Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:39

Astara və Biləsuvar gömrüyündə gördüklərimiz


Astara keçid məntəqəsinin önündə həmişə kimi, böyük bir izdiham var.
Astara keçid məntəqəsinin önündə həmişə kimi, böyük bir izdiham var.

-

Astara keçid məntəqəsinin önündə həmişə kimi, böyük bir izdiham var. Barmaqlıqların o tərəfində hər dəfə sərhədçi qapıya yaxınlaşanda, izdiham uğuldayır. Bir azdan qapı açılır. Hərə gömrüyün həyətinə daxil olmaq istəyir. Basabas düşür. Növbəyə nəzarət edənlər də geri çəkilməli olurlar. Qapını açanlar 10-15 nəfər içəri buraxdıqdan sonra çətinliklə onu yenidən qapadırlar. Uğultu bir qədər sakitləşir. Lakin heç kim yerindən tərpənmir. Hamı İran tərəfinə tez keçmək istəyir.

GECƏ SAAT ÜÇDƏN YARANAN NÖVBƏ...

Nəzarətçi deyir ki, gecə saat 3-dən buradadırlar. Adamların çoxunu o taya buraxıblar. Lakin gələnlərin ardı kəsilmir. Çünki Salyandan bu tərəfə olan rayonların sakinləri da bu keçiddən istifadə edirlər. Biləsuvar keçidi məhdud sayda adam buraxır. Astara keçid məntəqəsindən hər gün İrana iki min nəfərə yaxın adamın keçdiyi bildirilir.

İrana keçmək istəyənlər daha çox alış-verişə gedənlərdir. Astara keçid məntəqəsində Azərbaycan vətəndaşlarını 15 gündən bir buraxırlar. Hər dəfə İrana gedənlər özləri ilə 6 kiloqramlıq yük aparırlar. Geri qaydan da isə 3 blok siqaret buraxırlar. Həmin siqaretdən 20-26 manat qazanırlar. Biləsuvar keçid məntəqəsində bu imkanlar verilmir. Ona görə də hamı Astara keçid məntəqəsinə gəlir.

«İRANDA HƏM UN UCUZDUR, HƏM DƏ XƏMİR MAYASI»

İrana getmək istəyənlərdən biri deyir ki, o, xırda sahibkardır: «Balaca çörək sexim var. Dünəndən 50 kiloqramlıq unun bir kisəsi 22 manata qalxıb. Xəmir mayasının bir kiloqramı isə 8 manat 50 qəpiyə olub. İranda həm un ucuzdur, həm də xəmir mayası. İran tərəfi una icazə vermir, xəmir mayasına isə icazə verirlər. Xəmir mayasının bir kiloqramı orda 1 manat 70 qəpikdir. Çarəm nədir? Oradan gətirsəm, zərərimi ödəyərəm. Əks halda çörək bişirmək sərf etmir, çünki çörəyin qiymətini qaldırmağa icazə vermirlər».

Astara keçid məntəqəsindən hər gün İrana iki min adamın keçdiyi bildirilir
Astara keçid məntəqəsindən hər gün İrana iki min adamın keçdiyi bildirilir

«BİZDƏ FINDIQ, QOZ LƏPƏSİ OD QİYMƏTİNƏDİR»

Astara rayon sakini Fayıq Cəfərzadə deyir ki, insanları İrana ehtiyac aparır: «Bayramqabağıdır. Bizdə fındıq, qoz ləpəsi və digər məhsullar od qiymətinədir. Gedib İrandan gətirirlər. Onların arasında xəstələr də var. Lakin çoxu kasıbçılıqdan gedir. Pulları olsa, bu əziyyətə qatlaşıb İrana getməzlər. Rayon sakinləri Bakıda tikintilərdə işləyirdilər, 5-6 manat pul qazanırdılar. Orda tikinti dayanıb, qayıdıblar, iş yox, bahalaşma, günümüz yaxşı keçmir. Allahın bu millətə yazığı gəlsin».

«İNSANLARLA QUL KİMİ RƏFTAR EDİRLƏR»

Rayonun digər sakini Zabir Ağayev isə deyir ki, İrana gedənlərə, keçiddə qeyri-insani münasibət var: «İrandan təzə gəlmişəm. Sərhədyanı zonadır da. Bizim gedən yerimiz bir İrandır. Gedirik, gəzirik, bazarlıq edirik. Burda nə var ki? İranda 4 manat sığorta haqqı alırlar, bir də qadağan mallar var. Gətirməsən sənə dəymirlər. Biz tərəfdə, insanlarla qul kimi rəftar edirlər. Yaxşı deyil. Münasibət dəyişməlidir».

BİLƏSUVAR KEÇİD MƏNTƏQƏSİ...

Biləsuvar gömrük məntəqəsində isə vəziyyət fərqlidir. Biləsuvar şəhəri ilə keçid məntəqəsi arasında 18-20 kilometr məsafə var. Bu yolda daimi mini avtobuslar işləyir. Burdan Naxçıvana yük maşınları və avtobuslar da gedir. Biləsuvar keçid məntəqəsində, Astara keçid məntəqəsində olduğu kimi, sıxlıq yoxdur. Burda hər adama İrandan şəxsi istifadə üçün 2 qutu siqaret gətirməyə icazə verilir. Hər bir Azərbaycan vətəndaşı 15 gündən bir İrana gedə bilər.

Biləsuvar keçid məntəqəsi
Biləsuvar keçid məntəqəsi

«TƏMİZ MONOPOLİYA YARADIBLAR»

Cəlilabad rayon sakini Elnur Məmmədov keçid məntəqəsindən öz narazılığını belə bildirir: «Biləsuvar keçid məntəqəsində elan vurublar ki, hər bir adam 600 ədəd siqaret gətirə bilər. 600 ədəd iki blok edir. Bəzən İranda saxalyır. İran da deyir ki, bizə sizin gömrük idarəsinin rəisi tapşırıb. Yükləri alırlar. Təmiz monopoliya yaradıblar. Bilmirik nə edək? Astarada üç blok siqaret buraxırlar. Camaat Astara keçid məntəqəsinə gedir, burda şərait yoxdur. Mən burda 80 manat maaş alıram, bu, üç blok siqaret edir. Amma İranda biri 12 manat edir. Mən nə edim, hara gedim? Adi kartofu saxlayırlar. İnsanlarla yaxşı rəftar etmirlər. Qanun hamı üçün bir olmalıdır».

«PREZİDENTİMİZ ÇALIŞIR...»

Cəlilabad rayonunun digər sakini Niyaməddin Kərimov isə deyir ki, Azərbaycanda yuxarıların göstərişlərinə aşağılarda əməl etmirlər: «Prezidentimiz çalışır. Gəlirlər mağazaları yoxlayıb, gedirlər. Yoxlama müddətində qiymətlər aşağı göstərilir, yoxlama gedəndən sonra qiyməti qaldırırlar. Bizim də gücümüz çatmır. İrana bazarlığa getməyə məcbur oluruq. Gedirik İrana şəxsi istifadə üçün bir şey alaq gətirək, onu da əlimizdən alırlar, vururlar anbara. Anbara vurmayanda da, 20-25 kiloqram olan yükə 20-30 manat rüsum təyin edirlər. Həmin yükə İranda 10-15 manat veririk. İşbazlar var, onlar alver məqsədilə yük gətirirlər. Onlara dəyən yoxdur. Biz şəxsi istifadə üçün gətiririk. Heç satmağa icazə verirlər ki? Gətiririk ki, dolanaq».

XS
SM
MD
LG