Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:45

Azərbaycan neftdən sonrakı dövrə necə hazırlaşıb?


Bayraq Meydanı
Bayraq Meydanı

-

Prezidentin ABŞ-a gözlənilən səfəri, siyasi məhbus sayılan şəxslərin azadlığa qovuşması və ölkədə sosial-iqtisadi vəziyyət medianın aparıcı mövzusudur.

AZƏRBAYCANIN UĞURLARI…

«Azərbaycan» qəzetində «Azərbaycan regionda sabitləşdirici, barışdırıcı rol oynayır» başlıqlı yazı dərc olunub.

Yazıda ölkənin siyasi, iqtisadi inkişafından, bölgədəki rolundan bəhs edilir. Müəllif yazır ki, bugünkü dünyada təhlükəsizlik məsələsi ön plana çıxır. Azərbaycan bu sahədə nümunəvi ölkədir.

Yazıda qeyd edilir ki, Azərbaycan xalqı rahat, əmin-amanlıq şəraitində yaşayır. Müəllifə görə, ölkədə demokratikləşmə istiqamətində də mühüm addımlar atılıb.

«Azərbaycanın bölgədə artan rolunu qərəzli olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmayıb. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir»,-deyə Elnur Hacalıyev adlı müəllif yazır.

İlham Əliyev və Barack Obama
İlham Əliyev və Barack Obama

ÖLKƏ DAXİLİNDƏ ƏJDAHAYA ÇEVRİLMƏK…

«Novruz bayramında əfv sərəncamı ilə 14 siyasi məhbusun azadlığa çıxması müəyyən mənada hökumətin geri çəkilməsinin göstəricisidir».

Bu fikir «Azadlıq» qəzetində dərc olunan «Hökumətin məcburiyyətdən doğan etirafı» adlı yazıdan götürülüb.

Müəllif düşünür ki, son vaxtlar həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda hakimiyyətdən narazılıq artıb. Son günlər siyasi məhbus sayılan bəzi şəxslərin azadlığa qovuşması da prezidentin ABŞ-a gözlənilən səfəri ilə izah edilir: «Yəni, ölkə başçısının ABŞ-da yaxşı qarşılanması, xoş sözlər eşitməsi üçün siyasi məhbusların azad olunması əsas şərt idi».

Müəllif düşünür ki, hakimiyyətin geri çəkilməsi həm beynəlxalq maliyyə dəstəyi almaq, həm də gözlənilən sanksiyalardan yayınmaq məqsədi daşıyır: «Birmənalı şəkildə demək olar ki, ABŞ-da müzakirəyə çıxarılmış sanksiya məsələsi həddindən artıq sərtdir və bu qətnamənin qəbul olunması Azərbaycana qarşı təsirli «sillə» effekti verə bilər. Yəni, sanksiyaların tətbiqi hakimiyyəti dünyadan təcrid edə bilər və zəifləmiş imici sarsıla bilər».

Yazıda hakimiyyətə də mesajlar çatdırılır: «Təsdiqləndi ki, ölkə daxilində əjdahaya çevrilmək, xalqa meydan oxumaq heç nəyi həll etmir. Neftin qiymətdən düşməsi kifayət etdi ki, ölkənin nə qədər ağır durumda olması görünsün».

Neft buruqları
Neft buruqları

BİR SUALA İKİ CAVAB

«Yeni Müsavat» qəzeti isə ekspertlərlə Azərbaycanın neftdən sonrakı dövrə nə qədər hazır olmasını araşdırmağa çalışıb.

Keçmiş maliyyə naziri, hazırda iqtisadi ekspert kimi fəaliyyət göstərən Fikrət Yusifov nikbin danışıb: «Əslində, son illər az işlər görülməyib. Ötən dövrdə qeyri-neft sektorunda Ümumi Daxili Məhsulun xüsusi çəkisinin artımı kifayət qədər olub. Amma müəyyən səbəblərdən bu sahədə güclü ixrac baş verməyib».

F.Yusifovun fikrincə, sahibkarlığın inkişafı ilə bağlı son qərarlar öz nəticəsini verəcək. Bununla belə o hesab edir ki, iqtisadi sahədə neftdən asılılığa 5-6 il ərzində son qoymaq praktik baxımdan mümkün deyil: «Amma yaxın illərdə qeyri-neft sektorunda ciddi irəliləyişin əldə ediləcəyi şübhə doğurmur».

Başqa bir iqtisadçı Natiq Cəfərli isə qəzetə deyib ki, hökumətin ciddi bir plan və proqramının olması haqda danışmaq mümkün deyil. Hələ bu yaxınlarda prezidentin sərəncamı ilə iqtisadi islahatların yol xəritəsini hazırlamaq üçün yeni qrup yaradılıb.

N.Cəfərli düşünür ki, Azərbaycan islahatlara başlamaqda gecikib. O, gömürük, sahibkarlıq fəaliyyəti sahəsində qanunvericiliklə bağlı bəzi müsbət addımların atıldığını düşünür. Ancaq deyir ki, bəzi gömrük rüsumlarının çox yüksək olması faktiki sahibkarlıq fəaliyyətinə maneələr yaradır.

N.Cəfərlinin fikrincə, ölkənin ağır iqtisadi durumdan çıxması üçün qısamüddətli proqramlar olmalıdır: «Məsələn, Çexiyanın, Baltikyanı respublikaların, Polşanın təcrübəsində 300, 500 günlük proqramlar qəbul edilib və yerinə yetirilib. Azərbaycanda iki ildir ki, böhran yaşanır, ciddi problemlər var. Son bir ildə iki devalvasiya yaşadıq, amma hökumətin real addımları görünmür».

Bakıda «İnturist» oteli
Bakıda «İnturist» oteli

AZƏRBAYCAN TURİZM MƏKKƏSİNƏ DÖNDƏRİLƏCƏKMİ?

«Novoye Vremya» qəzeti isə Azərbaycanda turizm sahəsinin hansı vəziyyətdə olmasını araşdırıb. «Azərbaycan turizm Məkkəsinə döndəriləcəkmi?» başlıqlı yazıda qeyd edilir ki, Novruz tətilində bir çox İran vətəndaşları Bakıya və ölkənin bölgələrinə gəliblər.

Müəllif yazır ki, ölkənin bəzi yerlərində turizmlə bağlı infrastrukturlar yaradılıb. Amma onun fikrincə, həmin obyektlərdə qiymətlər heç də münasib deyil.
Yazıda Türkiyə nümunə kimi göstərilir: «Həmən Türkiyə 10 illər ərzində öz turizm servisini yaratdı. Beynəlxalq standartlar səviyyəsinə gətirdi, komfort şəraitə baxmayaraq qiymətlər daim əlçatan oldu».

Müəllif ölkədə yaranmış vəziyyəti rəqabətin olmaması ilə izah edir: «Lakin görünən budur ki, məmurlar və bu obyektlərin sahibləri ancaq öz gəlirləri üçün narahatdırlar. Turizmlə bağlı gurultulu bəyanatlar verilir və sonra yenə də hər şey əvvəlki kimi qalır».

XS
SM
MD
LG