Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:59

Bakıda pul qazanan aşıq: "Kasıbçılıqdı. 4 uşağım var"- [Video]


Bakıda pul qazanan aşıq: "Kasıbçılıqdı. 4 uşağım var"
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Bakıda pul qazanan aşıq: "Kasıbçılıqdı. 4 uşağım var"

►Aşıq gərək desin sözün düzünü...

“30 ildir aşıqlıq edirəm. 4 uşağım var. Ən çox əkin-biçinlə dolandırıram. Rayonda özfəaliyyətin üzvüyəm, ancaq ordan maaş almıram”

Gədəbəyli aşıq Ağəmməd Rzayev özünü küçə musiqiçisi saymır. Deyir, əyalətdən paytaxta arada şəhər əhlinin könlünü xoş etməyə gəlir. 30 ilin aşığı olan 55 yaşlı Ağəmməd Rzayev deyir ki, indi yaşadığı Gədəbəy rayonunda işi-gücü elə də çox olmadığında arada şəhərə üz tutur:

“Mən həmişə elin, camaatın içində olmuşam. Ona görə evdə qalanda özümü xəstə kimi hiss edirəm. Gərək, həmişə xalqın içində olam”.

Aşığın ən çox sevdiyi isə “Çobanbayatısı”dır. Özü də bu havanı sazda çalmır. İki barmağını dilinin altına qoyur, sehirli musiqi ətrafa yayılır. Aşıq Ağəmməd deyir ki, bu havanı bu cür ifa eləməsinin də öz xatirəsi var:

“Onda çox gənc idim. Saz almağa imkanım yox idi. Özüm də dağda, yaylaqda, biz tərəflərdəki Şahzadə, Narzan bulaqlarının ətrafında bu barmaqlarımla çalıb oxumuşam. Ürəyimin yanğısını, alovunu belə söndürürdüm”.

___________________________________________________________

Bunlara da bax:
Bakının mərkəzində son aylar bağlanan dükanlar- [Fotolar]
Ağdamda dağıntılar- [Fotolar]

___________________________________________________________

Aşıqlar necə dolanır?

İndi Ağəmməd Rzayevin sazı, Aşıqlar Birliyinin üzvü olduğunu təsdiq edən sənədi olsa da, dolanışığı elə də yaxşı deyil:

“Kasıbçılıqdı. 30 ildir aşıqlıq edirəm. 4 uşağım var. Ən çox əkin-biçinlə dolandırıram. Rayonda özfəaliyyətin üzvüyəm, ancaq ordan maaş almıram. Toylara az çağırırlar. Çağıranda ən çox kiçik el yığıncaqlarına gedirəm. Təki, gələcək yaxşı olsun”.

Aşıq deyir ki, indi aşıqların çoxunun durumu yaxşı deyil:

“Aşıqlar üçün 80-ci illərdəyaxşı idi. Tovuz mahalı da aşıqların mərkəzi idi. Aşığın dayanmağa vaxtı olmurdu. Əsgərlikdən təzə gəlmişdim. Aşıq Əkbəri, Aşıq İmranı dinləməyə gedirdim. Onda aşıqlar toylara çox gedirdi. Mən də Qazax aşıqlarının yanında şagirdlik etmək istəyirdim. Bu arada gitara dəbə düşdü. Sonra da Qarabağ müharibəsi.. İndi şou -biznesdə olan aşıqların vəziyyəti daha yaxşıdır. Sazı sağa-sola gəzdirilər. O biri aşıqlar zəif dolanır. Yenə el sağ olsun. Gədəbəy aşıqları çalıb-çağırır. Yüngül yığıncaqlara gedirik”.

“Onda dünya sənin olur”

Aşıq Qız Qalasının yaxınlığında sazını dilləndirdikcə, ətrafına xeyli tamaşaçı yığışmışdı. Özü müəllim olan Elturan Əliyev deyir ki, aşıq musiqisinə çox qulaq asmasa da, canlı ifa onu əməlli-başlı valeh edib:

“Düzü ilk dəfədir saz, aşıq görürəm. Kişi də gözəl çalır...”

Tamaşaçılardan ona pul verənlər də vardı. Aşıq Ağəmməd deyir ki, bunda qəbahət bir şey yoxdur:

“Aşıq nəmər almalıdır. Bu, birinci şərtdir. Sən də, gərək, tamaşaçının qəlbini doydurasan. Qulaq asan, gərək, sazdan öz ilhamını alsın. Bir də “Ay aşıq sağ ol” alqışını alanda dünya sənin olur”.

Sonra da sazını götürüb dövrün mədhinə başlayır:

“Dostlarım, gəlin şadlıq eləyək,

Mən deyən bu dövrandır, bu dövran,

Hər kəs öz əməyini yeyib dolansın,

Mən deyən bu dövrandır, bu dövran,

İnsan çox qırıldı, töküldü qan

Axır üzümüzə güldü bu dövran

Aşıq olan durarmı, yazmamış deyin

Mən deyən bu dövrandır, bu dövran”...

“Düzdür, dolanışıq zəifdir, ümumi iqtisadi böhrandır, dövlət də böhran içindədir. Ancaq ümumiyyətlə götürəndə, belə azadlıq, belə dövr olmayıb” -deyən aşıq sazı bir də sinəsinə basır. Tamaşa edənlər də alqışlarını əsirgəmirlər.

XS
SM
MD
LG