Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:38

İntiqam Əliyev: «Elə bir cəmiyyət qurmalıyıq ki...»


İntiqam Əliyev: Yükün bir hissəsini öz çiyinlərimə götürəcəm
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

İntiqam Əliyev: Yükün bir hissəsini öz çiyinlərimə götürəcəm

►"İkili hisslər keçirirəm"

"Ölkədə müstəqil məhkəmə sistemi yoxdur, hüquq-mühafizə orqanları hakimiyyətin “şilləvuranı” rolunda qalmaqda davam edir"

Azadlıqda ilk müsahibəsini AzadlıqRadiosuna verən İntiqam Əliyev deyib:

- İkili hisslər keçirirəm. Bir tərəfdən, desəm ki sevinmirəm, yalan olar. Sevinirəm. Çünki ilin-günün bu vaxtında istirahət eləmək yaxşı deyildi.

Çöldə dostlarımız vacib işlər görürdülər.

Bunu onlara qarşı ədalətsizlik sayırdım. Amma indi mən də yükün bir hissəsini öz üzərimə götürərəm.

Amma digər tərəfdən, məyusam, çünki çoxlu sayda dostlar həbsdədir. Səmimi deyirəm, onların azadlığa çıxmasını öz azadlığımdan çox istəyirdim. Məmnuniyyətlə yerimi onlara verərdim.

Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

Bundan başqa, düşünürəm ki, bizim həbsdən çıxmağımız işin bir hissəsidir. Elə bir cəmiyyət qurmalıyıq ki, o cəmiyyətdə insanların öz baxışlarına görə həbsxanaya düşməsi, ümumiyyətlə, mümkünsüz olsun.

Fürsətdən istifadə edib, hər kəsə təşəkkürümü bildirirəm – vətəndaş cəmiyyətinə, siyasi partiyalara, jurnalistlərə, adi insanlara. Həbsdə bu dəstəyin əhəmiyyəti çox böyükdür. Həbsdə olan dostlarıma təşəkkürlərimi çatdırıram. Onlar mənim gözümdə qəhrəmandılar. Onlar öz həbslərilə mübarizəni davam etdirirlər. Onlar öz həbslərilə azadlıq, demokratiya uğrunda hərəkatın sönməsinə imkan vermirlər. Hesab edirəm ki, həbsimiz mübarizəmizin davamı idi və həbsdə qalan dostlarımız da bu mənada, mübarizəni davam etdirirlər. Onlara dəstək olmağı, eyni zamanda, onların yolunu davam etdirməyi özümə borc bilirəm.

İntiqam Əliyev: Yükün bir hissəsini öz çiyinlərimə götürəcəm- [fotolar]

- Bir il səkkiz ayda dəyişən nə oldu?

- Təcrid olunsam da, əslində, proseslərin içində idim. Çalışırdım ki, ölkədə nə baş verdiyindən xəbərdar olum. Vətəndaş cəmiyyətinə çox ciddi basqılar oldu. İlk baxışdan belə təsəvvür yarana bilər ki, bu basqılar nəticəsində ölkədə demokratiyanın şansları çox azalıb. Amma o basqılara, repressiyalara baxmayaraq, proses dayanmırdı, gedirdi. Biz o prosesi hiss edirdik. Bu da Azərbaycan cəmiyyətinin böyük potensialından xəbər verir. Hansısa başqa xalq bu qədər basqılara, repressiyalara məruz qalsaydı, bilmirəm, yenə indiki qədər iddialı olardımı, bu prosesləri davam etdirməyə gücü çatardımı?! Bu baxımdan, hesab edirəm ki, məyus olmağa ciddi əsaslarımız yoxdur. Əgər ölkədə bir nəfər də olsa, demokrat varsa, deməli, ö ölkədə demokratiya şansı var. Bizim ölkədə onların sayı həddindən artıq çoxdur. Partiyaları da, qəzetləri də bağlaya bilərlər, vəkilləri də tuta bilərlər, amma bu ölkədə insanların azadlıq istəyi o qədər güclüdür ki, o istək uğrunda mübarizə aparan insanların qarşısını ala bilməzlər. İşıqlı gələcək qarşıdadır. Azadlıq uğrunda hərəkat nəticəsini verəcək, buna şübhəm yoxdur. Ümidlər qalır və yeni bir güclə prosesə qatılmaq fikrindəyəm. Necə ki azadlığa çıxmış dostlarım bu prosesi davam etdirirlər.

