Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:35

Dağlıq Qarabağ münaqişəsi niyə bu qədər mühümdür?


Foto arxiv
Foto arxiv

-Ermənistanla Azərbaycanın aprelin 5-də əldə olunmuş atəşkəsə riayət edib-etməyəcəyini diqqətlə izləmək üçün çox səbəb var.

Azadlıq Radiosunun müxbiri Charles Recknagel bu səbəbləri yazısında belə izah edir.

Genişmiqyaslı hərbi əməliyyatların başlanması, əvvəla, mübahisə predmeti olan Dağlıq Qarabağ yaxınlığından keçən neft-qaz kəmərlərini, eləcə də Avropanın Xəzərin enerji ehtiyatları hesabına Rusiyanın neft-qazından asılılığını azaltmaq ümidlərini təhlükə altına alar.

Foto arxiv
Foto arxiv

İkincisi, münaqişənin eskalasiyası Rusiyanın Suriyaya müdaxiləsindən və Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurmasından sonra münasibətləri onsuz da gərginləşmiş Ankara ilə Moskvanın münaqişəyə cəlb olunmasına gətirib çıxarar.

Boru kəmərləri

Xəzərin karbohidrogen ehtiyatları Avropaya iki yolla ixrac olunur: Rusiyadan keçən şimal-qərb yolu və Cənubi Qafqazdan keçən cənub-qərb yolu. Lakin Rusiyanın öz enerji ehtiyatlarından Gürcüstan və Ukrayna kimi ölkələrə təzyiq vasitəsi kimi istifadə etməsi və bəzən bundan digər Avropa ölkələrinin də əziyyət çəkməsi səbəbindən Avropa şimal-qərb yoluna elə də bel bağlamır. Cənub-qərb yoluna bəslənən ümidlər isə, nə qədər ki Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, məhdud olaraq qalır.

Foto arxiv
Foto arxiv

“Dağlıq Qarabağ münaqişəsinin alovlanması bu ixrac yoluna təsirsiz ötüşməz. Bu yol ilk növbədə Azərbaycan üçün, sonra Türkiyə üçün, son nəhayətdə isə bütün Avropa və qlobal iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edir”, -- Kiprdəki Nikosiya Universitetinin enerji, geosiyasət və iqtisadiyyat üzrə professoru Theodoras Tsakiris bu fikirdədir.

Onun fikrincə, hərbi əməliyyatlar davamlı hal alsa, Azərbaycan bu yoldan keçən neft-qaz kəmərlərini təhlükəsizlik səbəbindən bağlaya bilər.

Avropaya ən çox neft kəmərinin bağlanması təsir edər. Bu kəmər Bakıdan Ceyhana gündə 1 milyon barrel neft daşıyır . Bunun da çoxu Avropa və İsrailə gedir. Bu isə neft tələbatının 35%-ni Rusiyanın hesabına ödəyən Avropanın bu məsələdə Moskvadan asılılığı azaltmaq planlarına hec cür uyğun olmaz.

Qaz kəmərinin bağlanmasının Avropaya təsiri nisbətən az olar. Çünki hazırda Azərbycanın ixrac etdiyi 9 milyard kub metr qazın hamısını Türkiyə alır. Amma hər halda, Brüssel neftdə olduğu kimi qazda da Rusiyadan asılılığını azaltmaq niyyətindədir. Hazırda Avropa İttifaqı qaz ehtiyacının üçdə birini şimal ölkəsi hesabına qarşılayır.

Foto arxiv
Foto arxiv

​O, 2020-ci ilədək Cənub Qaz Dəhlizi sayəsində Xəzər hövzəsindən əlavə 10 milyard kub metr qaz almağı planlaşdırır. Lakin sözügedən münaqişə qaldıqca, bu cür planlar daim risk altında olacaq.

Hərbi paktlar

2010-cu ildə NATO üzvü olan Türkiyə ilə Azərbaycan Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Saziş imzalayıb. Bu sazişə görə, tərəflərdən biri hərbi təcavüzə uğrasa, digər tərəf bütün imkanlardan istifadə edərək ona yardım etməlidir.

Recep Tayyip Erdogan və Ilham Aliye
Recep Tayyip Erdogan və Ilham Aliye

Sənəddə hər il birgə hərbi təlim keçirilməsi də nəzərdə tutulur. Ötən il belə təlim Ermənistanla sərhəddə yerləşən Naxçıvanda keçirilib. Bu, müharibə zamanı Yerevanın iki cəbhədə vuruşmalı olacağı ehtimalını artırır.

Eynilə də Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsinə əsasən Ermənistan tərəfindən münaqişəyə qoşula bilər. Ermənistanda daimi hərbi bazası kimi 5 min hərbçi saxlayan Rusiya Cənubi Qafqazı özünün təsir dairəsi sayır. Bakı ilə hərbi pakt imzalamaqla, Ankara da qardaş türk dövləti hesab etdiyi Azərbaycanın onun nüfuz dairəsində olduğunu nümayiş etdirib.

XS
SM
MD
LG