Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:30

İŞİD yeni Hitler gəncləri yaradır


İŞİD-in təbliğat videosunda uşaq
İŞİD-in təbliğat videosunda uşaq

-

Hazırda Böyük Britaniyadan 50-dək uşağın «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qoşulduğu bildirilir. Onlar «gələcəyin mücahidləri» sırasında kəsilmiş başları tutur, qəddar edamlar həyata keçirməyi öyrənirlər. «The Independent» qəzetində May Bulman yazır ki, İŞİD hələ körpəlikdən uşaqlara ekstremizmə söykənən təhsil verir. Kökü nasist rejiminə gedib çıxır, «özlərindən də qəddar» nəsil yaratmağı hədəfləyirdi.

««İslam Dövləti»nin Uşaqları» adlı yeni hesabatda qeyd olunur ki, İŞİD uşaqlara məktəblər və təlim düşərgələrində bir şeyi təlqin edir – edamları izləsinlər, kəsilmiş başları tutsunlar və özləri qətlə yetirməyi öyrənsinlər. ««İslam Dövləti»nin təhsilə münasibəti nasist Almaniyasının elementlərini özündə əks etdirir», - hesabatda belə deyilir.

Hesabatı Londonda mənzillənən «Quilliam» ekstremizmə qarşı Beyin Mərkəzi hazırlayıb. Bildirilir ki, İŞİD Suriya və İraqda təhsil sisteminə nəzarəti ələ keçirib, doğuşdan ekstremizm aşılanmış güclü ikinci nəsil yaratmağa can atır.

Bu araşdırma uşaqların yer aldığı təbliğat materialları və İŞİD daxilindəki etibarlı mənbələr əsasında hazırlanıb. BMT hesabatı dəstəkləyib və çərşənbə günü parlamentdə yayılacağı gözlənilir.

Hesabatda vurğulanır ki, İŞİD təbliğatında uşaqlardan geniş istifadə olunur. Ötən il avqustun 1-dən bu il fevralın 9-dək 254 bəyanatda və ya tədbir elanında uşaq təsvirləri olub, son 6 ayda təbliğat videolarında 12 qatil- uşaq göstərilib.

Təsdiqlənməmiş məlumatlara görə, İŞİD-in «Fityan al-Islam» (İslam oğlanları) adlı gənclər qanadı var.

Özünü «İslam Dövləti», «xilafət» adlandıran İŞİD-in nəzarətindəki ərazilərdə 6 milyonadək kişi, qadın və uşağın yaşadığı bildirilir. Onlardan 30 mini əcnəbilərdir, Britaniyadan 50 uşaq var.

Suriya
Suriya

«SURİYA QAYNAR XƏTTİ»NDƏ ƏRƏBCƏ DANIŞMIRLAR

ABŞ Dövlət Departamenti Suriyada zorakılıq hallarının qeydə alınmasından ötrü «qaynar xətt» yaradıb. Ancaq operatorlardan bəziləri ərəbcə bilmir, bəzən isə telefonlara cavab vermirlər. Bu barədə «VICE news» saytında Avi Asher-Schapiro yazır.

Problemi ilk dəfə ötən çərşənbə günü, Dövlət Departamentindən maliyyələşən «Syria Direct» xəbər saytı aşkarlayıb. Jurnalistlərdən biri saytın Suriyada qeydə aldığı atəşkəs pozuntularını çatdırmaqdan ötrü «qaynar xətt»ə zəng vurur, ancaq operator Orion Wilcox adlı həmin amerikalının ərəbcə danışığını anlamaqda çətinlik çəkir. Müxbir də məcbur qalıb ingiliscəyə keçir. Ertəsi gün daha bir müxbir «qaynar xətt»ə zəng vuranda, Departament əməkdaşı ərəbcənin «qol-qanadını sındırmaqla», suallara daha çox bir sözlə cavab verməklə canını qurtarmağa çalışır.

Departamentin sözçüsü Mark Toner mətbuat konfransında etiraf edib ki, «qaynar xətt»ə qurumun könüllü əməkdaşları cəlb olunub və bəzilərinin dil qabiliyyəti yaxşı deyil. «Ərəbcə bilənləri cəlb etməyimiz çox vacibdir», - o deyib.

«VICE News» «qaynar xətt»ə davamlı zənglər edəndə 5 zəngdən yalnız 2-nə cavab alıb. Departamentinin bir əməkdaşından bunun səbəbini soruşanda deyib ki, problemlərdən xəbərdardırlar və düzəltməyə çalışırlar.

Müəllif yazır ki, «qaynar xətt»də kimin işləməyi vacibdir. Çünki təcrübəsiz operatorlar ya şəhərlərin adlarını qarışıq salır, yaxud da hərbi jarqonu bilmir. Nəticədə atəşkəs pozuntuları barədə dəqiq informasiyanın toplanması əngəllənə bilər.

«Məsələn, son 24 saat ərzində Dövlət Departamenti atəşkəsin ciddi pozulma halının qeydə alınmadığını bildirir. Ancaq «Syria Direct» saytı Homsda bir üsyançı komandirinə istinadla yazır ki, onları Rusiya və rejim qüvvələri bombalayır».

Putin-in banneri qarşısında selfi çəkdirirlər.
Putin-in banneri qarşısında selfi çəkdirirlər.

RUSİYALILARIN PUTIN-İ SEVMƏYİ

Rusiya prezidenti Vladimir Putin-i dəstəkləyənlər onun reytinqinin göyə qalxmasıyla lovğalanırlar. Amma «The Washington Post»da Michael Birnbaum bu yanaşmanı sual altına alır:

«Həmişə sual edirdim ki, Putin-ə dəstək realdırmı? Məndə belə bir güclü təəssürat var ki, realdır, ancaq adamlar Putin-i dəstəklədiklərini deyəndə, bu, bir amerikalının prezident Obama-nı dəstəkləməsiylə eyni anlama gəlmir. 16 illik hakimiyyəti dövründə rusiyalılar ona siyasəti zəbt etmiş biri kimi baxırlar. Birindən Putin-ə dəstəklə bağlı sual verəndə, sanki ondan Rusiyaya dəstək verib-vermədiyini soruşursan. Kim «yox» deyər ki?».

Məsələn, 20 yaşlı biri Putin-i güclü şəkildə dəstəklədiyini söyləyir. Ancaq ondan açıq şəkildə soruşanda ki, «Rusiyada hansı siyasətçilərin ardınca gedərdin», bircə ad da çəkə bilmir. Yəni beynində, belə görünür, Putin hər şeydən yuxarıda durur.

Rəyi soruşulanlardan bəziləri Putin-ə inandıqlarını söyləyiblər, ancaq məsələn, gündəlik dolanışıqdan narazılıq ediblər: tətilə çıxmırlar, dərman ala bilmirlər, qiymətlər qalxdığından özlərinə çox şeyi qıymırlar və sairə.

«Sanki 90-cı illərin əvvəlləridir», - siqaret damağında bir qadın belə deyir. «Putin-i sevirəm. Allah ona uzun ömür, cansağlığı versin. Ancaq ondan sonra kim gələcək, bax, bundan narahatam».

İqtisadi durumun çətinliyindən, Mərkəzi Bankdan gileylənən bir qadından Putin-ə dəstək verib-vermədiyini soruşanda da, «hə» deyib.

XS
SM
MD
LG