- Özünüzün də dediyiniz kimi, həbsiniz sizin üçün gözlənilən idi, bəs azadlığa buraxılmağınız necə?

- Düzü, azadlığa çıxmaq barədə düşünmürdüm, çünki özümü 7 il yarıma kökləmişdim. Fikirləşirdim ki, nə qədər lazımdır, o qədər yata bilərəm. Öz azadlığımdan daha çox dostlarımın azadlığı barədə fikirləşirdim. Çünki insan orada təkcə özünü yox, həm də dostlarını düşünür.

Bundan başqa, həbsxanada çoxlu sayda günahsız insanlar var. Həbsxanada həm də o insanların faciəsilə yaşayırsan və bu çox ağır bir şeydir. Düşünürəm ki, təkcə həbsdəki əqidə yoldaşlarımız yox, həm də günahsız həbsdə olan sıravi insanların da azadlığı uğrunda səylərimizi davam etdirməliyik.

Ölkədə müstəqil məhkəmə sistemi yoxdur, hüquq-mühafizə orqanları hakimiyyətin “şilləvuranı” rolunda qalmaqda davam edir. Qanunlar işləmir. Bu ölkədə siyasi həbslərin özü alver vasitəsinə çevrilib. Ölkədə azad media, azadlıqlar, demokratiya, müstəqil vəkillik olmadıqca, siyasi məhbus problemi də aktuallığını qoruyub saxlayacaq. Ona görə də siyasi məhbus problemini doğuran səbəblərin aradan qalxması uğrunda səylərimizi davam etdirəcəyik.

- İntiqam Əliyevi niyə həbs eləmişdilər və niyə buraxdılar?

- Azərbaycanda azadlıqlar uğrunda çalışan hər bir insan potensial qurbandır, hər an tutula bilər. Təəssüf ki, bu ölkədə azadlıq istəmək, azadlıqlar uğrunda çalışmaq, insanları maarifləndirmək, insan haqlarını müdafiə eləmək, korrupsiyaya, məmur özbaşınalığına etiraz etmək kimi əməllər cinayət sayılır. Bu işlərlə məşğul olan istənilən adamı tuta bilərlər bu ölkədə. Uzun illərdir bu “cinayətləri” törədən bir adam kimi mən də həbs olunacağımı gözləyirdim və buna hazır idim.

Məni niyə buraxdılar? Əslində, bilirəm niyə buraxıblar. Bötüvlükdə vətəndaş cəmiyyətinin, medianın, adi insanların, vəkillərimin, beynəlxalq təşkilatların, dünyada demokratiya uğrunda mübarizə aparan hərəkatın səyləri nəticəsində bizi buraxdılar.

- Səhhətiniz necədir?

- Səhhətim həmişə yaxşı olub (gülür). İndi də yaxşıyam. Çalışırdım ki, güclü olum. Bu anlamda, problem yoxdur.

- Bundan sonra vəkillik fəaliyyətinizi də davam etdirəcəksinizmi?

- Daha böyük güclə, daha böyük enerji ilə bu işi davam etdirmək fikrindəyəm. Başqa cür davranmağa, başqa cür yaşamağa haqqımız yoxdur. Bizim həyatımız təkcə bizim yox, yüzminlərin həyatıdır. Övladlarımızın ədalətli cəmiyyətdə yaşaması üçün məsuliyyət atalar kimi bizim üzərimizə düşür.

​__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG