Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:00

Neft ucuzlaşır, Azərbaycan yardım umur


Bakı
Bakı

-

Suriyanın federallaşması müzakirə olunur; Amerika yəhudiləri İsrailə arxa çevirir? – 11 mart qərb mediasının icmalı.

ABŞ-ın NPR televiziyası martın 10-da Azərbaycanla bağlı süjetdə vaxtilə bu ekssovet respublikasının dinamik iqtisadi qovşaq olduğunuvurğulayıb. Süjetdə o da bildirilib ki, neft gəlirlərindən tam asılı digər ölkələr kimi, Azərbaycan da neftin ucuzlaşmasından təsirlənir. Nə vaxtsa böyük pullar xərcləməklə ad çıxaran Azərbaycan indi yardım umur.

Süjetin müəllifi Corey Flintoff Azərbaycanın keçirdiyi birinci Avropa Oyunlarını yada salır. Prezident İlham Əliyevdən ötrü adi tamaşa sayılan bu tədbirə 1 milyard 200 milyon dollar xərclənmişdi: «Tədbirdə Lady Gaga da oxudu. Ancaq elə tədbirin gedişində dünyada neft yarıbayarı ucuzlaşmışdı. Haaqa Strateji Araşdırmalar Mərkəzinin təhlilçisi Sijbren de Jong düşünür ki, tarixən islamçı ekstremizmlə üzləşmiş bu müsəlman ölkəsində sabitliyə təhlükə var».

«İşsizlik artır, iqtisadi geriləmə var və cihadçı təşkilatlar gənc kişiləri asanlıqla radikallaşdıra bilər», -deyən De Jong bu durumun Birləşmiş Ştatlar və Avropa, eləcə də Azərbaycanın qonşularına narahatlıq yaratdığını vurğulayır. Təhlilçinin fikrincə, neftin ucuzlaşması bu dərəcədə təhlükə doğurmamalıydı: «Neftin gəlhagəl vaxtında - barreli 100 dollar olanda iqtisadiyyatı şaxələndirməkdən ötrü heç bir iş görmədilər».

Süjetdə Azərbaycanın gəlirlərinin 75 faizinin neft-qaz ixracından asılı olduğu, aramsız korrupsiyanın tüğyan etdiyi bildirilir. Hökumət korrupsiya ilə mübarizə aparıldığını, qanunvericiliyin sərtləşdirildiyini, müvafiq komissiyanın yaradıldığını deyir. Ancaq nə faydası? Ölkə «Transparency International» təşkilatının korrupsiya indeksində 119-cu yeri tutur və Rusiya, Syerra-Leone ilə yanaşı addımlayır.

«Məncə, Azərbaycan hökuməti xalqının maraqlarını güdən hökumətdən çox, sərt strukturlu bir kriminal təşkilatdır. Bu tip təşkilata kredit ayırmazlar». Vaşinqtonda yerləşən Karneqi Beynəlxalq Sülh Fondundan Sarah Chayes belə deyir. O, «kredit» sözünü işlədərkən, Azərbaycanın iki beynəlxalq kreditora üz tutması barədə məlumatlara eyham vurur və Azərbaycan hökumətinə yalnız sərt şərtlərlə borc verməyi mümkün sayır.

«Human Rights Watch» və digər insan haqları təşkilatları da beynəlxalq kreditorlardan tələb edirlər ki, Azərbaycan hökumətinə jurnalist Xədicə İsmayılova kimi məhbusların buraxılmasından ötrü təzyiq göstərsinlər. Xədicə hökumət korrupsiyasını, prezident ailəsinin biznes maraqlarını araşdırdıqdan sonra məhkum edilib.

Hökumət beynəlxalq təşkilatlardan borc istəməsi barədə məlumatları yalanlamışdı. Hakimiyyət təmsilçiləri ölkədə fundamental insan hüquq və azadlıqlarının da tam təmin olunduğunu bildirirlər.

Suriya
Suriya

SURİYANIN FEDERALLAŞMASI MÜZAKİRƏ OLUNUR

«Reuters» yazır ki, BMT-nin vasitəçiliyi ilə Suriya danışıqlarına qoşulan böyük dövlətlər bu ölkənin mümkün federal bölgüsünü müzakirə edirlər.

Diplomatların sözlərinə görə, regional hakimiyyətlərə geniş muxtariyyət verilməklə ölkənin bütövlüyü saxlana bilər.

Suriyada vətəndaş savaşının başlanmasından 5 il ötür. Prezident Bashar al-Assad qüvvələri ilə üsyançılar arasında döyüşlər gedir. Ayrıca və daha təhlükəli qüvvə isə «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıdır.

