökənli Alisher Usmanov, Ukraynada doğulmuş biznesmen Viktor Vekselberg də Moskva oliqarxlarındandır.

Pekində 100, Nyu-Yorkda 95 milyarder yaşayır.

2014-cü ildə siyahıya Moskva başçılıq edirdi, 76 milyarderi vardı. Ancaq neftin qiyməti düşəndən, rubl ucuzlaşandan rusiyalı milyarderlərin ümumi sərvəti 36 faiz azalıb, 234 milyard dollara düşüb.

Ümumilikdə isə, hazırda dünyada rekorda sayda -, 2 min 188 milyarder var. Onların ümumi sərvəti 7 trilyon dollardan çoxdur.

XS
SM
MD
LG