İsveçrənin paytaxtı Cenevrədə danışıqların növbəti raundu gözlənir. Əvvəlki raund yarımçıq qalmışdı. BMT-nin elçisi Staffan de Mistura hökumət və müxalifət təmsilçiləri ilə görüşməlidir, amma tərəflər, hələlik, iştiraklarını təsdiqləməyiblər.

BMT Təhlükəsizlik Şurasının adı açıqlanmayan diplomatı agentliyə deyib ki, təkcə Rusiya deyil, eləcə də Qərb Suriyanın federal parçalanması ehtimalını gözdən keçirir və ideyalar Mistura-ya təqdim olunub. Daha bir diplomat da bu məlumatı təsdiqləyib.

Federallaşma ideyasını Rusiya irəli sürsə də, Səudiyyə Ərəbistanının dəstəklədiyi müxalifət bu həftə belə bir şeyin mümkün olmadığını söyləmişdi. «Federallaşma, yaxud Suriyanı parçalayacaq istənilən plan bizim üçün qəbuledilməzdir. Gələcək Suriyada qeyri-mərkəzçi hökuməti genişləndirməyə razılaşmışıq, ancaq federallaşma, yaxud bölücülüyə qarşı çıxırıq», - Suriya müxalifətinin koordinatoru Riad Hijabbelə deyib.

Ancaq «Reuters» yazır ki, Suriyanın federallaşması tamamilə çıxdaş olunmur. «Al Jazeera» televiziyasına müsahibəsində de Mistura deyib ki, «suriyalıların hamısı ölkənin bölünməsindən imtina edir və federallaşma danışıqlar mövzusu ola bilər». Assad da ötən sentyabrda federallaşmanı istisna etmirdi, vurğulayırdı ki, istənilən dəyişiklik suriyalıların dialoqu və konstitusiyaya dəyişiklik edəcək referendum vasitəsilə həyata keçirilməlidir.

İsrail/ABŞ
İsrail/ABŞ

AMERİKA YƏHUDİLƏRİ İSRAİLƏ ARXA ÇEVİRİR?

«Foreign Policy» dərgisi ABŞ-İsrail münasibətlərində gərginliyin artmasından yazır. Vitse-prezident Joe Biden İsrailin Şərqi Qüdsdə yəhudilərə yeni yaşayış məntəqələri salmaq planlarını tənqid edir. İsrailin Baş naziri Benjamin Netanyahu-nun ABŞ Prezidenti Barack Obama ilə görüşdən imtina etməsi barədə məlumatlar yayılıb. Bu arada Vaşinqtonla Təl-Əviv ABŞ-ın İsrailə hərbi yardımını götür-qoy edirlər.

«Pew» Araşdırmalar Mərkəzinin yeni sorğusu isə Amerika yəhudilər ilə İsrail yəhudiləri, eləcə də İsrailin özündə yəhudilərlə ərəblər arasında bir sıra məsələlər üzrə fikir ayrılıqlarını üzə çıxarıb.

İsrail cəmiyyəti yəhudi-müsəlman münasibətləri barədə fərqli fikirdədir. Ölkə yəhudilərinin təxminən 75 faizi müsəlmanlara qarşı ayrıseçkilik görmədiyini deyir. Ancaq İsraildəki hər 10 ərəbdən 8-i müsəlmanlara güclü diskriminasiyadan danışır.

İsrail yəhudilərinin 56 faizi düşünür ki, hökumət sülhdən ötrü əlindən gələni edir və 88 faiz bildirir ki, Fələstin rəhbərliyinin səylərində səmimilik yoxdur. İsrail ərəblərinin 50 faizi isə Fələstin rəhbərliyinin ürəkdən çalışdığını, 72 faizi İsrail hökumətinin sülh naminə səmimi işləmədiyini bildirir.

ABŞ və İsraildəki yəhudilər bir-birinə güclü tellərlə bağlıdır. İsrail yəhudilərinin çoxu Amerika yəhudiləri ilə oxşar taleni bölüşdüyünü düşünür. Ancaq bir sıra məsələlərə fərqli yanaşırlar. Məsələn, İsrail yəhudilərinin 42 faizi düşünür ki, İordan çayının Qərb sahilində yəhudi qəsəbələri İsrailin təhlükəsizliyinə dayaqdır. ABŞ yəhudilərinin isə yalnız 17 faizi bu fikirlə razıdır. ABŞ-da yəhudilərin 44 faizi düşünür ki, bu qəsəbələr İsrailin təhlükəsizlik maraqlarına ziyan vurur. İsrail yəhudilərinin yalnız30 faizi bu fikri bölüşür.

XS
SM
MD
LG